Qalmaqallı 2 milyonluq saat barədə rəsmi açıqlama: “Şər və böhtandır”

Qalmaqallı 2 milyonluq saat barədə rəsmi açıqlama:           “Şər və böhtandır”

“Ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmağa cəhd edirlər”

 

“Ötən gün bəzi xarici media resurslarında İspaniyanın İbiza şəhərində, 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt sterlinq dəyərində saatının oğurlanması barədə məlumat yayılıb. Bu məlumatdan dərhal sonra ölkənin daxili və xarici siyasətinə, aparılan sosiyalyönümlü islahatlara kölgə salmaq məqsədi ilə mütamadi olaraq iqtidara, iqtidarın vəzifəli şəxslərinə və ailələrinə qarşı sifarişli, yalan və böhtan dolu məlumatlar yayan müxalifyönlü qüvvələr bu gəncin guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin olduğu barədə yalan məlumatlar yayıblar”.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkədə məlumat paylaşıb.

 

“Bu, yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmayıb, Londondakı King’s College-də təhsil almayıb. Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür” – Nəcəfli vurğulayıb.

 

“Göründüyü kimi bu, müxalifyönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir” – deyə o, əlavə edib.

Qeyd edək ki, ötən gün jurnalist Cavanşir Həsənli İspaniyada 2,2 milyon manatlıq (1.1 milyon avro) saatı oğurlanan şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 22 yaşlı oğlu Sübhan Məmmədli olduğu haqda məlumat yayıb. Bundan sonra yerli KİV-də və sosial şəbəkədə xəbər qızğın müzakirələrə səbəb olub.

Müəllif: Ayna.az      27 İyun 2019 14:51
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar