“Star” NEZ bu ilin 6 ayı ərzində “Petkim”ə 260 min ton nafta tədarük edib

“Star” NEZ bu ilin 6 ayı ərzində “Petkim”ə 260 min ton nafta tədarük edib

STAR NEZ investisiyalarını və xammal alış sazişlərini uzun müddətə bağladığı üçün neft qiymətlərindəki artım və azalmaların təsirini o qədər də hiss etmir

 

Türkiyədə real sektorun tək nöqtəyə yatırdığı ən böyük investisiya layihəsi olan STAR NEZ 2018-ci ilin oktyabrında fəaliyyətə başlayıb. 6,3 milyard dollar dəyəri olan nəhəng layihə bu yaxınlarda təməli qoyulan əlavə saxlama obyekti investisiyası ilə təxminən 7 milyard dollarlıq bir miqyasa çatıb. STAR zavodunda tikintinin ən intensiv dövründə işlərə 14 ölkədən 19 500 adam cəlb edilib ki, onların da 3 mindən çoxu mühəndislər olub. Hazırda zavodda 1 100 nəfər çalışır.  

 

AYNA xəbər verir ki, bu barədə bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında STAR Neft Emalı Zavodunun (NEZ) Baş direktoru Məsut İlter məlumat verib.

 

M.İlter bildirib ki, Türkiyənin ilk strateji investisiya sənədi STAR neft emalı zavoduna məxsusdur: “STAR NEZ Türkiyə real sektor tarixinin ən böyük və uzunmüddətli layihə maliyyələşdirilməsi haqqında kredit sazişinin imzalanması ilə yadda qalıb. Bu, son 60 ildə Türkiyədə inşa edilən ilk yeni neft emalı zavodudur. Emal və neft-kimya sahələrinin inteqrasiyasını həyata keçirən STAR NEZ, eyni zamanda Türkiyənin ilk “Strateji İnvestisiya Təşviq Sənədi”nə də sahibdir. SOCAR tərəfindən İzmirin Əliağa bölgəsində inşa edilən STAR NEZ Türkiyənin emal olunmuş neft ehtiyacının 25%-ni təkbaşına təmin edir. İllik emal gücü 10 milyon ton xam neft olan zavodda 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı Türkiyənin cari kəsirində xüsusi əhəmiyyətə malik olan təyyarə yanacağı və LPG kimi neft məhsulları istehsal edilir. 100-dən artıq neft çeşidini emal etməyə qadir olan STAR zavodunun gündəlik emal gücü 214 min barrel xam həcmindədir”.

“İlk satışını 2019-cu ilin yanvarında “Petkim”ə nafta tədarük etməklə həyata keçirən STAR NEZ 2019-cu ilin sentyabr ayından etibarən tam gücü ilə işləməyə başlayıb. Cari ilin əvvəlindən, ümumilikdə 4,5 milyon ton məhsul istehsal edən STAR zavodu daxili bazarı tələbatını ödəməklə yanaşı məhsullarını Aralıq dənizi və Şimalı Avropa ölkələrinə də ixrac edir. STAR NEZ-in uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır.

Neft məhsulları sahəsində Türkiyənin xaricdən asılılığını aradan qaldırmağı və cari kəsirini azaltmağı hədəfləyən STAR NEZ məhsul çeşidləndirilməsini də bu məqsədlə həyata keçirir. Zavod ildə 4,8 milyon ton dizel istehsalı ilə Türkiyənin dizel idxalından asılılığını əhəmiyyətli şəkildə azaldacaq. NEZ-in məhsul çeşidləri arasında benzin yoxdur”, - deyə Baş direktor əlavə edib".

 

Onu da bildirib ki, bu ilin ilk yarısında “PETKİM”ə 260000 ton nafta tədarük olunub: “STAR NEZ-in 2018-ci ilin oktyabrında açılışından sonra bütün qurğular mərhələli şəkildə istifadəyə verilərək istehsala başlanıldı və hazırda istehsal prosesi uğurla davam etdirilir. İlk məhsul satışı 2019-cu ilin yanvarında “Petkim”ə nafta verilməsi ilə həyata keçirildi. STAR NEZ-in əsas hədəfi “Petkim” ilə inteqrasiya yaratmaqdır. Zavod “Petkim”in yaxınlığında inşa edilmişdir və iki nəhəng kompleks boru kəmərləri vasitəsilə bir-birinə bağlanıb. 2019-cu ilin ilk yarısında zavoddan “Petkim”ə 260 000 ton nafta tədarük edilib. Ehtiyac duyduğu xammalın STAR zavodunda istehsal edilməsi səmərəli və davamlı təchizatı təmin etməklə “Petkim”in istehsalat imkanlarını və keyfiyyətini artırır. Bundan başqa, dəniz vasitəsilə nafta idxalının dayandırılması nəticəsində, “Petkim”in yükləmə limanında sıxlıq azalmış və ixrac mallarının yüklənməsi asanlaşıb”.

 

“STAR NEZ bu il sentyabrın sonlarından etibarən tam gücü ilə işləməyə başlayıb və indiyə qədər zavodda 4,5 milyon ton xam neft emal edilib, ilin sonuna kimi bu rəqəmin 8 milyon tona yüksəlməsi nəzərdə tutulur. Bazara, eyni zamanda dizel, təyyarə yanacağı, LPG, neft  koksu kimi məhsullar çıxarılır. Ötən aylarda “SOCAR Aviation” İstanbul aeroportunun illik 700 000 tonluq təyyarə yanacağı üçün elan etdiyi tenderi uddu. STAR NEZ-də istehsal olunan təyyarə yanacağının mühüm bir hissəsi İstanbul aeroportuna tədarük olunacaq. STAR-ın müştəriləri arasında digər hava limanlarının da yer alacağı gözlənilir”, - deyə M.İlter əlavə edib.

 

Onun sözlərinə görə, STAR NEZ investisiyalarını və xammal alış sazişlərini uzun müddətə bağladığı üçün neft qiymətlərindəki artım və azalmaların təsirini o qədər də hiss etmir.

Müəllif: Ayna.az      10 Oktyabr 2019 18:05
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin