“Türk və yunan ordularının qarşılaşması sumo döyüşünə bənzəyər”

“Türk və yunan ordularının qarşılaşması sumo döyüşünə bənzəyər”

Hərbi ekspert: "Türkiyə ordusu müəyyən dövrlərdə təlatümlərdən keçib, ancaq zəifləməyib"

 

Türkiyə ilə Yunanıstan arasında davam edən Şərqi Ağdəniz gərginliyi Yunanıstan Baş Nazirinin "Ordumuz hazırdır" deməsi ilə yeni məcraya yönəlib. Türkiyənin hərbi dairələrində yunan nazirin dedikləri ciddi qəbul edilməsə də, sosial mediada Türkiyə və Yunanıstan ordusunun real potensialı, strateji imkanları müzakirələrə səbəb olub.

 

Müzakirələrə qoşulanlar arasında, Türkiyə ordusunun əvvəlki qüdrətində olmadığını, xeyli zəiflədiyini iddia edənlər də var. Buna səbəb kimi isə, 2003, 2004 və 2006-cı illərdə PKK ilə baş vermiş 6 açıq döyüş, həmçinin kifayət qədər böyük hərbi texnika, canlı qüvvə yeridilməsinə baxmayaraq, Afrin əməliyyatının iki aya zorla başa çatdırlıması, o cümlədən İraqdakı uğursuz hərbi əməliyyatlar və 15 iyul çevriliş cəhdindən sonra Türkiyə Silahlı Qüvvələri daxilində baş vermiş siyasi sarsıntı göstərilir.

 

AYNA-nın əməkdaşı Türkiyə ordusunun zəifləməsi barədə iddialarla bağlı hərbi ekspert Üzeyir Cəfərovun fikirlərini öyrənib.  

Картинки по запросу üzeyir cəfərov

Ü.Cəfərov bildirib ki, ermənilər və Türkiyəni istəməyən digər qüvvələr Türk ordusunun zəifləməsini çox arzulasalar da, bu, elə arzu olaraq qalacaq: “Düzdür, FETÖ məsələsinə görə elə fikir yarandı ki, Türkiyə ordusunda zəifləmə baş verdi. Ancaq mən düşünmürəm ki, Türkiyə ordusu zəifləyib. Birincisi, Türkiyə ordusu heç vaxt zəifləyə bilməz. İkincisi, zəifləsəydi, digər ölkələr Türkiyə ilə yuxarıdan aşağı danışardı”.

 

“Türkiyənin Rusiya ilə problemləri yaşandı, ancaq şükürlər olsun ki, bu məsələyə son qoyuldu. Həmçinin, ABŞ Prezidenti ilə Türkiyə Prezidentinin görüşündən sonra Donald Tramp etiraf etdi ki, Türkiyəyə qarşı haqsız davranıblar və bu haqsızlıq aradan qaldırılacaq. Rəcəb Tayyib Ərdoğan da yaxın günlərdə Rusiyadan "S-400" zenit raket kompleksi alacaqlarını bildirdi. Rusiya yaxın vaxtda həmin kompleksləri göndərəcək” – deyə ekspert qeyd edib.

 

Müsahibimizin fikrincə, Türkiyə ordusunun zəifləməsi mümkünsüzdür: “Nə olur olsun, Türkiyə ordusunun ilk növbədə vəzifəsi NATO-nun aparıcı gücü kimi qalmaqdır. Şükürlər olsun ki, bunu türk zabitlər hər zaman yerinə yetiriblər. Düzdür, Türkiyə ordusu müəyyən dövrlərdə təlatümlərdən keçib, ancaq zəifləməyib".

 

"Əksinə, Türkiyə ordusu bir qədər də güclənməlidir. Çünki artıq hamı görür ki, hazırda dünyada beynəlxalq normalardan daha çox güc amili rol oynayır. Danışıqlar da güc amilinə daha çox bağlıdır. Ərdoğan BMT Təhlükəsizlik Şurasının son iclasında bu məsələni xüsusi olaraq qabartdı” - Cəfərov vurğulayıb.

 

Hərbi ekspert hesab edir ki, bundan sonra dünyada Türkiyəyə münasibət dəyişəcək: “Hamı Amerikaya baxırdı, Amerikanın birinci şəxsi də bundan öncəki administrasiyanın səhvlərini etiraf etdi. Bugünkü isti münasibət, danışıqlar ümid verir ki, Türkiyənin qarşılaşdığı problemlər artıq arxada qalacaq”.

 

O vurğulayıb ki, Türkiyə ordusunun güclü olması Azərbaycanı da arxayın edir: “Çünki Türkiyə ordusunun Naxçıvanla bağlı missiyası var. Ümumiyyətlə, arenada dəstək və Qarabağ məsələsində Azərbaycanla bağlı Türkiyənin üzərinə çox böyük yük düşür. Ümidimi itirmirəm ki, bəlli bir vaxtda Türkiyə Qarabağ məsələsində Azərbaycana böyük bir təkan və kömək rolunu oynayacaq”.

 

Ekspert Yunanıstan ordusunun real gücünü də dəyərləndirib: “Hər bir ölkənin ordusunun özünə görə imkanları var. Desəm ki, Yunanıstan ordusu zəifdir və ya güclüdür, düzgün olmaz. Türkiyə ilə Yunanıstan tamam ayrı-ayrı güclərdir. Yaponların sumo idman yarışında ağırçəkili idmançı ilə yüngül çəkili idmançı meydana çıxıb güclərini sınayır. Türkiyəni Yunanıstanla müqayisə etsək, eynən belə bir vəziyyət yaranar. Çünki türk ordusu çox güclüdür”. 

 

“Hər bir ölkənin özünü müdafiə edəcək, təhlükəsizliyini təmin edəcək qədər gücü var. Biz bu gün Ermənistanla baş-başa qalsaq, insani, hərbi resurslar bizə imkan verir ki, düşmənlə qısa müddət ərzində məsələmizi həll edək. Amma beynəlxalq vəziyyətə, ümumi duruma əsasən, müəyyən təzyiqlər, sanksiyalar ola bilər və qaş düzəldən yerdə vurub gözü çıxara bilərik. Əfsuslar olsun ki, dünyada çox böyük ədalətsizliklər hökm sürürür. Haqlı ola-ola bəzən səni haqsız göstərirlər. Amma mən optimistəm ki, gec-tez bizi başa düşəcəklər” – deyə müsahibimiz əlavə edib.

Müəllif: Rumiyyə Miraslan      2 İyul 2019 18:00
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar