Yeni iş yerlərinin statistikası: Məhsuldar iş və işləyən yoxsullar

Yeni iş yerlərinin statistikası: Məhsuldar iş və işləyən yoxsullar

MDB ölkələrindən yalnız Rusiya son illərdə beynəlxalq təcrübədə istifadə edilən yanaşmadan bəhrələnməyə qərar verib

 

Azərbaycanın rəsmi statistika orqanı, bəlkə də dünyada nadir analoji strukturlardan biridir ki, il ərzində bir neçə dəfə yeni iş yerlərinə dair böyük həcmdə hesabatlar hazırlayır və ictimailəşdirir. Bu təcrübəyə 2003-cü ildə start verilib və günümüzdə də davam edir. Maraqlanan hər kəs bu hesabatlarla Dövlət Statistika Komitəsinin saytında 2 mənbə: “Əmək bazarı” bölməsində yerləşdirilən “Yeni iş yerləri” adlı rüblük bülletenlər və “Nəşrlərin e-versiyası” bölməsində müntəzəm yenilənən “Yeni iş yerləri” adlı nəşrlər vasitəsilə tanış ola bilər.

 

Paradoksdur ki, rəsmi statistikanın dəstəyi ilə yeni iş yerləri açılması istiqamətində geniş təbliğatın aparıldığı bir ölkədə insanların ən çox əziyyət çəkdiyi problemlərin başında işsizlik gəlir. Bu baxımdan cəmiyyət haqlı olaraq sual verir: Əgər gerçəkdən hər il yüz minlərlə iş yeri açılırsa, nə üçün ölkədə insanlar iş ardınca qonşu ölkələrə miqrasiya edir, etiraf edilməyən gizli işsizlik böyük miqyasa malikdir?

 

İş yerlərinin rəsmi statistikası

 

Statkomun yuxarıda qeyd etdiyim hesabatlarına görə, 2003-2018-ci illərdə Azərbaycan iqtisadiyyatında 2.2 milyon iş yeri yaranıb. Hökumət bildirir ki, həmin iş yerlərindən, təxminən 73%-i (1.6 milyon) daimi, yerdə qalan hissəsi isə mövsümi və müvəqqəti işlər olub.

Bu statistikada maraqlı, həm də mübahisəli görünən bir məqam da var: rəsmi məlumata əsasən 15 il ərzində bütün yeni iş yerlərinin cəmi 27%-i (602 min) müəssisə və təşkilatlatlarda, az qala yarısı (1 milyonu) fərdi sahibkarlıq sahəsində yaradılıb. Bunları nəzərə almasaq, yerdə qalır 620 min yeni iş yeri. Bəs onlar harada yaranıb?

 

Rəsmi statistika deyir ki, “digər tədbirlər üzrə müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri” kimi təsnifləşdirilən fərqli layihələrdə. Bu, necə təsnifatdır? İş yeri iqtisadiyyatın hansısa sektorunda (sənaye, aqrar, xidmət, nəqliyyat, rabitə və s.) yaranır. Necə ola bilər ki, statistika həmin iş yerlərinin hansı sektorda yarandığını uçota ala bilməsin? Hələ onu demirəm ki, Azərbaycanda bütün iş yerlərinin, eləcə də yeni iş yerlərinin statistikasının, nəinki iqtisadiyyatın konkret sektorları, hətta peşə və ixtisaslar üzrə açıqlanması çox önəmlidir.

 

Rəsmi statistikaya əsasən, 2003-2018-ci illərdə məşğul əhalinin sayı 900 min nəfər artıb, yəni hər il orta hesabla, 55 min nəfər. Lakin yuxarıda təqdim edilən məlumatlardan göründüyü kimi, bu müddətdə orta hesabla hər il 150 min yeni iş yeri açılıb. Əgər açılan iş yerlərinin sayı məşğul əhalinin sayını 3 dəfə üstələyirsə, bu, o deməkdir ki, hər il iqtisadiyyatın tələblərinə cavab verməyən, rəqabətdə uduzan ən azı 100 min iş yeri bağlanıb.

 

Statistika açılan iş yerləri ilə yanaşı, bağlanan həmin iş yerlərinin də bölgələr, sektorlar və peşələr üzrə strukturuna dair hesabat hazırlaya bilərdimi? Bu yanaşma yeni iş yerləri ilə bağlı ictimai rəydə mövcud olan şübhələri əsaslı şəkildə azaltmazdımı? Belə suallar çoxdur.

 

Amma bu məqalənin əsas məqsədi heç də yeni iş yerləri ilə bağlı statistikanın etibarlılığını müzakirəyə çıxarmaq deyil. Hesab edək ki, bu statistika doğrudur, hətta bütün bölgələr, sektorlar və peşələr üzrə sayı da dəqiq açıqlanır. Bu yazı başqa bir suala cavab axtarmağa çalışır: Azərbaycanda milyonlarla iş yeri açılması daha önəmlidir, yoxsa məhsuldar və ləyaqətli əməyə əsaslanan iş yerlərinin açılması prioritet olmalıdır?

 

Məhsuldar və ləyaqətli iş yeri

 

BMT-nin qlobal miqyasda dayanıqlı inkişafla əlaqəli 17 prioritetindən biri məhz ləyaqətli əməyin tətbiqidir. BMT-nin strukturu olan Beynəlxalq Əmək Təşkilatı da 1999-cu ildə ləyaqətli əməklə bağlı konsepsiya qəbul edib. Təşkilatın yanaşmasına görə, insanların sərbəst seçdiyi, işçi üçün təhlükəsiz əmək şəratini və sosial müdafiəni, həmçinin ədalətli əməkhaqqını təmin edən iş yeri ləyaqətli iş yeri hesab edilə bilər.