Pomidorumuzun Rusiya bazarında 3 əsas rəqibi var

Pomidorumuzun Rusiya bazarında 3 əsas rəqibi var

Bakıda strateji kənd təsərrüfatı məhsullarına dair konfrans keçirilir

 

Azərbaycanın ixracatında üstünlük təşkil edən məhsullardan pomidor və fındıq strateji liderliyini qoruyur. AYNA xəbər verir ki, bu gün Bakıda öz işinə başlayan “Strateji məhsul” adlı konfransda belə fikir səslənib.

 

Tədbirə açılış edən Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib ki, Azərbaycanda pomidor fındıq istehsalından sonra əsas ixrac məhsuludur: “Bizdə pomidor istehsalı 3 formada həyata keçirilir: Açıq sahədə, istixanada və təbii torpaqda. İstixanada yetişdirilən məhsullar həm ənənəvi, həm də müasir texnologiyalar ilə əldə olunur. Rusiya bazarında liderlik edən Azərbaycan pomidorunun da rəqibləri var. Bu mənada Özbəkistan, Tacikistan və Qırğızıstan kimi ölkələrlə rəqib olsaq da, bir çox sahədə əməkdaşlığımız vacibdir. Bu səbəbdən də həmin dövlətlərin mütəxəssisləri ilə tez-tez bir araya gəlməyi qərarlaşdırmışıq”.

Çıxış edən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının rəsmi təmsilçisi Riazuddin məlumat verib ki, 47 üzv ölkə arasında Azərbaycanla da əməkdaşlıq davam etdirilir: “Məqsəd qida və dəyər zəncirinin və kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsində dəstəyin verilməsidir. Hazırda üzv ölkələrin real 49% məhsuldarlıq sahələri olsa da, məqsəd daha 14% etibarlı resusları aşkarlamaqdır. Regionda kənd təsərrüfatı sahələrinin məhsuldarlığını, ixrac potensialını artırmaqla bu sahənin nüfuzunu qaldırmaq vacibdir”.

 

İslam İnkişaf Bankının (İİB) Türkiyədəki (Ankara) nümayəndəsi Selçuk Dağ çıxışında bildirib ki, dünyada lider olan İİB-in 70 milyard dollarlıq sərmayəsi, 60 milyard dollarlıq əməliyyat potensialı var: “Azərbaycan hökuməti ilə əməkdaşlığımız davam edir, kənd təsərrüfatı sahəsində də vacib təşəbbüsləri dəstəkləməyə hazırıq”.

 

Konfransda Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Azərbaycan üzrə meneceri Rufiya Ospanova da çıxış edib. O, qeyd edib ki, İslam ölkələri əhalisinin sayının 2050-ci ildə 3 milyard nəfərə çatacağı proqnozlaşdırılır: “Əhali artımı nəzərə alınaraq, bu məsələdə ölkələr strateji məhsullarını artırmalıdır”.

 

Qeyd edək ki, 2 gün davam edəcək konfransda Tacikistan, Qırğızıstan və Özbəkistanın da kənd təsərrüfatı üzrə ekspertləri iştirak edirlər. Qarşıda pomidor və fındıq ixracatında maneələr, cağırışlar, iqtisadi rentabellik, dəyər zəncirinin qurulması kimi məsələlər müzakirə olunacaq.

Müəllif: Raminə Eyvazqızı      3 Oktyabr 2019 14:01
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin