Dünya çempionunun həlak olduğu qəza barədə: “Qadının ucbatından baş verib"

Dünya çempionunun həlak olduğu qəza barədə: “Qadının ucbatından baş verib"

“Fərhad qadının avtomobilini vurmamaq üçün qarşı yola çıxıb və başqa avtomobillə toqquşub”

 

Xəbər verildiyi kimi, MMA döyüş növü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov yol qəzası keçirib. İdmançı "Koroğlu" metrostansiyasının yaxınlığında özünün "Niva" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hyundai" markalı avtomobillə toqquşub.

Fərhad Poladov hadisə zamanı ağır xəsarət alıb. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və əməliyyat edilib. Amma idmançının həyatını xilas etmək mümkün olmayıb və dünən 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

 

Hadisənin detalları barədə AYNA-ya danışan F.Poladovun məşqçisi Ruhi Hüseynov bildirib ki, qəza qarşıda hərəkət edən avtomobilin sürücüsünqn səhvi ucbatından baş verib: “Qarşıdakı avtomobili qadın idarə edirmiş. O, Fərhadı çaşdırıb. Qadının avtomobilini vurmamaq üçün Fərhad qarşı yola çıxıb və başqa avtomobillə toqquşub”.

“Hadisə nəticəsində idmançımız ağır xəsarətlər alıb. Çənəsi, qabırğaları, ayağı, qolu sınıb, daxili orqanları zədələnib. Vəziyyəti ağır idi… Biz daha bir peşəkar idmançımızı itirdik” - deyə Ruhi Hüseynov əlavə edib.

Qeyd edək ki, F.Poladov idman sahəsində bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin, 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. Habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını əldə edib.

 

Savat və Saolin Döyüş Sənətləri Federasiyasında gənclərdən ibarət milli komandanın baş məşqçisi idi.

 

Allah rəhmət eləsin.

Müəllif: Təranə Xudabaxşiyeva      1 İyul 2019 16:32
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar