DYP sürücüləri sosial şəbəkələr vasitəsilə də izləməyə başlayıb, məsələn - VİDEO

DYP sürücüləri sosial şəbəkələr vasitəsilə də izləməyə başlayıb, məsələn -                             VİDEO

Vaqif Əsədov: “Artıq yol polisi olmadan da qayda pozan sürücülər kameralar vasitəsi ilə aşkarlanır və cərimə edilir”

 

Bakı şəhərinin ən böyük problemlərindən biri ictimai nəqliyyat məsələsidir. İstismar müddəti bitmiş, natəmizliyi ilə sərnişinlərin narazılığına səbəb olan avtobuslar şəhərimizdə hələ də var və bu, sakinlər arasında ən çox müzakirə olunan mövzularından biridir.

 

Avtobus sürücülərinin davranışları da ayrıca bir narazılıq mövzusudur. Qaydalara riayət etməyərək sərnişinlərin və digər sürücülərin həyatını riskə atan avtobus sürücüləri kifayət qədər çoxdur. Onlar günün istənilən vaxtında çəkinmədən qayda pozurlar.

 

Bu günlərdə AYNA əməkdaşı 40 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin sürücüsünün çox kobud qayda pozduğunun şahidi olub. Sürücü körpüdə qarşı yola keçərək ötmə əməliyyatı edib. Nəticədə sərnişinlər və digər sürücülər üçün riskli vəziyyət yaranıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev AYNA-ya bildirib ki, sürücülərin qayda pozuntusuna yol vermələri Agentliyi də ciddi narahat edən faktlardandır: “Bu məsələ günümüzün ən aktual problemlərdən biridir. Qayda pozan sürücülər Dövlət Yol Polisi əməkdaşları tərəfindən cərimələnir. Biz də belə hallar aşkarlayanda, daşıyıcını və sürücünü cəzalandırırıq. Bütün bu hallarla mübarizə aparsaq da, təəssüflər olsun ki, hələ də belə hallara rast gəlinir”.

 

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla da əlaqə saxladıq. O, Bakı şəhərində təhlükəsizliyin təmin edilməsi üçün xeyli sayda videomüşahidə kameraları quraşdırıldığını diqqətə çatdırıb.

 

“Artıq DYP əməkdaşı olmadan da qayda pozan sürücülər bu kameralar vasitəsi ilə aşkarlanır və cərimə edilir. Bu gün ictimai nəqliyyat vasitələrinin sürücüləri arasında nizam-intizamın yüksəldilməsi, sərnişindaşıma xidmətinin daha da yaxşılaşdırılması məqsədi ilə həm təbliğat aparılır, həm də kamera görüntüləri əsasında inzbati tənbeh tədbirləri də həyata keçirilir” – Əsədov bildirib.

 

“Eyni zamanda, sosial şəbəkələrdə vətəndaşlar tərəfindən paylaşılan videogörüntüləri də araşdırırıq, müvafiq qərar qəbul edirik. Məhz bunun nəticəsidir ki, son zamanlar avtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin və ölüm faktlarının sayı azalıb” – deyə DYP sözçüsü vurğulayıb.

Müəllif: Təranə Xudabaxşiyeva      8 İyul 2019 14:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar