Yeni qərar cəmiyyətdə fikirləri haçalayıb: Büdcə doldururlar, yoxsa bizi düşünürlər?

Yeni qərar cəmiyyətdə fikirləri haçalayıb: Büdcə doldururlar, yoxsa bizi düşünürlər?

“Evakuasiya xidmətinin bərpa olunmasını necə qarşılayırsınız?” sualına cavablar birmənalı olmayıb

 

Uzun müddətdir yığışdırılan evakuatorlar yenidən Bakı küçələrinə qayıdır. Səkilərdə, avtobus dayanacaqlarında, ikinci cərgədə və bu kimi qanunla qadağan edilən yerlərdə park olunan avtomobillər xüsusi dayanacaqlara təxliyə ediləcək.

 

AYNA əməkdaşı bu yeniliyin cəmiyyət tərəfindən necə qarşılandığını öyrənmək üçün sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. “Evakuasiya xidmətinin bərpa olunmasını necə qarşılayırsınız?” sualına cavablar birmənalı olmayıb.

 

Rövşən Əsədov: “Qaydaların maksimum sərtləşdirilməsinin tərəfdarıyam. Hətta cərimələrin də qaldırılmasının lehinəyəm. Sürücülərdən tələb olunan qaydalara əməl etməkdir. Qaydalara əməl etməmək isə həyatımız bahasına başa gəlir. Bundan niyə narahat olaq ki? Əksinə dəstəkləyirik. Səhv yerdə park edənlərin maşınları cərimə meydançalarına aparılmalıdır. Biri səhv saxlayanda digəri üçün də yer olmur, sıxlıq yaranır, yol daralır. Eləsi var ki, dayanacaqda park edib, çıxıb gedir işinin ardınca və avtobus saxlaya bilmir, aləm qarışır bir - birinə”.

 

Kamran İmaməliyev: “Məqsəd tıxacları aradan qaldırmaq deyil, məqsəd sadəcə büdcəni doldurmaqdır. 2019-cu il üçün neft 60 dollardan hesablanmışdı, indi isə 60-ın altındadır və ilin sonuna kimi qiymət daha da düşəcək. 3-cü devalvasiyanın qarşısını belə alacaqlarını düşünürlər, amma yanılırlar”.

 

Rəfail Səlimov: “Qaydalar sərtləşdirilsin. Razıyam. Amma hamı üçün. Hər kəsin avtomobili cərimə meydançasına aparılsın. Avtomobil nömrəsini çıxarıb, avtomobili yox etməsinlər. Vətəndaşların avtomobillərini apararkən diqqətli olsunlar. Bir neçə dəfə olub ki, avtomobillərə zərər dəyib. Amma gün ərzində 10-20 avtomobili cərimə meydançasına aparmaqla tıxacın qarşısını almaq mümkün deyil. Digər bir tərəfdən dayanacaqlarda, piyada yollarının üstündə avtomobil saxlayanlar üçün cərimə ikiqat olmalıdır. Yəni avtomobilin harada saxlanılmasından asılı olaraq cərimələr də dəyişdirilməlidir, kateqoriyaya ayrılmalıdır. Bütün bunları da edərkən, vətəndaş məmnunluğu nəzərə alınmalıdır. Amma sonda ölən ümidlərdir deyib, sonu gözləyək”.

 

Bəkir Osmanov: ““Babək plaza”nın qabağını təmizləsinlər, avtomobillər artıq yolu bağlıyır”.

 

Vilayət Muxtar: “Cərimə mexanimzi ilə paytaxtın tıxac problemini həll etmək mümkün deyil. Bu, sadəcə olaraq sürücülərdən əlavə pul yığmaqdan başqa bir şey deyil. Əvvəl evakuasiya sistemini ləğv etdilər ki, BNA foto-video müşahidə vasitəsilə bu məsələni tənzimləyəcək və qaydaları pozan sürücülər 20 manat cərimə olunacaq. Bu sistemin quraşdırılmasına isə milyonlarla vəsait xərcləndi. İndi isə həm bu sistemi qüvvədə saxlayırlar, həm də evakuasiya xidmətini bərpa edirlər. Bu, anlaşılmaz və yalnız pul yığmağa hesablanmış addımdır. Əgər evakuasiya xidməti lazımlı idisə, niyə 2018-ci ilin dekabrında ləğv edirdilər? Əgər lazım deyildisə, niyə indi - 6 aydan sonra bərpa edirlər? Yəqin ki, BNA rəsmilərinin bu suallara cavabları var”.

 

Ruslan Eldaroğlu: “Əslində cərimə mexanizminin qalması daha uyğun variantdır. Bir insanın maşınının cərimə meydançasına cəlb edilməsi həm vaxt itkisidir, həm də əsəbdir. “Dayanma-durma cərimələri artırılsın” deyənlər də var. Yaxşı, razılaşdıq. Sual verirəm: Bakıda normal parkinq təşkil olunmadan, yeni yerlər müəyyən edilmədən evakuasiya və cərimələr nə dərəcədə düzgündür? Əvvəlcə normal infrastuktur yaradılmalıdır. Dayanacaq yerləri və qiymətləri müəyyən edilməlidir. Şəhərin ən sıx küçə və prospektlərində yeni parkinqlər inşa edilməli, sonra cərimə mexanizmi işə düşməlidir”.

 

Orxan Kərimov: “Evakuatorların bərpası yaxşıdır. Ən azından sürücünü daha da məsuliyyətli və diqqətli olmağa vadar edəcək. İndiki vaxtlarda sürücülərdə istər-istəməz arxayınlıq var ki, evakuator yoxdur deyə avtomobili harda istəsək, saxlayıb, gedə bilərik. Nəticədə küçə və prospektlərdə sıxlıqlar yaranır. Ümid edirik ki, BNA əməkdaşları sürücülərə qarşı daha təmkinli və gülərüz olacaqlar. Bunu ona görə deyirəm ki, evakuator yol polsinin səlahiyyətində olanda sürücü və vətəndaşlara qarşı çox kobudluq edirdilər, hətta avtomobili necə gəldi evakuasiya edirdilər. BNA-nın məlumatına görə, şəffaflığın təmin edilməsi məqsədi ilə təxliyə prosesinin video qeydiyyatı təmin olunacaq, həmçinin ödənişlər nağdsız şəkildə aparılacaq. Ümid edirik ki, problem tezliklə həll ediləcək”.

 

Kamran Əsədov: “Mənim maşınımı aparmasalar, yaxşı qarşılayaram. Çünki bir çox hərəkət sıxlığı olan küçələrdə maşın saxlayıb süni tıxac yaranır. Amma bəs bu insanlar maşını harda saxlasın? Qucaqlayıb getdikləri yerlərə aparsınlar? Öncə parkinq problemini həll etmək lazımdır, sonra maşınları yığmaq”.

Müəllif: Təranə Xudabaxşiyeva      29 İyun 2019 10:21
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar