SOCAR partlayış iddialarını təkzib edir: O gəmi bizə məxsus deyil

SOCAR partlayış iddialarını təkzib edir:         O gəmi bizə məxsus deyil

İbrahim Əhmədov: “Hadisə SOCAR-a məxsus limanda baş verib və bu limana müxtəlif şirkətlərə məxsus gəmilər yan alır”

 

Bu gün mətbuatda Türkiyənin Petkim limanında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) şirkətinə aid gəmidə partlayış olduğu, hadisə zamanı bir nəfərin öldüyü, 15 nəfərin yaralandığına dair xəbər yayılıb.

 

AYNA-nın əməkdaşı məsələni dəqiqləşdirmək üçün SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovla əlaqə saxlayıb. O, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib.

 

“Partlayan gəmi SOCAR-a məxsus deyil. Hadisə SOCAR-a məxsus limanda baş verib. Bu limana müxtəlif şirkətlərə məxsus gəmilər yan alır. O demək deyil ki, liman SOCAR-ındırsa, gəmi də SOCAR-ındır”, – deyə Əhmədov bildirib.

 

SOCAR təmsilçisi partlayış baş verən gəminin İtaliyaya məxsus olduğunu qeyd edib: “Gəmiyə yük vurulan zaman qəfil partlayış baş verib. Partlayışın nədən baş verdiyi araşdırılır. Hadisə zamanı bir nəfər ölüb, 15 nəfər yaralanıb”.

 

Hadisə ilə bağlı "SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) də açıqlama verib. Bildirilib ki, iyulun 1-i saat 23:20 radələrində Petlim limanının 5 nömrəli yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan zaman İtaliya bayraqlı, “Synzania” adlı gəmidə məlum olmayan səbəbdən yanğın baş verib. Çevik üdaxilə nəticəsində yanğın söndürülüb, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir.

 

O da qeyd olunub ki, gəminin bütün əməkdaşları təxliyə edilib, bir nəfər tələf olub, qazdan zəhərlənən 1 nəfər isə müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilib. Yanğının başvermə səbəbi araşdırılır.

Müəllif: Təranə Xudabaxşiyeva      2 İyul 2019 11:46
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar