Azərbaycan ikinci ən böyük fındıq ixracatçısına çevriləcək

Azərbaycan ikinci ən böyük fındıq ixracatçısına çevriləcək

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: “Bizim ixrac və idxal baxımdan strateji məhsullarımız var”

 

“Fındıq ixracatı üzrə Azərbaycan dünyada 3-cü yerdədir. Tezliklə 80 min hektarlıq sahəmiz bar verdikdən sonra, Azərbaycan Türkiyədən sonra 2-ci ixracatçı ölkəyə çevriləcək”.

 

AYNA xəbər verir ki, bu barədə jurnalistlərə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə açıqlama verib.

“Bu yaxında Türkiyə, Gürcüstan və Azərbaycan ixracatçıları olaraq bir araya gəlmişdik, məqsəd dünya bazarında əlverişli imkanlar əldə etmək,  qiymətlərin istehsalçılar üçün münasib olması barədə fikir mübadiləsi aparmaq idi. Bizim ixrac və idxal baxımdan strateji məhsullarımız var. Onlardan ixrac baxımından üstünlük təşkil edən meyvə-tərəvəz məhsullardır. İdxal əvəzetmə strategiyasında nəzərdə tutulan məhsullar baxımından taxılçılıq üstünlük təşkil edir. Hazırda ərzaq buğdası ilə özümüzü təminetmə göstəricimiz 62%-dir. Hər il, təqribən 200 min ton buğdanı öz hesabımıza artırsaq, növbəti mərhələlərdə  kənardan ölkəyə məhsul gətirilməz”, - deyə o bildirib.

 

Pambıq istehsalı ilə bağlı suala cavab verərkən direktor qeyd edib ki, pambıqla bağlı istehsalda suvarma ənənəvi problem olaraq qalır: “Amma cari il bu sahədə strategiya dəyişdi. 130 min hektar ərazidən 102 minlik sahə suvarma üçün uyğunlaşdırıldı. Bu il pambığımızın bol olacağı proqnozlaşdırılır, göstəricilərimizin yüksək olacağı gözlənilir”.

 

“Bu yaxınlarda pambıq istehsalında Çin texnologiyası ilə bağlı təqdimatımız olacaq. Pambıq elə məhsuldur ki, o, emal olunmasa da, bazarda satılır. Dövlətin ilkin dəstəyi istehsalla bağlıdır, qalan emal məsələsi tekstil sənayesinin inkişafına bağlı olaraq özəl sektorun üzərinə düşür”, - F.Fikrətzadə vurğulayıb.

Müəllif: Raminə Eyvazqızı      3 Oktyabr 2019 12:35
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin