İşəgötürənlərə rəsmi xəbərdarlıq

İşəgötürənlərə rəsmi xəbərdarlıq

“Havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir”

 

Yay mövsümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənlərə xəbərdarlıq edir. ƏƏSMN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, in diqqətinə çatdırır ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

 

“Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır” – deyə DƏMX bildirir.

 

Qeyd olunur ki, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir: “İşçilərin həyat və sağlamlığının qorunması məqsədi ilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biridir”.

Müəllif: Ayna.az      27 İyun 2019 12:33
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar