“Təhlükədə Olan Ümumdünya İrsi” – İlk dəfə Bakıda

“Təhlükədə Olan Ümumdünya İrsi” – İlk dəfə Bakıda

Azərbaycan paytaxtında “Təhlükədə Olan Ümumdünya İrsi” mövzusunda Beynəlxalq Forum keçirilir

 

İyunun 29-da Bakıda Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin binasında, YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “EkoSfera” Sosial-Ekoloji Mərkəzi (SEM) və “World Heritage Watch” beynəlxalq təşkilatının birgə təşkilatçılığı ilə “Təhlükədə olan ümumdünya irsi” mövzusunda qeyri-hökümət təşkilatlarının  7-ci beynəlxalq forumu keçirilir.

 

AYNA xəbər verir ki, Forum ilk dəfə olaraq Azərbaycanda təşkil edilib. Forumun keçirilməsi ilə “EkoSfera” SEM-in əsas missiyalarından biri Azərbaycanın təbii və mədəni irsinin mühafizəsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır.

Tədbir çərçivəsində dünyanın bir çox ölkəsində və Azərbaycanda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarından 60 nəfərə yaxın heyət iştirak edir. “World Heritage Watch” təşkilatının sədri Stephan Doempke və “EkoSfera” SEM-in rəhbəri, həmçinin Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə açılış nitqi ilə çıxış edərək forumu açıq elan ediblər. Tədbirdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov da iştirak edir.

 

Forumda “Ümumdünya İrs Konvensiyasının vətəndaş cəmiyyəti və qanunverici orqanlarının əməkdaşlığının perspektivləri” mövzusunda müzakirələr aparılıb, “İqlim dəyişikliyi”, “Hidroelektrik bəndlər” və “Təbiət təhlükədə - siyasətləşmə Ümumdünya İrs Konvensiyasının effektivliyini necə məhdudlaşdırır” mövzularında siyasi məruzələr səsləndirilib, habelə “World Heritage Watch” şəbəkəsinin iclası keçirilib.

 

Forumun davamı olaraq paralel sessiyalarda Azərbaycan qeyri-hökumət təşkilatlarının iclası, Ümumdünya İrs iclası çərçivəsində yerli xalqların Daimi Forumu keçirilib və müvafiq qərarlar hazırlanıb.

Müəllif: Ayna.az      29 İyun 2019 11:40
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar