Bizim cəmiyyətdə qadına fiziki toxunuş qadağandır – AXI NİYƏ?!

Bizim cəmiyyətdə qadına fiziki toxunuş qadağandır –         AXI NİYƏ?!

Və ya şəxsi probleminizi “Overton pəncərəsi”ndən mənim evimə soxmayın

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

... 1960-cı illərdə Türkiyənin Elazığ şəhər dəlixanasından 423 nəfər qaçır. O zamanın məşhur həkimi Mutemet bəy xəstəxananın baş həkimi idi. O, "mənə bir fit verin və arxama yapışaraq gəlin" deyir.

 

Həkim öndə, bir neçə şəxs arxasında qatar-qatar oynayaraq Elazığı dolaşır. Bütün dəlilər bu oyuna qoşulurlar. Xəstəxanaya gəldikdə isə, bu oyuna qoşularaq dəlixanaya qayıdan dəlilərin sayı 612 nəfər idi...

 

… Vallah, bizim millətə nəsə olub. 20 faiz torpağı işğalda olan, təhsili köklü islahatlara hamilə qalan, pensiyaçıları övladlarının əlinə baxan, İran kimi ətrafında “od qalanan” böyük bir problemlə qonşu olan bir dövlətin ictimai fikri bütün problemləri həll etmiş kimi, kütləvi şəkildə yalnız “qadın hüquqları”, “qadın zorakılığı” adlı Qərbdən içimizə yeridilən və artıq açılmış “Overton pəncərəsi”ndən evlərimizə Bakı küləyi kimi daxil olan nəsnələrin “həlli” ilə məşğuldur.

 

İslamı yalnız Qərbin gözü ilə tanımayanlar, bu dində qadın hüquqlarının hansı səviyyədə, hansı ucalıqda dayandığını yaxşı bilirlər. Azərbaycan cəmiyyətinin ana sütununu - ailə modelini dağıtmaq üçün 1990-cı illərin əvvəllərindən aparılan mübarizə, deyəsən öz məntiqi sonluğuna çatır. Axı niyə cəmiyyətin söz sahibləri olan, səsləri eşidiləcək insanlar bu məsələdə susurlar?! Axı niyə?!

“Qadınları qırırlar, zülm edirlər” harayına düşüb, sosial şəbəkələrdə axına dəstək verənlərin əksəriyyətindən fərqli olaraq, onlar bu prosesin Azərbaycanda nə ilə başa çatacağını yaxşı təsəvvür etməlidirlər, axı.

 

Mənə elə gəlir ki, qadın hüquqularının pozulması məsələsi son illər Hollivudun məşhur prodüseri Harvi van Şteynin skandalı ilə “xoda salındı”. 2017-ci ildə məlum oldu ki, sən demə, bu adam kinoya çəkdiyi və çəkmək istədiyi bütün qadınlara, yumşaq desək, “qarmaq atırmış”. O dəqiqə aləm qarışdı bir birinə: sosial şəbəkələrdə başlayan #MeToo teqli kampaniya geniş vüsət aldı.

 

Yazıq van Şteyni elə kökə saldılar ki, daha adam içinə çıxa bilmədi. Və hansısa qadına 20 il əvvəl söz atdığına görə bütün gördüyü yaxşı və şedevr sayıla biləcək işlərin dividendlərini də əlindən aldılar. Hətta sosial termin də yarandı bu bədbəxtin adı ilə: Vaynşteyn effekti - cinsi təcavüz və məşhurların hücumuna qarşı özəl ictimai ittihamların ardından müəssisə və qurumların kütləvi reaksiyasına səbəb olan bir fenomen.

 

Çarx işə düşmüşdü və yeni qurbanlar tələb edirdi – aktyor Kevin Speysi, komik Luis Si Key, rejissorlar Brett Ratner və Ceyms Tobak, komediya festivalının yaradıcısı Jilber Rozon, radioaparıcı Erik Salveyl, şef-aşpaz Con Beş, hətta dünyaca məşhur opera ifaçısı Plasido Dominqo və yüzlərlə müxtəlif sahələrdə uğur qazanmış insanlar. Sən demə, bütün “yaramazlar” illərlə qadınlara zülm edirmişlər və yalnız indi, hansısa “kukla idarə edənin” əmri ilə onların pislikləri geniş ictimaiyyətə məlum oldu...

 

Qadına qarşı zorakılıq YOLVERİLMƏZDIR! Amma Azərbaycan cəmiyyətində bunun ictimailəşdirilməsi də YOLVERİLMƏZDIR! Kimsə ərindən, atasından, qardaşından narazıdırsa, boşanmaq istəyən məhkəməyə, döyülən polisə müraciət etsin və məsələni hüquqi yolla həll etsin. Axı biz hüquqi, dünyəvi dövlətdə yaşayırıq. Daha öz problemini hansısa özünə məlum olan səbəbdən ictimailəşdirərək MƏNİM EVİMƏ soxmasın bu “Overton pəncərəsi”ndən. “Yol əhvalatı”ndakı Qurban dayı demiş, “ay oğul, evlənmək istəyirsən, get ZAQS-a da. Bura JEKdir!”.

 

Çox maraqlıdır ki, Azərbaycanda ailədaxili narazılığın ağsaqqallar vasitəsilə həll edilməsini də bu gün, az qala cinayət hesab edirlər. O zaman ağsaqallar ortaya düşür və problemi çözürdülər ki, AİLƏ dağılmasın, evin sirri çölə çıxmasın! Bu gün isə elə bil ki, hamı bir-birinin çirkli yorğan-döşəyində qurdalanmağı bir qəhrəmanlıq hesab edir. Buna qarşı çıxanları “zor tərəfdarları”, “cəmiyyətin inkişafını istəməyənlər” kimi qələmə verirlər.

 

Qarşı çıxanlar demiş, çox maraqlıdır ki, cəmiyyətdə baş verən AİLƏ modelinin dağılmasına qarşı çıxanlar arasında bir nəfər belə, populyar ictimai xadim, yazıçı, şair, alim, siyasətçi görmədik. Hətta, “hacı” titulunun daşıyıcıları belə, susdular. Hətta cəmiyyətin “radikal islamçılar” adlandırılan zümrəsi də bu Qərb projesinə qarşı səslərini çıxara bilmədi. Baxmayaraq ki, bizim cəmiyyətə yad olan bu ideyanın müdafiəçiləri arasında feministlərlə yanaşı, LGBT üzvləri, azad seks həvəskarları da var.

 

İndi Azərbaycanda nəinki küçədə, hətta öz evində belə, qadına bir məzəmmətedici söz demək, bir zamanlar dünyada qaradərililərə “neqr” deməkdən daha təhlükəli bir hala çevrilir. Belə getsə, bir müddətdən sonra işdən gələndə “Ay arvad, dur mənə çay ver” sözünü bir az sərt səslə deyən kişi, “mən qadınam deyə, mənə əmr edirsən!” cavabını eşidəcək. Obrazlı misaldır, amma buna doğru gedirik.

Ay “qrantoyedlər”! Axı siz də bilirsiniz ki, Azərbaycan ailəsində, ümumən götürəndə qadın hüququ təmin edilir. Sadəcə, o təminat siz istədiyiniz səviyyədə deyil. Azərbaycan ailəsində qadın evinin həm xanımıdır, həm qulluqçusu! Ən əsası, qadın - ANAdır!

 

Azərbaycanda idarəetmə sahəsindən tutmuş, biznesə qədər - bütün sahələrdə qadınlar var və onların rolu günü-gündən artır. Bu proses təbii yolla gedir. Hər sahədə qadın mütəxəssislər yetişdikcə, bir kadr olaraq layiqli yerlərini tuturlar. Daha "gender bərabərliyi" kimi saxta bir nəsnəyə görə yox. Bizdə qadınların cəmiyyətdə aktivləşərək, öz layiqli yerlərini tutması zəruri proses olaraq gedir.

 

Onu da qeyd edim ki, ailəmdəki bütün qadınların hamısı kollektivlərdə işləyir, evdə oturanım, sizin təbirinizcə desəm, “geridə qalanım” yoxdur. Özüm də dindar-falan deyiləm. Sadə, necə deyərlər, orta statistik azərbaycanlıyam. Odur ki, hansısa maraqlara görə, mənim də, özünüzün də balalarınızı, yəni gələcəyimizi bədbəxt etməyin! Və bu məsələdə iqtidar, müxalifət, nə bilim, daha hansısa cəbhələrdə olmaq yolverilməzdir!

 

Bəri başdan deyirəm ki, dediklərim zorakılığa çağırış-filan deyil – mən ictimai etirazdan danışıram. Kimin öz həyatını necə yaşaması, kişinin özünü qadın, qadının özünü kişi hesab etməsi və buna uyğun qaydalarla ömür sürməsi, hər kəsin şəxsi işidir, hüququdur. Amma bunu təbliğ etməyin! Sizin istədiyiniz - qrantlar hesabına açılan “Overton pəncərəsi”ndən içəri daxil olan “küləkdə” mən öz övladlarımı böyütmək istəmirəm! Sizin hüquqlarınız olduğu kimi, bu istək də mənim hüququmdur! Və siz tələb etdiyiniz kimi, mən də öz HÜQUQUMU həm tələb, həm də müdafiə edirəm.

 

P.S. Silvestr Stallone, Sandra Ballok və Uesli Snaypsın birgə çəkildiyi “Dağıdıcı” (Demolition Man) filminə yəqin ki, çoxunuz baxmısınız. Orada dondurulan və 36 ildən sonra, cani Saymon Fenikslə mübarizə aparması üçün donu açılan polis kapitanı Con Spartan özünə yad olan dünyaya öyrəşməli olur. Ona qəribə gələn çox şey var. Amma ən qəribəsi və xoşuna gələni - qadına ürəyini açması və onunla sekslə məşğul olmasına Lenina Hakslinin “artıq bizdə belə etmirlər” deməsi olur. Bu sözlərdən sonra Lenina onun və özünün başına bir cihaz taxır və onlar elektromaqnit impulsların köməyi ilə xəyali (virtual) ilişgiyə girirlər. Qadın izah edir ki, bizim cəmiyyətdə qadına fiziki toxunuş qadağandır...

Müəllif: Yoldaş Mircəfər      30 Sentyabr 2019 10:08
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin