Daxili İşlər Nazirliyi narahatlıq yaradan ittihamları əsassız hesab edir

Daxili İşlər Nazirliyi narahatlıq yaradan ittihamları əsassız hesab edir

"Jurnalistin belə əsassız ittihamlarla çıxış etməsi təəssüf doğurur”

 

Xəbər verdiyimiz kimi, iyunun 26-a keçən gecə avtomobili qarət edilmiş jurnalist və PR mütəxəssisi İlham Məmmədzadə, hadisədən bir gün sonra sosial şəbəkədə başına gələnlərdən çıxardığı nəticə barədə paylaşım edib. AYNA xəbər verir ki, o yazıb:

 

“Baş verən məlum hadisə - mənə məxsus avtomobilimin qarət olunması ilə bağlı ilk gündə müşahidə etdiklərim:

 

1. DİN-in 102 “qaynar xətt”inə edilən müraciətdən 1 saatdan artıq vaxt keçdikdən sonra polisin hadisə yerinə gəlməsi;

 

2. Sığorta şirkətinin zənglərə cavab verməməsi;

 

3. Ərazidəki müşahidə kameralarının hamısının işlək vəziyyətdə olmaması;

 

4. Yazdığım statusun altında yazılan şərhlər və dost-tanışların da söylədiklərinə əsasən, başlarına gələn bu kimi hadisələrin tez-tez olması və cinayətkarın tapılmaması faktları;

 

5. Maşınların soyulması hallarının daha intensiv olması;

 

6. Bölmələrdə polis əməkdaşlarının, ekspertlərin yetərincə olmaması;

 

7. Zədələnmiş maşınımı yuyan avtoyuyucu əməkdaşının son 1 gündə 3 eyni halı yaşamış avtomobili yuması;

 

8. Ehtiyyat hissəsi aldığım dükan sahibinin də insanların eyni hal ilə tez-tez müraciət etdiklərini söyləməsi;

 

9. Eyni halı yaşamış insanların müraciətlərinin müsbət həll olunmadığını bildirmələri;

 

10. Narkomanların çoxalması ilə bağlı insanlarda düşüncələrin olması (Ən azı bunu yaşadığım binanin “podezd”ində tez-tez rastlaşdığım şprislərin olması deməyə əsas verir).

 

İradların polisə aid hissəsi ilə bağlı AYNA əməkdaşı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə ilə əlaqə saxlayıb. O, jurnalistin ittihamlarının həqiqətə uyğun olmadığını deyib.

“Jurnalistin dedikləri qeyri-ciddi təsir bağışlayır. Bir hadisəyə görə vəziyyəti ümumiləşdirmək, ümumi polis orqanları barədə qiymət vermək doğru deyil. Bütün hallarda onun sadaladıqları baş vermiş hadisənin mahiyyətinə uyğun deyil" - Mansurzadə bildirib.

 

Qeyd edib ki, avtomobil qarət olunubsa, konkret bu barədə danışmaq lazımdır: "Yoxsa ki, polislərin sayının yetərli olmadığını, müşahidə aparatarının işləmədiyini demək ucundan tutub ucuzluğa getməkdir. Səsləndirilənlər bir-biri ilə əlaqəsi, məntiqi olmayan əsassız ittihamlardır. Ümumiyyətlə, belə müqayisələr aparmaq qüsurludur. Jurnalistin də belə əsassız ittihamlarla çıxış etməsi təəssüf doğurur”.

 

DİN rəsmisi maşın oğurluğu hadisələrinin geniş vüsət alması məsələsinə də aydınlıq gətirib: “Heç kim iddia etmir ki, bütün qarət hadisələrinin üstü açılıb. Hər bir fakt üzrə araşdırma aparılır, cinayət işi açılır, kifayət qədər nəticələr də var. Xeyli sayda qarət hadisəsinin üstü açılıb, cinayət əməlini törədənlər cəzalandırılıb. Bu barədə də vaxtaşırı məlumatlar veririk”

 

“Konkret jurnalistin başına gələn hadisədən söhbət gedirsə, bildiyim qədər aidiyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən məsələ araşdırılır. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək” - deyə O.Mansurzadə vurğulayıb.

 

Qeyd edək ki, İlham Məmmədzadənin avtomobili iyunun 26-sı saat 01.25 radələrində qarət edilib. Bu barədə AYNA-ya zərərçəkən özü məlumat verib.

 

Onun sözlərinə görə, hadisə dünən gecə 01:25 radələrində Sumqayıt şəhərində yaşadığı binanın qarşısında baş verib: “Həyətdə saxladığım maşının şüşələrini qırıblar. Bu zaman avtomobilimin siqnalizasiya sistemi işə düşdü. Həmin vaxt oyaq olduğum üçün məhləyə çıxdım. Gördüm ki, mənim “Mercedes” markalı 99 CM 808 nömrəli avtomobilimin şüşəsini qırıblar”.

 

İ.Məmmədzadə vəziyyəti görər-görməz 102 xidmətinə müraciət edib: “Polis çağırdım. 1saat 10 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəldilər. Yerində ekspertiza təyin olunmasını tələb elədim. Əl izləri götürüldü. Polis idarəsinə çağrıldım. Orada izahat yazdım”.

 

“Hər tərəf kameradır. İnanıram ki, kameralar vasitəsilə həmin şəxs saxlanılacaq. Avtomobilimdə sənədlər var idi. Hamısı yerindədir. Bilmirəm, bilərəkdən ziyan vurmaq üçün ediblər, yoxsa da oğurluq məqsədi ilə. İnanıram ki, polis əməkdaşları məsələni araşdıracaqlar” - deyə o, əlavə edib.

Müəllif: Rumiyyə Miraslan      27 İyun 2019 17:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar