“Sözünü demiş bir mədəniyyət xadimi ata-ana pensiyası ilə dolanır, təsəvvür edin” - Ayna TV

“Sözünü demiş bir mədəniyyət xadimi ata-ana pensiyası ilə dolanır, təsəvvür edin” -       Ayna TV

Kamran Yunis: “Heç kimə xalqın mənəviyyatını məhv etmək haqqı verilməyib, amma edirlər”

 

Uzun müddətdir səhnələrdə görünməyən aktyor Kamran Yunis AYNA-nın qonağı olub. Filmlərə çəkilməməsinin səbəbini açıqlayan aktyor, bir sıra digər məqamlara da aydınlıq gətirib:

 

- Hansı səbəbdən aktyor kimi yox, sənətçi kimi təqdim edilmək istəyirsiniz?

 

- Bu sualı mənə ilk dəfədir verirlər. Mən dar çərçivələri sevmirəm. Nə həyatda, nə də sənətdə. Aktyor sözü çərçivədir. Sənətçi isə həm oxuya, həm oynaya, həm də rəsm çəkə bilər. Məhz bunları nəzərə alaraq deyə bilərəm ki, mən özümü çərçivəyə salmıram. Hiss edəndə ki, məni kimsə çərçivəyə salır, mütləq həmin çərçivəni qırıb çıxıram.

 

Məsələn, məni sıxan məsələlərdən biri Bakıda keçirilən Formula 1 yarışlarıdır. Yarış vaxtı çərçivəyə salınan yolların kənarı ilə gedəndə özümü pis hiss edirəm. Elə hiss edirəm ki, sanki məni çərçivəyə salıblar. Ona görə yarış ərəfəsində çalışıram, həmin ərazilərə daxil olmayım. Onu da qeyd edim ki, mən özüm də heç kimi çərçivəyə salmıram. Ona görə də sənətçi sözü mənimçün sonsuzluğadək uzanan yoldur. 

 

- Son zamanlar seriallara çəkilməməyiniz də çərçivələrə sığmamaqla bağlıdır? Yoxsa başqa səbəblər var?

 

- Bunun səbəbi ömrümü mənasız şeylərə sərf etmək istəməməyimlə bağlıdır. Həyat mənə bir dəfə verilir, mən də onu layiqincə yaşayıb, yaratmalıyam. Bu mənada, mənim üçün evimdə oturub pis-yaxşı bir az quru, bir az yavan çörək yemək daha yaxşıdır, nəinki mənasız seriala çəkilərək pul qazanmaq. “Pula görə seriala çəkilirəm” - deyən sənətçilərdən iyrənirəm. Əgər elədirsə, onda pul müqabilində başqa şeylər də eləsinlər. Əgər sən istəmədiyin bir şeyi pula görə edirsənsə, onda sən əxlaqsızsan. Amma böyük mənada burada qəbahət yoxdur. Heç olmasa, bunu yaxşı bir məbləğ müqabilində etsinlər. Əgər məni bəyənmədiyim seriala çəkilməyə dəvət etsələr, ayda iki-üç min manata razı olaram.

 

- Realda nə qədər pul təklif edirlər?

- Realı deməyim, çox ayıbdır. Serial çəkənlərin əksəriyyəti avaralıq, oğurluq eləmir, tində oturub boş-boş işlər görmürlər, sənətlə məşğul olurlar. Buna görə onları alqışlayıram və əllərindən öpürəm. Amma deməliyəm ki, onsuz da bu əziyyəti çəkirlər, heç olmasa, beynəlxalq ölkələrdə seminarlara qatılsınlar, öyrənsinlər və seriallar çəkəndə tətbiq eləsinlər. Eyni zamanda, xaricdə reklam bazarı yüksək səviyyədədir və bu da rəqabəti artırır. Bizdə isə nə rəqabət var, nə də keyfiyyət.

 

- Bəzilləri bu vəziyyəti Türkiyənin serial bazarı ilə müqayisə edirlər. Bildirirlər ki, bir müddət sonra bizdə də serialların keyfiyyəti artacaq...

 

- Kim bunu deyirsə, yalan deyir, riyaklarlıq edir. Çünki onların filmə çəkdikləri bədbəxt aktyor sənətin “a” hərfini belə, anlamır. O adamın aktyor sənətinə aidiyyəti yoxdur. Yaradıcılığı da göz qabağındadır. Nə vaxt düzələcək? 25 ildir keçiddəyik də. Seriallar, teatrlarımız, dublyajımız hamısı o gündədir. Teatrlarımıza gedən yoxdur. Taetrlarımıza administratorlar bilet satır, tamaşaçı gətirir.

 

Azərbaycanda bu gün kino sahəsində keçid dövrü deyil. Sadəcə insanlar pulu öz səviyyələrində olan filmlərə və sənətçilərə verirlər. Ona görə filmlərimiz bu vəziyyətdədir. Xalqın, millətin mənəviyyatını məhv edirlər. Halbuki heç kimə millətin mənəviyyatına təcavüz etmək haqqı verilməyib. Bunun acı nəticələri olacaq. Birbaşa həmin adamların özünə də dəyəcək.

 

- Dublyajda nə problemlər var?

 

- Problem o qədərdir ki, saymaqla bitmir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dublyaj sənəti öyrədilmir, bunun üçün heç peşəkar müəllimlər də yoxdur. Filmə çəkilə bilməyənlər, aktyorluq sənətindən xəbəri olmayanlar tanışlıq vasitəsilə dublyajda işləyirlər. Dublyaj çox çətin peşədir. Bizdə isə dublyajda da yalançı boğazlar edirlər. Bu aktyor sənəti deyil, yalandır. Heç kimlə şəxsi qərəzim yoxdur. Sadəcə deməyim odur ki, heç kimin mədəniyyətimizi bu günə salmağa haqqı yoxdur.

 

Bu gün meyxana deyən də, müğənni də film çəkir. Hətta müğənni çəkdiyi filmə özünü və uşaqlarını çəkir. Kim deyir ki, söz əzbərləyərək kamera qarşısına keçmək aktyor sənətidir? Onların aktyorluq etməsi mənim mühəndisliyimə, meyxana deməyimə oxşayır.  Əsl bədbəxtçilik isə həmin filmlərin televiziyaya yol tapmasındadır. Mən özüm də böyük bir zad deyiləm. Hələ də öyrənirəm. Gecələr oturub ağlayıram ki, “ustad, hardasan, mənə köməyin lazımdır”. Gənclərin əksəriyyəti deyir ki, “Kamran müəllim, bizə kömək edin”. Kömək etməyə çalışanda da deyir ki, “mən bunu bilirəm”. Bildikləri də göz önündədir.

 

Heç kimə söz atmıram, sadəcə yalvarıram ki, bir şeyi çəkmədən öncə öyrənsinlər. Necə ki, 25 ildir mən öyrənirəm. Gəzmək, istirahət nədir, bilməmişəm. “YUĞ” teatrına səhər 9-da girirdim, gecə 11-də çıxırdım. Bir səhv edəndə müəllimim Vaqif İbrahimoğlu ayağımın altına çubuqla vururdu. İndi “ç” deyən durub şeir oxuyur. İş tapmayan, arvadından boşanan, ərindən küsən şeir yazır. Bir az imkanı olan gedib aktyor sənəti ilə məşğul olur. Bir qədər artıq imkanı varsa, rejissorluq edir ki, tanınsın. Tanınmaq xoşbəxtlik deyil. Mən tanınıram, amma zülm çəkirəm.

 

- Qiraətlə də məşğulsunuz, səsləndirdiyiniz şeirlər də çox sevilir. Bu sahədən pul qazana bilirsiniz?

 

 - Mən şeir axtarmıram, ruhum şeir axtarır. Qarşıma ruhuma uyğun şeirlər çıxanda səsləndirirəm. Şeir deyən zaman isə onu sevdirməyi qətiyyən düşünmürəm. Çalışıram ki, məmurların yazdığı, həmçinin məmurlara ithaf olunmuş şeirləri oxumayım. Mənimçün şair anlayışı yoxdur, şeir var. Kiminsə şeirini oxuyanda ondan pul tələb edə bilmərəm. Tilsimi isə dəyərli professorumuz Hamlet İsaxanlı ilə həyat yoldaşı Nailə İsaxanlı qırdı. Onlar özləri də bilmədən ən çətin məqamlarımda mənə kömək oldular. O məqamda ki, ata-anam xəstə idi. Artıq ölüm ilə yaşam arasında idik. Bir ilə yaxın idi işləmirdim. O insanlar mənə kömək oldular. Amma elə insanlar da var ki, həmin dönəmdə 2 il öncə dost kimi mənə verdikləri pulu belə, geri tələb edirdilər. Hamı bilir ki, kapitalizm dövründə yaşayırıq, pulsuz yaşamaq mümkün deyil. Amma mən heç kimdən pul istəmirəm, ruzimi Allah verir, bəndənin əli ilə.

- Kamran Yunis sevgi şeirlərini çox romantik sesləndirir. Bəs özü necə, sevir?

 

- Sevgi deyilən bir şey yoxdur, inam və hörmət var. Mənim üçün sevgi anlayışı budur. Mənimçün, ümumiyyətlə insan anlayışı var. Nə vaxt yaxşı insan olacağıq, həyat da gözəl olacaq. Mən də yaxşı olmağa çalışıram. Bəzən bacarıram, bəzən yox. Yaxşı insan olmaq üçün pul da lazımdır. Bəziləri isə deyir ki, “pul əl çirkidir”. Yalandır. Pul nə vaxtdan əl çirki olub? Pulu olanı görəndə yüzü ayağa qalxır.

 

- Bütün bu hallar insanı depressiyaya salar...

 

- Mən elə bu gün depressiyadayam. Azərbaycan mədəniyyətində öz sözünü demiş 45 yaşlı birinin ata-anasının pensiyası ilə dolanması heç də yaxşı hal deyil. Təsəvvür edin… Çəkinmədən deyirəm, mən Azərbaycan mədəniyyətinin önəmli fiqurlarından biriyəm.

 

- Mərhum şairimiz Xəlil Rza Ulutürk sizin dayınız olub. Onun sənətə gəlməyinizdə rolu olub?

 

- Bilmirəm, bəlkədə də olub. 6 yaşlı uşaq idim, Xəlil Rza Ulutürkün yaradıcılıq gecələrindən birinə getmişdik. Valideynlərim gül almışdılar. Mikayıl Mirzə tədbirdə bir şeir dedi. Anam gül dəstəsini mənə verdi ki, aparıb Mikayıl Mirzəyə verim. Səhnəyə qalxıb gülü sənətkara uzatdım. Mikayıl Mirzə məni qucağına götürdü və Xəlil Rzanın bir şeirini dedi. O anda üzüm tamaşaçılara idi, səhnə işıqları gözümə düşürdü, tamaşaçıları qəribə görürdüm. Nə oldusa, həmin gecə oldu. Buna isə heç də peşman deyiləm.

Müəllif: Təranə Xudabaxşiyeva      2 İyul 2019 10:10
Ayna TV bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar