Mehriban Əliyeva BMT-nin yardımını yüksək qiymətləndirib

Mehriban Əliyeva BMT-nin yardımını yüksək qiymətləndirib

Azərbaycanın Birinci vitse-prezidenti ilə Birləşmiş Millətlər Təşkilatı Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin ilə görüşüb

 

İyunun 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunda iştirak edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin ilə görüşüb.

AYNA AZƏRTAC-a istinadən xəbər verir ki, Mehriban Əliyeva Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunun ölkəmizdə keçirilməsi barədə verilən qərara görə minnətdarlığını ifadə edib və forumun nəticələrinin dövlət xidmətlərinin islahatları ilə bağlı proseslərə, bu istiqamətdə fikir və təcrübə mübadiləsinin aparılmasında iştirakçı ölkələrə faydalı olacağına ümid etdiyini bildirib.

 

Azərbaycanın BMT ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edən Mehriban Əliyeva Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkünə BMT tərəfindən göstərilən yardımı yüksək qiymətləndirib. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərə toxunan Birinci vitse-prezident ölkəmizin həm də bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb və Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunun da uğurla keçəcəyinə əminliyini ifadə edib.

 

Xoş sözlərə görə təşəkkür edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. Bakıda dövlət xidmətləri ilə bağlı növbəti Forumun keçirildiyini deyən Liu Cenmin bu Forumda xeyli sayda nümayəndənin iştirakının önəmini qeyd edib.

 

Azərbaycanda dövlət xidmətlərinin çox təkmil və yüksək səviyyədə həyata keçirildiyini bildirən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini bütün bu işlərin Azərbaycan Prezidentinin rəhbərliyi sayəsində mümkün olduğunu vurğulayıb. Liu Cenmin BMT-nin təşkilata üzv 193 dövlətlə birgə 2032-ci il üçün Dayanıqlı İnkişaf Məqsədləri gündəliyinin icrası ilə məşğul olduğunu qeyd edib və bu işdə dövlət xidmətlərinin səviyyəsinin təkmilləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Müəllif: Ayna.az      24 İyun 2019 15:20
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar