““El bizim, sirr bizim”də özümü kürəyindən vurulan Beyrək kimi hiss elədim” - “Aranfilm”in rəhbəri

““El bizim, sirr bizim”də özümü kürəyindən vurulan  Beyrək kimi hiss elədim” -           “Aranfilm”in rəhbəri

T.Tahiroviç: “Bundan sonra nağıllara inanan deyilik, axırı da necə olacaq, bilmirəm”

 

“Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri, kinorejissor Tahir Tahiroviçin AYNA-ya müsahibəsini təqdim edirik.

 

- Sizə görə, sənədli film daha əhəmiyyətlidir, yoxsa bədii film?

 

- Futbolda güclü müdafiəçi ilə güclü hücumçunun müqayisə olunmadığı kimi, bunu da müzakirə etmək düzgün olmaz. Çünki hər ikisi müxətlif janr və hisslərdir. Lakin başqa-başqa hisslər olsa da, sənət olaraq eynidir-kinematoqrafiyadır. Düşünürəm ki, ayırmaq düzgün olmaz. İkisi də kinonun mühim sahələrindəndir.

 

- Hazırda yerli komediya filmləri üstünlük təşkil dir. Sizcə, səbəb nədir?

 

- Düşünürəm ki, komediyanı qeyri-ciddi saymaq olmaz. İstənilən halda tamaşaçının seçim hüququ var. Heç bir tamaşaçıya məcburi bilet satılmır. Bunu istehsalçının qəbahəti saymaq olmaz. Ancaq bunun televiziya tərəfinə baxsaq, etiraz edə bilərik. Çünki kino məhsulu daha çox kinoteatrlarda nümayiş olunur. O filmləri istehsal edən kino şirkətləri də heç kimdən pul oğurlayıb film çəkmir. Lakin dövlət tərəfindən maliyyələşən Mədəniyyət Nazirliyi tərəfindən pis film çəkilirsə, onu artıq müzakiərəyə çevirmək olar. Çünki o filmlərə ayrılan vəsaitlər vətəndaşların verdiyi vergidən maliyyələşən büdcədən ayrılıb. Buna baxmayaraq, hazırda müstəqil kino şirkətləri ciddi filmlər də çəkir. Sadəcə komediya janrı üstünlük təşkil edir.

 

- Mövzu televiziyadan düşmüşkən, hazırkı televiziya kanallarının durumundan razısızmı?

 

- Televiziyalardakı məsələ artıq dərdə çevrilib. Necə ki, 1988-ci ildə Qarabağ balaca bir məsələ idi, lakin bu məsələ o qədər uzandı ki, müəyyən bir vaxtdan sonra problemə çevrildi. Qarabağ artıq dərd oldu. Problemi siyasiləşdirməklə həll etmək olar. Amma dərd bütün Respublikanın bəlasına çevrilir. Necə ki, televiziyalar da artıq problem deyil, böyük bir dərddir. Bunu bütün telekanallara şamil etmək omaz. Amma düşünürəm ki, bu, televiziya rəhbərlərinin istəyinə qurulmuş prosesdir, onlar belə istəyir.

Картинки по запросу tahir tahiroviç

- Sizcə, səbəb nə ola bilər?

 

- Çünki belə iş görmək daha asandır. Bu, daha çox təfəkkürlə bağlı məsələdir. Sadə, cahil adamla vaxt keçirmək, kamil insanla vaxt keçirməkdən daha asandı. Televiziyalar bayağı verlişlər hazırlamaqla insanları ovsunlaya və istifadə edə bilirlər. Hətta elə adamlar var ki, hər şeydən məlumatlıdır, amma bu verlişlərə baxır və həyatında tətbiq edir. Necə ki, namaz qılmaq artıq dindarların həyatında daha çox vərdişə çevrilib, bu da, təxminən belədir. Təəsüf ki, artıq ziyalılar da televiziyanın yaratdığı problemin içinə düşüblər.

 

- Televiziya və film sahəsini inkişaf etdimək üçün nə etmək lazımdır?

 

- Bu, daha çox televiziya rəhbərlərinin istəyini daxil olmalıdır. Azərbaycan kiçik bir ölkədir deyə, rəhbər vəzifəli şəxslərin istəklərindən kənar nəsə etmək mümkün deyil. Dövlət serialların inkişafı ilə bağlı sərəncam imzalamışdı. Ard-arda onlarla serial çəkildi. İndi isə artıq televiziyalar özləri bunu həll edir. Yaxşı olardı ki, sənədli televizya filmlərinin inkişafı ilə də bağlı məsələ gündəmə gəlsin və bunun üçün MTRŞ maliyə yardımı ayırsın.

 

- Sovet kinematoqrafiyası ilə müasir Azərbaycan kinematoqrafiyasının fərqini nədə görürsünüz?

 

- Sovet kinosu ideoloji bir xəttə çevrilmişdi. Amma mənə görə, Azərbyacan kinosunun ən inkişaf etmiş dövrü 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində olub. Bu illərdə artıq müəllif kinosunun inkişafı başlayıb və Azərbaycan kinosu ən pik nöqtəsinə çatıb. Qısa 10 il ərzində Azərbaycan kinosunda o qədər film istehsal olunmuşdu ki, “Azərbaycanfilm”in SSRİ dönəmində, yəni 70 ildə istehsal etdiyi filmləri üstələmişdi. Çox təəsüflər olsun ki, bu tendensiya Azərbaycanda uzun sürmədi. Azərbaycan gürcü, rus, türk kinematoqrafiyalarının getdiyi yolu gedə bilmədi. Azərbaycan kinosunun idarəçiliyi son 15 ildə bərbad vəziyyətə düşdü. Düşünürəm ki, Azərbaycan kinosunun itirdiyi 15 ili geri qaytarmaq çox çətindir. Azərbaycan tamaşaçısı hələ də “Əhməd haradadır”, “Bizim Cəbiş müəllim” kimi filmlərin nostalgiyasında qalıb. Çünki həmin tamaşaçıya məhsul verən olmadı.

 

- Sovet dövründə Azərbaycan filmləri Türkiyənin “Yeşilçam” filmlərini kifayət qədər üstələyirdi. Lakin müstəqillik dövründə onlar inkişaf etdi, biz geridə qaldıq. Nə üçün Azərbaycan kinosu inkişaf etmək əvəzinə tənəzzülə uğradı?

 

- Azərbaycan kionusunun bədnam idarəçiliyinə görə. Lakin Azərbaycan kinorejissorları ya maddi, ya fəxri ad baxımından öz qınlarına çəkildilər. Ona görə də vəziyyət bu yerə gəlib çıxıb. Türkiyədə isə bizdən fərqli olaraq kinoya müstəqillik verdilər. Rusiyada əksər filmlərin sonunda “Kinematoqrafiya agentliyinin dəstəyi ilə” yazılır. Bu baxımdan Mədəniyyət Nazirliyi müstəqil kino şirkətlərinə vəsait ayırmalıdır.

 

- Azərbaycanda fəaliyyət göstərən gənc rejissorlara Mədəniyyət Nazirliyi və kinoittifaqlar tərəfindən nə dərəcədə dəstək verilir?

 

- Kinoittifaqdan dəstək gözləmək düzgün deyil. İttifaq ictimai təşkilatdır. O, ancaq mənəvi dəstək verə bilər. Azərbaycan Kinematoqrafçılar İttifaqı Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə kifayət qədər işlər görüb. Gənc rejissorların filmlərinin nümayişləri keçirilir, kino məktəbi, kino evi fəaliyyətə başlayıb. Rejissorların sseanariləri müzakirə olunur və dəstək verilir. Bir sözlə, iş prosesi əla gedir. O ki, qaldı Mədəniyyət Nazirliyinin dəstəyinə, az da olsa dəstək verirlər. Amma kompleks şəkildə iş getmir, məqsəd, mövqe və istiqamət yoxdur. Sadəcə plan doldururlar.  

 

- Azərbaycanda incəsənətin əsas təməl daşı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bu işdə nə qədər fəaldır?

 

- İncəsənət Universitetinin Azərbaycan teatrına, kinosuna aktyor və rejissor baxımından verdiyi tövhələrin qiyməti danılmazdır. Lakin texniki baxımdan ola bilər ki, nisbətən zəifdir. Çox istərdim ki, bölgələrdə yerləşən universitetlərdə də kino fakültələri çox olsun. Rejissor olmaq istəyən nə üçün Bakıya gəlməlidir? Gəncədə 4 teatr, 2 televiziya və filarmoniya var. Ancaq Gəncədə İncəsənət sahəsində təhsil almaq istəyən şəxs, mütləq Bakıya gəlməlidir. Bölgələrdən Bakıya gələn də geri qayıtmaq istəmir. Sonra da deyirik ki, bölgələrdə incəsənət sahəsinin inkişafı zəifdir. Təhsil naziri hara baxır ki, bu sahə bölgələrdə tədris olunmur? Nə üçün bölgələrdə yerləşən universitetlər ancaq müəllim, prokuror, iqtisadçı yetişdirilməlidir? Onu da qeyd edim ki, bizim mərkəz hər il İncəsənət Universitetinin kinorejissorluq ixtisası üzrə diplom çəkmək istəyən tələbələrə dəstək verir. Səslənirəm ki, hansı tələbənin film çəkməkdə problemi varsa, buyura bilər. Qapımız istedadlılara açıqdı.

Картинки по запросу tahir tahiroviç

- Bəs nə üçün Mədəniyyət və Təhsil Nazirlikləri bu işdə fəallıq göstərmir?

 

- Çünki iş böyüyəndə problemlər çox olur. Bu da onlara sərf etmir.

 

- Bu yaxınlartda “Space” televiziyasında yayımlanan “El bizim, sirr bizim” verilişinə dəvət olunmuşdunuz və qalamaqal yaşamışdınız. Sizcə, proses əvvəlcədən planlaşdırılmşdı?

 

- Bəli. Verliş əvvəlcədən qərəzli şəkildə hazırlanmışdı. Düzü, onlara yazığım gəlir. Bilirsiz, ahıl yaşda olan bir ziyalının elə davranış sərgiləməyi çox gülüncdür. Azərbaycan kinosunun problemini qərəzli şəkildə kinematoqrafçılar İttifaqının üstünə yıxırlar. Halbuki orda baş verən hadisələrin vətəndaşalara heç bir dəxli yoxdur. Məsələn, ittifaqda mənimlə iki rejissor mübahisə edirsə, onun kinodan uzaq olan insana dəxli yoxdur. Problemi, sadə insanların vergisindən bəhrələnmiş büdcədən ayrılmış smetadan Azərbaycan Mədəniyyət Nazirliyinin çəkdiyi filmləri və strategiyasını müzakirə edə bilərsən. Açıq-aydın bilinirdi ki, proses əvvəlcədən hazırlanmışdı. Özlərini biabr etdilər. Hətta aparıcı da tərəfkeşlik edirdi. Özümü o verlişdə, “Dədə Qorqud” filmində Aruzla Yalıncığın sarayına çağrılaraq kürəyindən vurduqları Beyrək kimi hiss etdim. Elə insanlara sadəcə yazığım gəlir.

 

- Ümumiyyətlə, bir ziyalının mənfəət uğrunda mövqeyini dəyişməsi nə dərəcdə doğrudur?

 

- Azərbaycan ziyalısının fikirləri çox lokallaşıb. Mənə bir ziyalı göstərin ki, onun fikri cəmiyyətdə nəyisə dəyişdirsin. Gürcüstanda Vaxtanq Kikabidzenin, Rusiyada Aleksandr Sokurovun işlətdiyi ifadələr bütün ölkəyə sirayət eləyir. Bəs bizim hansı ziyalımızın fikirləri Bakıdan kənara çıxıb? Təəsüf ki, Azərbaycan ziyalısının əhatə dairəsi azalıb.

 

- Aran film yaradıcılıq mərkəzinin bədii rəhbəri olaraq fəaliyyətinizdən razısınımzı?

 

- Dördüncü ildir ki, fəaliyyət göstəririk. 20-ə yaxın əməkdaşımız var. Əməkdaşalarımızın hamısı sahə üzrə təhsil alıb. Bu günə qədər 85 film istehsal etmişik. Onların əkəsəriyyəti sənədli filmlərdir. Televiziya, qısa metrajlı bədii, elmi-kütləvi, tarixi və araşdırma filmlərimiz var. Hər biri də Azərbaycan mədəniyyət və incəsənətinə xidmət edən salnamələrdir. Təəsüflər olsun ki, qiymət verilmir. Gələcəyə də ümidim yoxdur.

 

- Belə olan halda gələcək planlardan danışmağa dəyərmi?

 

- Məncə yox. İndiki dövrdə planla iş görmək çox çətindir. Ümidim azdır, amma arzu edirəm. Bundan sonra nağıllara inanan deyilik. Axırı da necə olacaq, bilmirəm.

Müəllif: Mərahim Nəsib      10 Oktyabr 2019 21:30
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin