Türkiyədə Heydər Əliyev Mərkəzi satışa çıxarılıb - İTTİHAM

Türkiyədə Heydər Əliyev Mərkəzi satışa çıxarılıb -           İTTİHAM

"Türkiyədə Azərbaycan adına qurulmuş dərnəklərin Azərbaycana “pul dağarcığı” kimi baxması üzücüdür”

 

Türkiyədə keçirilən bələdiyyə seçkiləri, daha dəqiq, seçkidə qalib gəlmiş Əkrəm İmamoğlunun seçicilərə təşəkkür edərkən söylədiyi fikirlər orada yaşayan azərbaycanlılarla bağlı bir problemi üzə çıxardı. Belə ki, Türkiyədə yaşayan azərbaycanlı ziyalıların əksəriyyəti İstanbuldakı Azərbaycan dərnəklərinin çox yarıtmaz fəaliyyət göstərdiyini bildirdilər.  

 

AYNA-nın əməkdaşı Türkiyədə yaşayan və çalışan həmyerlimiz, yazıçı-tədqiqatçı, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin sədri Aygün Həsənoğlunun məsələ ilə bağlı fikirlərini öyrənib. O bildirib ki, İstanbulda ilk dərnək iğdırlı Türkiyə vətəndaşları tərəfindən 2007-ci ildə qurulub.

 

“Sonradan həmin dərnək Azərbaycan Kültür Evi adlandırılıb. Bir müddət sonra isə dərnək içindəki seçimlərdən narazı olan bir qrup şəxs ayrılaraq ikinci Azərbaycan dərnəyini yaradıblar. Mən 2012-ci ilin sentyabr ayında İstanbula yerləşəndə İğdır azərbaycanlılarının iki Azərbaycan dərnəyi fəaliyyət göstərirdi” - Həsənoğlu deyib.

Image result for aygün həsənoğlu

Müsahibimizin sözlərinə görə, İstanbul kimi böyük şəhərdə kifayət qədər say təşkil edən azərbaycanlıların üst-üstə yığılmış problemləri o qədərdir ki, bu dərnəklər həmin problemləri həll edə bilməyib: “Ya da həll etməyə vaxtları olmayıb. Nəticə budur ki, azərbaycanlıların heç bir problemi həll edilməyib. Əsas tədbirləri Qarabağ mövzusunda konfranslar, Xocalı soyqırımı mövzusunda sərgi, Novruz bayramında da şənlik keçirmək olub. Bəzən konsertlər təşkil edib, dərnək üçün müəyyən qədər vəsait qazansalar da, bu da bir dərnəyi Türkiyə ictimaiyyətində tanıtmaq üçün istifadə edilməyib. Digər tərəfdən, bu dərnəklərin fəaliyyətində strateji xətt mükəmməl olmayıb. Ölkənin sosial-ictimai həyatına girə bilməyiblər”.

 

A.Həsənoğlu Azərbaycan Dərnəkləri Federasiyasının fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini qınayıb: “Təsəvvür edin ki, Türkiyədəki Azərbaycan Dərnəkləri Federasiyası adı ilə meydana çıxırlar, Azərbaycan dövlətindən dəstək alırlar. Ancaq nə etdiklərini kimsə bilmir. Digər dərnəklər isə Azərbaycan dövlətinin dəstəyindən kənarda qalır”.

 

“Eşitdiyimə görə, Diaspor Komitəsinin ciddi dəstəyini alaraq, Heydər Əliyev Mərkəzi açmış bu Federasiya, dəstək kəsilən kimi Azərbaycan mətbuatında, imkansızlıqdan Heydər Əliyev Mərkəzinin satışa çıxarıldığı barədə məlumat yayıb. Bu, Azərbaycan dövləti üçün xoşagəlməz imicdir. Türkiyədə Azərbaycan adına qurulmuş dərnəklərin Azərbaycana “pul dağarcığı” kimi baxması üzücüdür” – deyə yazıçı əlavə edib.

 

O, qeyd edib ki, Azərbaycandan getmiş azərbaycanlılar tərəfindən bölgələrdə qurulmuş dərnəklər daha çox yerli resurslardan istifadə edir: ““Pul ver, iş görüm” prinsipi ilə deyil, həqiqətən Azərbaycanı tanıtmaq üçün çalışırlar. Məsələn, Əskişəhərdəki dərnəyimiz və İzmirdə Cəvahir Əhmədovanın dərnəyi bu cür fəaliyyət göstərir. İstanbulda isə Azərbaycan dərnəkləri güclü deyil. Ölkənin sosial-ictimai həyatına girə bilmirlər. Türkiyə həyatındakı proseslərdən daha çox, bir-birilərinin nə etdiyini izləyirlər. Azərbaycan şair-yazıçılarına, sənətçilərinə Türkiyədə heç bir dərnəkdən dəstək yoxdur. Daha çox, “Sən işlə, biz qazanaq” münasibəti ilə qarşılaşırlar”.

 

Həsənoğlu Türkiyədəki azərbaycanlı ailələrin övladlarının təhsil probleminə də toxunub: "Türkiyədə illərlə qeydiyyatsız yaşayan azərbaycanlıların problemi həll olunmayıb. Dərnəklər toplaşıb bir məktəb də açmayıblar. Hazırda açılan məktəb də ödənişli olduğu üçün uşaqların hamısı o məktəbə gedə bilmir. Vəziyyətimiz bu qədər acınacaqlıdır”.

 

Yazıçının dediyinə görə, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin son zamanlar İstanbulda fəaliyyətini gücləndirməsi azərbaycanlıları hərəkətləndirib: “İndiyədək görünməyən dərnəklər ortaya çıxıb, bir neçə dərnək də qurulub və ya qurulmaq ərəfəsindədir. Layihə yazmağı bilməyən də dərnək açıb. Bu dərnəklərin gözü Diaspor Komitəsinin verəcəyi qrantlardadır. Şəxsi mülahizəmə əsasən deyə bilərəm ki, Diaspor Komitəsi bu dərnəklərə vəsait verərək istiqamətləndirsə, işləyəcəklər. Əks halda ancaq tədbirlər keçirə-keçirə qalacaqlar”.

 

O, son olaraq Türkiyədə güclü olmağın üç yolunu göstərib:

- Birincisi, iqtisadi yol. Bunun üçün şirkətləriniz, holdinqləriniz olmalı və sponsorluq etməlisiniz. Türkiyənin iqtisadi, ictimai, siyasi və sosial həyatına təsir edəcək böyük layihələr həyata keçirməlisiniz;

- İkincisi, güclü medya qurmalısınız və müntəzəm şəkildə mediada görünməlisiniz;

- Üçüncüsü, dərnəklər şəbəkəsi qurmalı və effekt yaradacaq layihələrə imza atmalısınız.

Bizdə isə bunların heç biri yoxdur. Türkiyədəki Azərbaycan şirkətləri də dərnəklərə heç bir dəstək vermir”.

Müəllif: Rumiyyə Miraslan      27 İyun 2019 14:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar