Azərbaycanda kimlərə sağlığında heykəl qoyaq - Hacı Madər, Fəxrəddin Manafov, Qarabağın xilaskarı...

Azərbaycanda kimlərə sağlığında heykəl qoyaq -                   Hacı Madər, Fəxrəddin Manafov, Qarabağın xilaskarı...

“Binəqədinin deputatı Hacı Madərə. Neçə illərdir Milli Məclisdə heykəl kimi oturub”

 

Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoymuş Cabir Novruz məşhur "Sağlığında qiymət verin insanlara" şeirində deyirdi ki, “Sizdən rica eləyirəm milyon kərə, şairlərə sağlığında hörmət edin, sağlığında heykəl qoyun ölməzlərə…”

 

Mərhum Xalq şairinin bu misraları, əslində çoxumuzun istəyidir. Əksəriyyətimiz arzu edir ki, xalq, dövlət naminə, həmçinin elm, mədəniyyət, incəsənət və s. sahələrdə xidmətləri olmuş hansısa şəxslərə sağlığında heykəl qoyulsun. Axı biz, Ramiz Rövşənin təbirincə desək, gilası mürəbbə, quzunu kabab, şairi heykəl tək xoşlayan xalqıq.

 

Maraqlıdır, indi Azərbaycanda kimlərə sağlığında heykəl qoymaq olar? Bu suala cavab tapmaq məqsədilə çox da çətinə getməyib, sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirdik. Sorğuda iştirak edənlərin cavablarını təqdim edirik:

 

Qalib Əsədov: “Çingiz Abdullayevi düşünürəm. Bəzi zəif əsərləri olsa da, Azərbaycanın xaricdə oxunan yazarıdır. Maraqlı və işıqlı fikirləri var. Xüsusən Baltikyanı ölkələr və Sankt-Peterburqda onun nə qədər sevilməsinin şahidi olmuşam. Dünya miqyasında ən çox tanınan yazıçımızdır”.

 

Vəfa Fərəc: “Vicdanlı, şərəfli, haqq yeməyən, haqsızlığa göz yummayan insanlara deyəcəkdim. Amma onlar da “Qırmızı kitab”a düşəcək qədər azdırlar”.

 

Vilayət Muxtar: “Dünyada belə təcrübədən az da olsa, istifadə olunur. Vətən, millət, dövlət qarşısında xidmətləri olan şəxslərə zamanında qiymət verilməsi çox önəmlidir. Söhbət təkcə hərbçilərdən getmir, bütün sahələrə aiddir. Məsələn, elm, idman, musiqi və digər sahələrdə Azərbaycan adına xidmət edən şəxslərə sağlığında heykəl qoyulmalıdır. Bu, şəxsi yanaşma ola bilər, amma fikrimcə, Xalq şairi Ramiz Rövşənə hekəl qoyulsa, bu, heç kim tərəfindən etirazla qarşılanmaz”.

 

Vüsal Qarayev: “Sağlığında dəyər vermək üçün kiminsə heykəlini ucaltmazdan daha vacib məsələ var. Öncə o insan rahat həyat yaşamalıdır, yaxşı yaşamalıdır, əziyyət çəkməməlidir, dövlətə, vətəndaşa, bəşəriyyətə, insanlığa xidmətlərinin qarşılığını görməlidir. Digər bir məsələ - hər layiq olana da heykəl qoyulsa, canlılara yer qalmaz”.

 

Qadir İbişov: “Məncə, Mübariz Məsimov sağlığında heykəl qoyulmağa layiq bir insandır”.

 

İlqar Atabəyli: “Binəqədinin deputatı Hacı Madərə. Neçə illərdir Milli Məclisdə heykəl kimi oturub”.

 

Əziz Əlibəyli: “Heç kimə. Heykəl qoymaq qədər mənasız iş yoxdur”.

 

Xanoğlan Heydərov: “Şəxsən mən sağlığında dəyərli ziyalılarımız Firudin Cəlilova, Rafiq Turabxanoğluna, Kərəm Məmmədliyə heykəl qoyulmasını istərdim”.

 

Kazım Kazım: “Məncə, hələ elə bir adam yoxdur ki, sağlığında və ya öləndən sonra heykəli qoyulsun. Qarabağı kim işğaldan azad edərsə, onun heykəlini sağlığında qoymaq olar”.

 

Rüstəm Muğanlı: “Fəxrəddin Manafova. Azərbaycan kinosuna xidmət edərək, yaratdığı bir-birindən gözəl obrazlara görə”.

 

Pərvanə Kazımova: “Mən ana dilimizə heykəl qoymağı təklif edirəm. Məhv olub gedib, yerində qarğa dili qalıb”.

 

Vasif Veyisov: “Azərbaycana. Nə qədər ki, nəfəs var. Bir də millətə. Məhv olmaq üzrədir”.

 

Günəş Ay: “Heç kəsə və heç nəyə!!!”.

 

Jalə Mütəllimova: "İnsanlığa heykəl qoyulsun. Çünki az qalıb, "Qırmızı kitab"a salınacaq...".

 

Mahmud Salah: "Özümə". (Qeyd edək ki, Mahmud Salah Azərbaycanın ilk və tək qaval ustasıdır)

Müəllif: Rumiyyə Miraslan      3 İyul 2019 16:17
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar