Elman Rüstəmova qarşı ağır ittihamlar: Erməni bankının auditoru Mərkəzi Bankda nə gəzir?

Elman Rüstəmova qarşı ağır ittihamlar: Erməni bankının auditoru Mərkəzi Bankda nə gəzir?

Əkrəm Həsənov: “Mərkəzi Bankı niyə özəl auditor yoxlamalıdır? Axı o, kommersiya təşkilatı deyil”

 

“Azərbaycanda iki ən iri müflis bankın (“Bank Standard” və “Texnikabank”) və işğal olmuş əraizilərimizdə fəaliyyət göstərən erməni bankının auditoru olmuş və nizamnamə kapitalı cəmi 10000 manat olan "KPMG Audit Azərbaycan" MMC tenderi udaraq növbəti 3 il ərzində bizim Mərkəzi Bankın aditoru olacaq. Təəccübüdür, elə deyilmi?”

 

AYNA xəbər verir ki, bu barədə bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov sosial şəbəkədə paylaşım edib. Daha sonra o yazıb:

 

1. Yalnız ona görə yox ki, son 2 ildə KPMG bir sıra ölkədə (ABŞ, İngiltərə, Danimarka, Cənubi Afrika, Meksika, Latviya və s.) ifşa olunub! Korrupsiya, çirkli pulların yuyulması, qeyri-peşəakrlıq və s. ittihamların sayı artmaqda davam edir. Bəs onda görəsən bizim Mərkəzi Bank niyə özünü yoxlamağı məhz KPMG-yə həvalə edib? Dəyərləri eynidir, ona görə?!

2. Yalnız ona görə yox ki, KPMG işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən erməni bankının auditoru olub. Mərkəzi banklar qlobal maliyyə sisteminin tərkib hissəsidir və onlardan vətənpərvərlik gözləmək əbəsdir. O da ola Elman Rüstəmovun (deyilənə görə, heç ailəsi də ölkəmizdə yaşamır!) rəhbər olduğu bir mərkəzi bank! Vətənpərvər olsaydı, ölkənin maliyyə sistemini bu günə qoymazdı!

 

3. Yalnız ona görə yox ki, Azərbaycanda iki ən iri müflis bankın (“Bank Standard” və “Texnikabank”) da auditoru KPMG idi. Yoxlayanda deyirdi ki, həmin bankların vəziyyəti qənaətbəxşdir, amma həmin banklar qısa müddətdə müflis oldu, özü də dünya tarixində görünməmiş miqyasda və tərzdə. Bu məsələdə Mərkəzi Bankla KPMG hətta həmrəydir (əlbirdir!). Axı Mərkəzi Bank da uzun illər boyu həmin bankları yoxlayıb və fəaliyyətlərini qənaətbəxş hesab edib. Belə olduğu halda Mərkəzi Bank KPMG-ni deyil, kimi seçməli idi ki?

 

4. Lakin təəccüb doğuran odur ki, KPMG Auditorlar Palatasının əli ilə ötən il Mərkəzi Bankı dolayısı ilə həmin bankların müflis olmasında ittiham etmişdi. Demişdi ki, 3 dəfə Mərkəzi Banka məktub yazdıq ki, “Bank Standard”ın rəhbərliyi bizi auditi bitirməyə imkan vermir, amma Mərkəzi Bank heç bir tədbir görmədi, halbuki həmin bank qanunvericiliyi pozaraq fəaliyyətinin son 3 ili ərzində audit yoxlamasından keçmirdi. Bəs görəsən onda niyə Mərkəzi Bank məhz KPMG-ni seçdi? Niyə onu bağışladı? Bəlkə əlbir olduğu hallar o qədərdir ki, “yox” deyə bilmədi? Və ya ona elə təklif gəldi ki, imtina edə bilmədi? Axı tam nüfuzdan düşmüş KPMG üçün Mərkəzi Bankın auditoru olmaq yaranmış vəziyyətdə çox vacibdir. Bununla sanki özəl banklara və digər şirkətlərə deyir ki, görürsünüz, etdiyim qələtlərə baxmayaraq, ölkənin Mərkəzi Bankı mənə etibar edir, siz də edin! Buna görə də heç şübhəm yoxdur ki, KPMG tenderdə ən aşağı qiyməti təklif edib. Hətta havayı da edər bu işi, təki olan-qalan müştəriləri də dağılmasın!

 

P.S.

Mərkəzi Bank haqqında qüvvədə olan Qanunun əsas müəllifi mənəm. Orada işləyəndə 2003-2004-cü illərdə yazmışdım. Müzakirələr zamanı qaldırdığım əsas məsələlərdən biri o idi ki, axı niyə Mərkəzi Bankı Hesablama Palatası deyil, özəl auditor yoxlamalıdır. Mərkəzi Bankın rəhbərliyi mənə deyirdi ki, bütün dünyada belədir. Əslində, hər yerdə belə deyil! Belə olduğu halda əksər ölkələrdə dövlət də mərkəzi bankı yoxlayır. Bizdə isə 27 il ərzində Mərkəzi Bankda bir dəfə də olsun dövlət yoxlaması olmayıb. Mərkəzi Bankı onun özünün seçdiyi özəl auditor yoxlayır. Belə yoxlamanın obyektivliyinə və dövlət maraqlarına cavab verdiyinə necə inanmaq olar? Özü də nəzərə alsaq ki, elə həmin KPMG-nin yoxladığı iki ən iri bank sonradan müflis olub!

 

Ümumiyyətlə, Mərkəzi Bankı axı niyə özəl auditor yoxlamalıdır? Axı o, heç kommersiya təşkilatı deyil və məsələn, SOCAR kimi xaricdən investisiya və ya kredit cəlb etmir. Bu audit yoxlamasının nəticəsi kimə lazımdır? Yalnız dövlətə? Bunun üçün Hesablama Palatası var və yoxlamanı da o həyata keçirməlidir. Özəl auditora isə hər il yüz minlərlə dollar məbləğində vəsait ödəməyə, yəni israf etməyə lüzum yoxdur…

Müəllif: Ayna.az      4 İyul 2019 12:11
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar