Acı həqiqət: Hər 13 uşaqdan biri 5 yaşına çatmadan ölür

Acı həqiqət: Hər 13 uşaqdan biri 5 yaşına çatmadan ölür

Son 17 ildə ana və körpə ölümlərinin azaldığı bildirilir

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) uşaqlarda və hamiləlik dövründə ana ölümləri ilə bağlı qlobal azalma olduğunu açıqlayıb. AYNA xəbər verir ki, BMT-nin hesabatında, doğuş zamanı və hamiləlik dövründə ağırlaşmalar nəticəsində ölən qadınların sayının üçdə bir faiz azaldığı göstərilib.

 

Qeyd olunub ki, ana ölümlərinin sayı 2000-ci ildə 451 min idisə, bu rəqəm 2017-ci ildə 295 minə düşüb. Beş yaşınadək uşaqlar arasında ölüm 2000-ci illərin əvvəllərindən bu yana dünyada yarıya enərək, ildə 5.3 milyona düşüb. Bu ölümlərin yarısı yalnız körpələr dünyaya gəldikdən sonra ilk ayda baş verib.

 

Bundan əlavə, açıqlanan məlumatlara görə, son bir ildə, təxminən 7 min yeni doğulmuş körpə ölüb. Məlumatlarda ana ölümlərinin kəskin şəkildə azaldığı ortaya çıxıb. Lakin hələ də 800-ə yaxın qadın hamiləlik və ya doğuş zamanı ölür.

 

Qlobal miqyasda hamilə qadınlar və körpə ölümlərinin azalmasına baxmayaraq, ana və uşaq ölümlərinin artdığı 13 ölkə var. Bu ölkələrə vətəndaş müharibəsinin olduğu Suriyanı və iqtisadi böhranla mübarizə aparan Venesuelanı daxil etmək olar.

 

Afrika ölkələrində isə, xüsusilə Saxara bölgəsində vəziyyət daha ağırdır. Bu bölgədəki ölkələrdə hamilə qadınların ölüm hallarının 50 dəfə, körpələrin isə 10 dəfə daha çox olduğu vurğulanır. BMT-nin məlumatına görə, bölgədəki 13 uşaqdan biri beş yaşına çatmadan ölür. Bu nisbət Avropa ölkələrində 196 uşaqdan biridir.

 

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib ki, keyfiyyətli tibbi xidmətlərin hər kəsə əlçətan olduğu ölkələrdə ana və körpələrin ölüm sayı çox azdır.

 

UNİCEF (Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu) rəsmisi Henrietta H.Fore, əslində xoşbəxtlik hesab olunan doğuşun hər 11 saniyədə bir ailəyə faciə gətirdiyini vurğulayıb. Henrietta H.Foreyə görə, analara kömək edə biləcək bacarıqlı əllər, təmiz su, yetərli qida, zəruri dərmanlar və peyvəndlər ölümlə həyat arasındakı fərqi təyin edə bilir.

 

UNİCEF rəsmisi ana və uşaqların həyatlarını xilas etmək üçün səhiyyə sistemlərinə investisiya yatırılması ilə bağlı çağırış da edib. AYNA BMT-nin və UNİCEF-in bu məlumatlarına əsasən, Azərbaycanda qeydə alınmış ana və uşaq ölümlərinin sayını təqdim edir.

 

Dövlət Statistika Komitəsinin hesabatına görə, Azərbaycanda 2000-ci ildə 1896 körpə ölümü qeydə alınıb. 2018-ci ildə isə bu göstərici 1547 nəfər təşkil edib. 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə körpə ölümü şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub. Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edib. 2018-ci ildə şəhər yerlərində       1101, kəndlərdə isə 446 körpə ölüb.

 

5 yaşına qədər ölən uşaqların sayı 2000-ci ildə 3419, 2018-ci ildə isə 1825 nəfər təşkil edib. Bunlardan 1065-i oğlan, 760-ı isə qız uşağı olub. Bütövlükdə oğlan uşaqları arasında ölüm halları qız uşaqlarına nisbətən daha yüksəkdir.      

                 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 2000-ci ildə 44, 2018-ci ildə isə 17 nəfər təşkil edib.    

Müəllif: Mərahim Nəsib      21 Sentyabr 2019 15:04
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin