“Ölkədə rusbaşlılar və iranbaşlılar “at oynadırlar” <

“Ölkədə rusbaşlılar və iranbaşlılar “at oynadırlar”

Alim: “Millətin böyük hissəsi İran irtica rejimində əziyyət çəkir, haray salır, dil istəyir, azadlıq istəyir, nəsibləri də ya zindan, ya da edam kötüyü olur”

 

“Bir erməninin burnu qanayanda bütün dünya erməniləri dərhal ayağa qalxır və bütün dünyada mitinqlər başlayırlar. Bir yəhudinin başına bir iş gələndə, onun intiqamını sonraya saxlamırlar. Dünyanın harasında yaşayırsansa yaşa, hansı dildə danışırsansa danış, sən yəhudisən. Buna görə də bu qədər möhtəşəm sistemə malikdirlər. Həm yəhudilər, həm də ermənilər. Biz isə nə qədərik? Deyilənlərə görə 50 milyonuq. Ancaq sənədlərdə”.

AYNA xəbər verir ki, bu fikirləri tarixçi-alim Dilavər Əzimli öz “Facebook” səhifəsində paylaşıb. O yazıb ki, biz adımızı, özümüzü itirmiş millətə çevrilmişik: “Daha doğrusu çeviriblər. Çevirməsəydilər, irticaçı İran-fars rejiminin bizim milli fəallara qarşı atdığı addımlardan dolayı ittiham edib, fəryad qoparardıq. Amma kefimizə də deyil. Çünki böyük əksəriyyətimiz kim olduğumuzu bilmir. Böyük əksəriyyətimiz tarixi coğrafiyasını bilmir. Böyük əksəriyyətimizdə nə tarixi, nə də coğrafi şüur var”.

 

“Təsəvvür edin ki, rayon və şəhər məktəblərindən ali məktəblərə gələn tələbələrin böyük əksəriyyəti kimliyini bilmir. Bunlara kimlər dərs keçir? Yaxud ali məktəblərdə təhsil alan tələbələrin əksəriyyəti milli kimliklərini demək olar ki, unudublar. Müəllimləri elə seçirlər ki, milli olmasın. Milli müəllimlər, az qala saathesabı dərsdən də məhrumdurlar. Bu millət üzərində eksperimentlər aparanlar kimlərdir, bu da bəllidir. Nəticə də göz qabağındadır. Millətin böyük hissəsi İran irtica rejimində əziyyət çəkir, haray salır, dil istəyir, azadlıq istəyir, nəsibləri də ya zindan, ya da edam kötüyü olur”, – deyə tarxiçi yazıb.

 

O, baş verənlər qarşısında azərbaycanlı olaraq bizlərin susqunluğunu qəbuledilməz hesab edir: “Biz bu üzdə onlar üçün nə edirik? İşimiz-gücümüz mənasız seriallara, yaxud buynuzlu ilanlar haqqında informasiyalara baxmaq, qulaq asmaqdır. Ölkədə rusbaşlılar, iranbaşlılar at oynadır. Hara gedirik biz? Oyan, ay millət! Sən yox olmağa doğru gedirsən! Güneydə sənin həmvətənin dil uğrunda döyüşür, Quzeydə isə insan haqları ilə məşğul olan təşkilatlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları ağızlarına su alıb. Yuxarılardan komanda gözləyirlər. Hanı ədalətli ABŞ, Avropa dövlətləri? Niyə buna fikir vermirlər? Siz isə, əziz insan haqları təşkilatları, qrant almaq naminə Güneydə baş verən vəhşiliklərə göz yumursunuz”.

Müəllif: Ayna.az      26 İyun 2019 12:30
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar