Azərbaycan paytaxtında mötəbər forum keçirilir

Azərbaycan paytaxtında mötəbər forum keçirilir

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb

 

İyunun 24-də Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.

 

AYNA xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib. Birinci vitse-prezident Mehriban Əliyeva Forumda çıxış edib.

Sonra BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin çıxış edib. Liu Cenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edib.

 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, İndoneziya Respublikasının Qunadarma Universitetinin rektoru və Özəl Universitetlər Assosiasiyasının vitse-prezidenti, professor xanım Eko Sri Margianti çıxış ediblər.

 

Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq.

 

Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.