İlham Əliyev: “Neft-qaz sektorunun inkişafı bundan sonra da prioritet olacaq”

İlham Əliyev: “Neft-qaz sektorunun inkişafı bundan sonra da prioritet olacaq”

Prezident: ““Əsrin müqaviləsi”nin uğurlu icrası əhalinin məşğulluğunun təminində, yeni nəsil ixtisaslı neftçi kadrların hazırlanmasında, sosial infrastrukturun tamamilə yenilənməsində həlledici rol oynayıb”

 

Xəbər verdiyimiz kimi, sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev mərasimdə çıxış edib.

 

Azərbaycanın dünyada sənaye üsulu ilə, həmçinin dənizdə neft hasil edən ilk ölkə olduğunu vurğulayan dövlət başçısı, o vaxtdan bəri neftçilərimizin ölkənin iqtisadi qüdrətinin artırılmasındakı rolunu yüksək qiymətləndirib. Prezident 1990-cı illərin əvvəllərində, o vaxtkı rəhbərliyin səriştəsizliyi nəticəsində yaranmış iqtisadi-siyasi böhranın ölkəni ağır vəziyyətə saldığını və belə bir zamanda xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin uzaqgörənliyi və cəsarəti sayəsində Azərbaycanın xilas olması naminə göstərdiyi xidmətlərdən danışıb.

 

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasını tarixi hadisə adlandıran, o zaman qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün göstərilən səyləri xatırladan İlham Əliyev, həmin dövrdə riskli bir dövlət kimi tanınan Azərbaycana xarici investorları cəlb etmək üçün Heydər Əliyevin göstərdiyi sarsılmaz iradəni xüsusi qeyd edib.

 

“Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin sonrakı inkişafındakı və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasındakı həlledici rolundan danışan dövlət başçısı, neftdən əldə edilən gəlirlərin ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəltmək kimi əsas məqsədə nail olunduğunu vurğulayıb. Azərbaycanın karbohidrogen ehtiyatlarını xarici bazarlara çıxarmaq üçün çəkilmiş neft-qaz kəmərləri vasitəsilə ixrac olunan sərvətimizin ölkəyə gətirdiyi faydalardan bəhs edən ölkə rəhbəri, “Əsrin müqaviləsi”nin uğurlu icrasının əhalinin məşğulluğunun təminində, yeni nəsil ixtisaslı neftçi kadrların hazırlanmasında, sosial infrastrukturun tamamilə yenilənməsində, məcburi köçkün, şəhid və aztəminatlı ailələrin sosial problemlərinin həllində, Azərbaycanın kosmik ölkəyə çevrilməsində və respublikamızın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasındakı həlledici rolundan söz açıb.

 

Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun tərəqqisinə da təkan verdiyini deyən Prezident İlham Əliyev neft-qaz sektorunun inkişafının davamlılığının bundan sonra da prioritet olacağını bildirib. Dövlətimizin başçısı neftçilərə yeni uğurlar arzulayıb.

Müəllif: Ayna.az      20 Sentyabr 2019 15:14
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin