Ölkə ərazisində payız havası hökm sürür

Ölkə ərazisində payız havası hökm sürür

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,5 metrə çatıb

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, iyunun 29-u axşam saat 17.00-21.00 radələrində Ağstafa, Naxçıvan, Gədəbəy, Naftalan, Tər-Tər, Yevlax, Şəmkir, Daşkəsən, Gəncə və Mingəçevirdə yağış qeydə alınıb, şimşək çaxıb.

 

Bu barədə AYNA-ya ETSN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Şəmkir, Gəncə, Şərur, Bərdə, Tərtər, Yevlax, Daşkəsən, Mingəçevir, Naftalan, Ağdam, Göyçay rayonlarında 17-23 m/s qərb küləyi əsib, bəzi yerlərdə arabir 28-32 m/s-dək güclənib.

 

Nazirliyin məlumatına görə, iyunun 29-u axşam və 30-da Qara dəniz istiqamətindən hərəkət edən nisbətən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişib, qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

 

Yağış Ağdamda 23 mm (aylıq normanın 37 %-i), Şahdağda 22 mm, Daşkəsəndə 22 mm (aylıq normanın 19%-i), Xaltanda 19 mm, Gədəbəydə 19 mm (aylıq normanın 15%-i), Zərdabda 16 mm (aylıq normanın 68 %-i), Tərtərdə 14 mm (aylıq normanın 28 %-i), Kişçayda 14 mm (aylıq normanın 13%-i), Göygöldə 13 mm, (aylıq normanın 10%-i), Göyçayda 12 mm (aylıq normanın 26 %-i), Şəmkirdə 12 mm (aylıq normanın 23 %-i), Oğuzda 10 mm, Altıağac, Quba, Şabran, Gəncədə 9 mm, Naftalanda 8 mm, Qusar, Kürdəmir, Tovuzda 7 mm, Yevlax, İsmayıllıda 6 mm, Bərdədə 5 mm, Şəki, Mərəzə, Qəbələdə 4 mm, Balakən, Ağdərədə 3 mm, Qrız, Xınalıq, Xaçmaz və Ağstafada 2 mm, Şamaxı, Mingəçevirdə 1mm olub.

 

Qərb küləyi arabir Naftalanda 32 m/s, Mingəçevirdə 28 m/s, Gəncədə 24 m/s, Bərdə və Ağstafada 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,5 metrə çatıb. Bu gün havanın temperaturu ayın 29-u ilə müqayisədə 8-10 dərəcə aşağı enib.

Müəllif: Ayna.az      30 İyun 2019 11:44
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar