Sentyabrda ölkəmizdə nə gözlənilir - Şamaxı Rəsədxanasında hazırlıq

Sentyabrda ölkəmizdə nə gözlənilir -           Şamaxı Rəsədxanasında hazırlıq

Rəsədxananın fəaliyyəti ilə bağlı yeniliklər: Şimali Qafqazdan 6 metrlik teleskopun direktoru Azərbaycana gələcək

 

Vikipedik məlumata görə, dünyanın ən böyük rəsədxanalarından biri Azərbaycanın Şamaxı şəhərində yerləşir. Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinə aiddir. Bu rəsədxanada astronomiyanın tarixi, nəzəri təqiqatlar, radioastronomiya və başqa elmi məsələlər araşdırılır.

 

Bir sıra rəsmi mənbələrdə Şamaxı Rəsədxanasının uğurlu fəaliyyəti ilə bağlı məqalələrə rast gəlsək də, dəqiq yanaşmalar bu uğurların dünya astrofizika elmi ilə müqayisədə çox kiçik olduğunu göstərir. Məsələn, rəsədxananın uğurlu fəaliyyəti siyahısında burada BDU-nun fizika fakültəsinin “Astrofizika” kafedrasının filialının təsis olunması, “Azərbaycan Astronomiya Jurnalı”nın ingilis dilində nəşr edilməsi, rəsədxana əməkdaşlarının ölkədaxili nüfuzlu elmi dərəcələrə yiyələnməsi göstərilir.

 

Lakin dünya elmi ilə ayaqlaşmaq baxımından bu məqamlar çox kiçik görünür. Niyə bu Rəsədxanada Kaliforniya, Kembric universitetlərinin astrofizika kafedralarının filialı olmasın ki? Niyə bu rəsədxananın nailiyyətləri NASA-nın televiziyasından yayımlanmasın ki? Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları niyə Nobelə namizəd olmasın ki? Həmişə kiçik addımlarla kifayətləndiyimiz üçün hələ də geridə deyilikmi?

 

AYNA-nın bu suallarını Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, aparıcı elmi işçi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Canməmməd Rüstəmova ünvanladıq.

- Canməmməd müəllim, Şamaxı Astrofizika Rəsədxanasının son bir illik fəaliyyəti nədən ibarətdir?

 

- Bizim rəsədxanamızda müxtəlif istiqamətlərdə tədqiqat işləri aparılır. Ulduzlar, planetlər və planetlərin peykləri, qalaktikalar və s. Son illərin ən qabarıq nəticəsi ondan ibarətdir ki, beynəlxalq əlaqələrimiz getdikcə çox genişlənir. Cihazlarımız təkmilləşir. Ən çox müşahidə apardığımız cihaz 2 m-lik teleskopdur. Cihaz təminatımız ildən-ilə yaxşılaşır və alınan spektral müşahidə materiallarının keyfiyyəti artır, dünya standartlarına uyğunalaşır.

 

- Beynəlxalq əlaqə dedikdə, NASA və ya ESA kimi Amerikanın və Avropanın məşhur kosmik fəza araşdırma mərkəzləri ilə hər hansı əməkdaşlıq addımları varmı? Rəsədxananın onlara, yaxud onların rəsədxanaya hər hansı təklifləri olubmu?

 

- 2018-ci ildə elə mənim layihəm Avropa Birliyinin “Horizon 2020” meqaqrantına təqdim edilib. 2019-cu ildə layihə qalib elan edildi. Bu layihə çərçivəsində 2019-cu ilin yanvar ayının 1-dən 2022-ci ilin dekabr ayının 31-ə qədər 11 ölkədən olan astronomların birgə tədqiqatları nəzərdə tutulub. Baş koordinator Çexiyadadır və hər ölkənin öz koordinatoru var. Azərbaycan üzrə koordinator isə mənəm. Bizim iki əməkdaşımız artıq Estoniyada olub bu layihə çərçivəsində. Gələn ay isə Çexiyaya bir nəfər gedəcək. Bütün maddi ehtiyacları onlar qarşılayırlar. Bu, az məbləğ deyil. Ümumilikdə 80 000 avro xərclənəcək. Beləliklə, əlaqələrimiz bu il daha da genişlənəcək.

 

- Gənclərin astrofizika elminə marağını artırmaq, yeni nəsil astrofiziklərin yetişməsi yolunda hər hansı tədbirlər görülürmü?

 

- Son illərin ən böyük nailiyyətlərindən biri odur ki, bizdə gənc kadrların sayı artır.

 

- Dünyaca tanınmış astrofiziklərin rəsədxanaya dəvəti, master-klasların keçirilməsi ilə bağlı planlar varmı? Nil de Qras, Bell Bönell, Corc Smut, Kip Torne kimi astrofiziklərin bizim rəsədxananın gənc əməkdaşları və astrofizika fakültəsinin tələbələri ilə görüşləri üçün hər hansı addımlar atılırmı?

 

- Şimali Qafqazda 6 metrlik teleskop var. Onun direktoru gəlmişdi. Görkəmli astronomdur. Sentyabr ayında bizdə beynəlxalq konfrans nəzərdə tutulur. Həmin konfransa da sizin dediyiniz kimi, xeyli tanınmış astrofiziklər gələcəklər. Moskvadan və başqa yerlərdən sentyabr ayında həmin konfransa çox güclü elm adamları gələcək. Bayaq dediyim layihə çərçivəsində də gələn ilin may ayında xarici elm adamlarının ölkəmizə axını gözlənilir.

elçin şıxlı

Müəllif: Orxan Bahadırsoy      27 İyun 2019 10:02
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar