"O dronun içində bomba da ola bilərdi" – ASALA-nı unutmadıq

"O dronun içində bomba da ola bilərdi" –   ASALA-nı unutmadıq

Millət vəkili: “Lüksemburq təhlükəsizlik xidmətinin günahı var”

 

Xəbər verdiyimiz kimi, dünən Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” qarşılaşmasında təxribat törədilib. Belə ki, matçın 35-ci dəqiqəsində naməlum şəxslər stadiona dron vasitəsi ilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını endirməyə cəhd ediblər.

 

Bundan dərhal sonra oyun dayandırılıb və uzun fasilə yaranıb. Fasilə zamanı Lüksemburqun İdman naziri “Qarabağ”ın soyunub-geyinmə otağına gələrək Azərbaycan xalqından üzr istəyib və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdıqlarını vurğulayıb.

 

Yaşanan hadisə ciddi təhlükəsizlik problemini gündəmə gətirdi. Dronla stadiona “bayraq” endirməyə əl atanlar, daha radikal addıma (məsələn, terror aktına) cəhd edə bilməzlər(di)mi? (Ki, ASALA-nı, onun törətdiyi terror aktlarını unutmuş deyilik) Və bütün bunların məsuliyyətini kim, yaxud kimlər daşıyır?

Mövzunu AYNA-ya şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas bildirib ki, Lüksemburqda təhlükəsizlik tədbirləri kifayət qədər təmin olunmamışdı: “Dünyanın hər yerində futbol qarşılaşmaları keçirilir. 90 dəqiqə ərzində təhlükəsizlik xidmətinin nümayəndələri hər hansı bir hadisənin baş verməməsi üçün sona qədər azarkeşləri müşahidə edirlər. Lakin bu, Lüksemburqda təşkil olunmamışdı”.

 

Millət vəkili bu hadisənin təxribat olduğunu vurğulayıb: “Həmin o dronun tərkibində bomba ola və kütləvi qətliam baş verə bilərdi. Çünki dronu indi istənilən şəxs hazırlaya bilər. Bu baxımdan bütün dünyada bu cür ictimai ərazilər təhlükəsizlik xidmətinin nümayəndələri tərəfindən ciddi şəkildə qorunur. Bu, bir təxribat idi. Düşünürəm ki, Lüksemburq təhlükəsizlik xidmətinin də burada günahı var. Ki, bu hadisənin baş verməsinə şərait yaradıblar”.

 

“Lakin Lüksemburqun Azərbaycanla heç bir problemi ola bilməz. Çünki Lüksemburq pilot ölkədir. BMT-nin qarşısında Avropa ölkələri bayraqlarının sayı çox olsun deyə bu dövlətin əsası qoyulub. Həm də BMT-yə sərf edir ki, parlamentdə bu ölkədən də nümayəndə olsun və daim BMT-ni dəstəkləsin. Yəni bu mənada Lüksemburq elə də ciddi və əhəmiyyətli ölkə deyil”, - Aqil Abbas əlavə edib.

 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə AYNA-ya açıqlamasında bu hadisənin ilk dəfə baş vermədiyini deyib: “Ümumiyyətlə belə hadisələrə digər ölkələrdə də bir neçə dəfə rast gəlinib. Sadəcə belə əhəmiyyətli görüşlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA-ya xəbər verməlidir ki, bu cür hadisələrin qarşısını əvvəlcədən ala bilsinlər”.

 

Ekspert hadisəni çox da qabartmamağın tərəfdarıdır: “Sadəcə xoşagəlməz bir hadisə idi. Nəzərə almaq lazımdır ki, “Qarabağ” da, Azərbaycan Milli Komandası da bu cür hallarla tez-tez rastlaşa bilər. Düşünürəm ki, Azərbaycan tərəfi belə vasitələrdən istifadə etməlidir. Yəni diaspor təşkilatları bu işlərdə fəal olmalıdır. Lakin hər şeyə rəğmən, azarkeşlərin aktivliyi xoş təsir bağışladı. Yəni bu hadisə bizim üçün elə də təhlükəli məsələ deyildi”.

“Lüksemburq banklar ölkəsidir. Ən zəngin adamlar öz vəsaitlərini orda qoruyub saxlayırlar. Lüksemburqun ölkə kimi çəkisi yoxdur deyə, mövqeyi də ola bilməz. Sadəcə onlar belə məsələlərdə o qədər arxayın olurlar ki, belə hadisələrin baş verəcəyini təsəvvür belə, etmirlər. Sadəcə bu işi törədənlər Azərbaycanla düşmən mövqedə dayananlardır. Lakin buna baxmayaraq, Ermənistan beynəlxalq aləmdə imicinə xələl gəlməsin deyə, dövlət səviyyəsində bu hadisəyə imza atmağa cəsarət edə bilməz. Düşünürəm ki, bu, ancaq sıravi ermənilərin işi ola bilər”, - müsahibimiz vurğulayıb.

 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) nümayəndəsi Şaiq Həmidov AYNA-ya, AFFA-nın bu məsələdə susmayacağını deyib: “AFFA əks tərəfin cavabını lazımi qaydada vercək və bəyanat yayacaq. Çünki AFFA Azərbaycan futbolunun rəsmi qurumudur və bu baxımdan bu hadisəyə mütləq reaksiya verməlidir”.

 

Ş.Həmidov bu hadisənin “Qarabağ”ın imicinə xələl gətirmədiyini bildirib: “Başda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov olmaqla, oyunçular böyük vətənpərvərlik nümayiş etdirdilər. Lakin bu hadisə Azərbaycanın imicinə zərər vurmadı, əksinə beynəlxalq aləmdə nüfuzunun daha da qalxmasına səbəb oldu”.

 

“Buna baxmayaraq, Lüksemburq Futbol Federasiyası cərimə olunacaq. Əgər bir ölkənin rəsmi futbol qurumu beynəlxalq aləmdə qəbul olunursa, demək baş verənlərə də cavabdeh olmalıdır və hadisəyə görə cavab verməlidir. Çünki təşkilatçı ölkənin futbol federasiyası məsuliyyət daşıyır. Bu baxımdan Lüksemburq Futbol Federasiyası cəzalandırılmalıdır”, - deyə AFFA nümayəndəsi əlavə edib.

Müəllif: Mərahim Nəsib      4 Oktyabr 2019 13:24
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin