“Sınıq körpü” gürcülərin də istifadəsinə veriləcək

“Sınıq körpü” gürcülərin də istifadəsinə veriləcək

Fariz Hüseynov: “Gürcülər də sözügedən məkanlardan istifadə edə biləcəklər, amma bərpa işləri, əsasən Azərbaycan tərəfindən aparılır”

 

Bərpasına ötən ilin sonlarında başlanılan “Sınıq körpü” (“Qırmızı körpü”) abidəsi üzrə müəyyən işlər artıq yekunlaşmaq üzrədir. Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən tarixi abidədə aparılan təmir-bərpa işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

 

Bu barədə AYNA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov məlumat verib. O, körpünün ətrafında yerləşən karvansarayalarla bağlı da danışıb.

“Körpüdə, daha doğrusu körpünün hər iki istiqamətində 2 ədəd karvansaray yerləşir. Körpü özü də kompleks olaraq bərpa olunacaq və karvansaraylarla birgə yeni formatda fəaliyyətə başlayacaq”, - nazirlik rəsmisi bildirib.

 

Hüseynovun sözlərinə görə, abidə bərpa olunduqdan sonra Gürcüstan tərəfi də abidədən istifadə edə biləcək: “Karvansaraylar tamamilə təmizlənib, səliqəyə salınıb. Ərazi əvvəllər avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdusa, artıq həmin ərazilərdən piyada keçidləri üçün istifadə olunacaq. Bildiyiniz kimi, abidə sərhəddə, neytral zonada yerləşir. Düzdür, abidə memarlıq üslubu baxımından tamamilə Azərbayacana məxsusdur, buna şübhə yoxdur. Lakin sərhəddə yerləşdiyi üçün Gürcüstanla razılaşdırılmış şəkildə bərpa olunur”.

“Yəni gürcülər də sözügedən məkanlardan istifadə edə biləcəklər. Amma bərpa işləri, əsasən Azərbaycan tərəfindən aparılır. Gürcülərin bu abidələr üzərində heç bir sahiblənmə iddiası yoxdur. Sadəcə abidə sərhəddə yerləşdiyi üçün, hər iki tərəfin də qarşılıqlı razılığına əsasən bərpa olunur”, - həmsöhbətimiz vurğulayıb.

 

Mətbuat katibi karvansarayın, fəaliyyətə başladıqdan sonra dünya əhəmiyyətli abidə statusu daşıyacağını və dövlət tərəfindən qorunacağını qeyd edib: “Bir sözlə, bu abidə özəl müəssisə olmayacaq. Daha doğrusu, hansısa ticarət obyekti kimi fəaliyyət göstərməyəcək. Lakin ola bilər ki, turistik cəhətdən müxtəlif rəsm qalereyaları, ya incəsənət nümunələrinin orda satışı olsun, amma ümumilikdə bu abidə tamamilə dövlətin nəzdində olacaq”.

F.Hüseynov diqqətə çatdırıb ki, abidədə təmir-bərpa işlərinin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub: “Ola bilsin ki, yekunlaşma prosesi 1-2 ay geciksin. Amma təmir işlərinin ilin sonunadək yekunlaşdırılması əsas planlardandır”.

Müəllif: Mərahim Nəsib      24 Sentyabr 2019 15:00
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin