“Milli Məclisin buraxılması üçün əsas var”

“Milli Məclisin buraxılması üçün əsas var”

İlqar Məmmədov: “Parlament konstitusion vəzifəsini yerinə yetirmədiyi üçün, aradan qaldırıla bilinməyən səbəblər yaranıb”

 

Xəbər verdiyimiz kimi, Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında Milli Məclisə növbədənkənar seçkilərin keçiriləcəyi barədə xəbərlərə münasibət bildirib. O, buna səbəb olmadığını deyib.

“Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm. Ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər. Ölkədə növbədənkəmar parlament seçkilərinin keçirilməsi ilə bağlı hər hansı səbəb yoxdur. Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir noyabr ayında keçirilməlidir” – Əhmədov bildirib.

 

“Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək. Bu ilin dekabrında isə növbəti bələdiyyə seçkiləri keçiriləcək” – deyə o, əlavə edib.

 

REAL sədri İlqar Məmmədov isə sosial şəbəkə vasitəsilə Əli Əhmədovun açıqlamasına cavab verib. AYNA xəbər verir ki, Məmmədov Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Azərbaycanda konstitusion əsas olduğunu yazıb.

“Bu əsas mayın 4-dən etibarən var. Konstitusiyanın 98.1-ci maddəsində deyilir: "Azərbaycan Respublikası Milli Məclisi ... bu Konstitusiyanın ... 96-cı maddəsinin II, III, IV və V hissələrində ... göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır. Xatırladım ki, 96-cı maddənin həmin bədlərində göstərilir ki, vətəndaşların 40 min imzası ilə Milli Məclisə təqdim olunan qanun layihəsi 2 ay ərzində səsə qoyulmalıdır. Yəni, səsə qoyulmursa, Prezident Milli Məclisi buraxmalıdır” – o vurğulayıb.

 

“Səsə qoymamasının səbəbi nə idi? İmzalı təşəbbüsün təqdim olunması haqqında Konstitusiyada 10 ildir qəbulu tələb olunan qanunun yoxluğu. Bu 10 ildə Milli Məclisə həmin qanunu qəbul etməyə kim mane olurdu? Heç kim. Demək Milli Məclis, konstitusion vəzifəsini yerinə yetirmədiyi üçün, "aradan qaldırıla bilinməyən səbəblər" yaranıb və bu səbəblərə görə, Milli Məclis REAL-ın 40 min imzalı qanun layihələrini iki ay ərzində səsə qoymayıb. Nəticəsi odur ki, Konstitusiyanın 98.1-ci maddəsinə əsasən, Prezident onu buraxmalıdır” – deyə İ.Məmmədov əlavə edib.

Müəllif: Ayna.az      4 İyul 2019 16:45
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin