“Ermənistan sadəcə təşkilatçı idi - qonaq qarşılayıb, yerləşdirirdi”

“Ermənistan sadəcə təşkilatçı idi - qonaq qarşılayıb, yerləşdirirdi”

İlqar Vəlizadə: “Ali Avrasiya İqtisadi Şurasının sammitinin Yerevanda keçirilməsinin Azərbaycana heç bir təsiri ola bilməz”

 

Xəbər verdiyimiz kimi, bu günlərdə İrəvanda Ali Avrasiya İqtisadi Şurasının sammiti oldu. Toplantıda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev və Qırğızısıtan Prezidenti Sooronbay Jeenbekov işıtirak edib.

 

Sammit və onun ölkəmizə təsirlərini AYNA-ya şərh edən politoloq İlqar Vəlizadə hesab edir ki, Ali Avrasiya İqtisadi Şurasının sammitinin Azərbaycana heç bir təsiri ola bilməz: “Çünki Azərbaycan bu qurumla heç bir rəsmi əlaqələr qurmayıb və qurmaq planları da yoxdur. Lakin Azərbaycan qurumdakı aparıcı ölkələrlə ikitərəfli əməkdaşlıq qurub ki, bu da Azərbaycana kifayət edir”.

Siyasi şərhçi tədbirin Ermənsitanda keçirilməsini belə dəyərləndirib: “Bu tədbirin Ermənistanda keçirilməsi və siyasi funksiyası ondan ibarətdir ki, qurumun coğrafiyası genişlənsin. Çünki Yerevandakı bu tədbirə təkcə İran Prezidenti yox, Sinqapurun Baş Naziri və Moldovanın Prezidenti də qatılmışdı. Bu da həmin coğrafiyanın genişlənmə planlarından xəbər verir. Sonra bir xəbər də yayıldı ki, Özbəkistan Prezidenti də bu ittifaqa qoşulmaq üçün müraciət ünvanlayıb”.

 

“Amma məsələ bundan ibarətdir ki, bu qurumda iştirak edən ölkələrin siyasi maraqları fərqlənir. Ermənistan bu quruma üzv olaraq, sadəcə meydança xarakteri daşıyır. Bundan başqa Ermənistan bu protokola da sədrlik edir. Bu nöqteyi-nəzərdən toplantı Yerevanda keçirilib. Amma Ermənistanın çəkisi bu qurumda çox aşağıdır, heç bir təsir imkanları da yoxdur. Ona görə də, demək olar ki, bu, protokol naminə olan bir görüşdür”, - deyə müsahibimiz vurğulayıb.

 

“Ermənistan burada təşkilatçı rolunu oynayır. Təşkilatçının rolu da ondan ibarətdir ki, iştirakçıları qarşılasın və yerləşdirsin. Ermənistanın rolu ancaq bundan ibarətdir. Ona görə də tədbirin Ermənistana təsirindən danışmaq olmaz”, - İ.Vəlizadə vurğulayıb.

Müəllif: Mərahim Nəsib      3 Oktyabr 2019 21:40
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin