Energetik içkilərin reklamı qadağan olunsun - Millət vəkillərindən təklif

Energetik içkilərin reklamı qadağan olunsun -         Millət vəkillərindən təklif

Millət vəkili Q.Paşayeva  MM-in payız sessiyasında cəmiyyəti narahat edən məsələlərlə bağlı vacib təkliflərlə çıxış edib

 

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının ilk iclasında  Azərbaycan Respublikası MM-in payız sessiyasının inzibati işlər planı ilə bağlı müzakirələrində çıxış edərək təhsil kreditləri haqqında qanunun payız sessiyası zamanı müzakirəyə çıxarılaraq qəbul olunmasına çağırıb.

 

Millət vəkili bildirib ki, maddi imkanlarının aşağı olması üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən, xüsusilə rayonlardan, kəndlərdən olan gənclərin sayı artır.  Çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Bu il Tovuzdan ali məktəblərə daxil olan 15 gəncin təhsil haqqını ödəyə bilmədikləri üçün oxumaqdan vaz keçmək istədiyini deyən millət vəkili öz imkanları hesabına, müəyyən imkanlı şəxslərə və qurumlara müraciət etməklə həmin gənclərin təhsil haqlarının ödənişinə nail olduqlarını deyib.

 

"Təhsil haqqının ödənişi ilə yanaşı yataqxanaların sayının azlığı səbəbindən ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumalıdır. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər ki, bu bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik. Çünki bəzi ailələrin övladları orta məktəbdə nə qədər yaxşı oxusalar da, bu qədər çətinliyi görüb övladlarına ali təhsil verməkdən vaz keçirlər və bu cür insanların sayının artması bizi ciddi narahat etməlidir və təhsil kreditlərinin yüksək səviyyədə öz həllini tapması da bu cür ailələrin sayının artmamasına kömək edə bilər. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək. Mən təklif edirəm ki, bununla bağlı qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılsın”, -  deputat deyib. 

Musa Quliyev və Qənirə Paşayevadan energetik içkilərlə bağlı

Millət vəkili, eyni zamanda gələn ilin büdcəsinin müzakirələri zamanı ali təhsil məktəblərinin yataqxanalarının sayının artmasına, tikintisinə xüsusi diqqət yetirməyin və vəsait ayırmağın və qısa zamanda daha çox yataqxanaların tikintisinə vəsait ayırmağın vacibliyini vurğulayıb.

 

Q.Paşayeva qeyd edib ki, oxumaq arzusunda olan III qrup əlillər də müraciət edərək onların da təhsil haqqından azad edilməsini xahiş edirlər və III qrup əlillərin təhsil haqqından azad edilməsi məsələsinin yaxın zamanlarda öz həllinin tapması üçün müvafiq qurumlara və MM-ə çağırış edib. Deputat, III qrup əlillərin daha çox ali təhsil almasına meylliyin artması istiqamətində bu addımın ciddi stimullaşdırıcı, xüsusi rol oynaya biləcəyini deyib.

 

Millət vəkili 18 yaşına çatmamış uşaqlara energetik içkilərinin satışının qadağan edilməsi təklifi ilə bir daha çıxış edib. Energetik içkilərin açıq və gizli reklamının çox güclü aparıldığını və bunun  uşaqlarda və gənclərdə bu içkilərə aludəçiliyin artmasına əsas səbəblərdən biri olduğunu deyən Q.Paşayeva energetik içkilərin 18 yaşına çatmamış uşaqlara satışının qadağan edilməsi istiqamətində addımların atılmasına çağırıb. Eyni zamanda energetik içkilərin televiziyalarda, KİV-də reklamının uşaqlarda və gənclərdə onlara aludəçiliyə gətirib çıxaran əsas amillərdən biri olduğunu qeyd edən millət vəkili Q.Paşayeva bununla bağlı həmkarı Musa Quliyevin “Reklam haqqında” qanunda energetik içkilərin reklamının qadağan edilməsinin vacibliyi ilə bağlı təklifini dəstəklədiyini deyib və bununla bağlı zəruri addımların görülməsinə çağırıb.

 

Deputat “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin Milli Məclisdə payız sessiyasının gündəliyinə salınmasını yüksək qiymətləndirib və deyib ki, mütləq bu sessiya çərçivəsində bu qanunun qəbul edilməsinə ehtiyac var və onun müzakirəsi və qəbulunun gələn sessiyalara qalmaması, məhz bu sessiyada qəbul olunmasını minlərlə ailə gözləyir: "Bu qanun layihəsinin  qəbuluna ciddi ehtiyac var. Çünki bu qanun layihəsinin qəbulunu illərdir gözləyən insanlarımız, ailələrimiz var. Uzun illər övlad həsrəti ilə yaşayan insanlarımız bu sənədin qəbulunu səbrsizliklə gözləyirlər. Çox xahiş edirəm ki, artıq bu yöndə qanun layihəsi müzakirələrə çıxarılsın və qəbul edilsin, insanların intizarına son qoyulsun. Bu baxımdan, “Reproduktiv sağlamlıq haqqında” Qanunun payız sessiyasında qəbulu çox vacibdir”.

 

Q.Paşayeva, həmçinin Azərbaycanın işğal olunmuş torpaqları ilə əlaqədar xüsusi qanunun hazırlanmasının vacibliyini qeyd edib və bildirib ki, bu qanunun parlamentdə qəbul olunmasına ehtiyac var və bu, qanunun qəbulu bu sahədə xoşagəlməz halların qarşısının alınmasında önəmli addımlardan biri ola bilər.

Müəllif: Ayna.az      30 Sentyabr 2019 17:36
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin