Ermənistan azərbaycanlı girovu geri qaytarıb

Ermənistan azərbaycanlı girovu geri qaytarıb

Girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib

 

Ermənistanda girovluqda olan azərbaycanlı qaytarılıb. Bu barədə AYNA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən Azərbaycan vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılan Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər.

 

Humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

 

Girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az      28 İyun 2019 15:08
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar