Bu gün Azərbaycanda əhalinin növbəti siyahıyaalınması başlayır

Bu gün Azərbaycanda əhalinin növbəti siyahıyaalınması başlayır

Bu gündən Prezident İlham Əliyevin 2016-cı ilin 7 sentyabrında imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmana əsasən sayca 3-cü siyahıyaalınma başlayır

AYNA xəbər verir ki, proses oktyabrın 10-a kimi davam edəcək.

Artıq 3 ili əhatə edən siyahıyaalmaya hazırlıq dövrü başa çatıb. Ölkənin hər bir inzibati ərazi vahidi üzrə təşkilati plan tərtib olunub, yerli icra hakimiyyətləri ilə razılaşdırılaraq Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilib

Təşkilati planların tərtib edilməsi nəticəsində əhalinin siyahıyaalınmasının rayonlaşdırılması başa çatdırılıb. Ölkə ərazisi 720 siyahıyaalma, 6 777 təlimatçı və 33 907 sayıcı məntəqəsinə bölünüb, bu prosesə cəlb olunacaq işçilərə olan tələbat müəyyən edilib.

Azərbaycanda müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla siyahıyaalma və sorğu vərəqələri hazırlanıb, digər metodoloji sənədlər təsdiq edilib. Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək. 

Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin ölkə daxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub.

Əvvəlki siyahıyaalmadan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilən əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq.

Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları Siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək. Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub.

Müəllif: Ayna.az      1 Oktyabr 2019 09:32
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin