Bir neçə saat sonraya diqqət: “Aşırı gücdən qaçmaq, ehtiyatlı olmaq lazımdır”

Bir neçə saat sonraya diqqət: “Aşırı gücdən qaçmaq, ehtiyatlı olmaq lazımdır”

Tahir Süleymanov: ““Sevilya” ilə oyunda məğlubiyyət olsa belə, buna üzülməməliyik”

 

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan çempionu “Qarabağ”, Uefa Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq. “Qarabağ” turun ilk görüşündə Əndəlüs təmsilçisi “Sevilya” ilə nəticələrə aydınlıq gətirməyə çalışacaq.

 

Ardıcıl 6-dəfə avrokubokların qrup mərhələlərinə vəsiqə qazanan ağdamlılar, tura qələbə ilə başlamağa çalışacaqlar. Qrupun favoriti olan “Sevilya” isə bu mövsüm də avroliqanın favoritlərindən sayılır.

 

Görüşü AYNA-ya şərh edən futbol eksperti Tahir Süleymanov “Qarabağ”ın davamlı olaraq qruplarda çıxış etməsinə diqqət çəkib: ““Qarabağ” artıq ardıcıl 6-cı dəfədir ki, avrokubokların qrup mərhələlərinə vəsiqə qazanır. “Böyük beşlik” ölkələrinin top klubları ilə çoxsaylı qarşılaşmalarda iştirak edib və təcrübə qazanıb. İspaniya “Sevilya”sı da belə komandalardan biridir. Nəzərə almaq lazımdır ki, ispanlar üçün Avroliqa doğma, uğurlu və davamlı olaraq kubok qazandıqları bir yarışdır”.

Ekspert sözügedən oyuna, qrupun ilk oyunu olduğu üçün, sırf “Sevilya” ilə qarşılaşma prizmasından yanaşmağın doğru olmadığını bildirib: “Rəqibləri nəzərə alsaq, “Qarabağ”ın qrupdan çıxmaq perspektivinin olduğunu görərik. “Qarabağ”ın qrup ikinciliyini təmin etməsi üçün, APOEL, “Dudelanj” görüşlərində qazanılacaq nəticələr daha vacibdir. Əgər ilk oyun Lüksemburq təmsilçisi ilə Bakıda baş tutsaydı, tura daha sərfəli nəticə ilə başlamaq olardı”

 

T.Süleymanov, “Qarabağ”ın çempionat oyunlarına da münasibət bildirib: “Qışa kimi çempionat oyunlarını da nəzərə alsaq, çox sıx qrafik olacaq. “Qarabağ”ın gücünü qoruyub saxlaması çox vacib amildir. Lider “Sevilya”ya qarşı oyunlarda aşırı güc sərf edib zədələr, cəzalar almamaq üçün ehtiyatlı olmaq lazımdır. Çünki bu amillər və fiziki, psixoloji yorğunluqlar, APOEL və “Dudelanj” matçlarında ağdamlılara problem yaşada bilər. İspanlarla baş tutacaq matç, digər rəqiblərlə keçiriləcək oyunlar üçün yaxşı motivasiya, yüksək hazırlıq xarakteri daşımalıdır. Ona görə də strateji xəttin cızılması mütləqdir”.

 

““Sevilya” ilə oyunlardakı məğlubiyyət belə, nə “Qarabağ”ı, nə də azarkeşləri üzməlidir. Çünki rəqibin gücü də, səviyyəsi də hər kəsə bəllidir. Lakin qələbə, yaxud bərbərlik “Qarabağ” üçün daha əlverişli nəticə olar. Çünki bu nəticələr “Sevilya”nı rəqiblərindən daha çox xal qazanmağa vadar edəcək. Ki, bu da “Qarabağ”ın qrupdan çıxmasına şərait yaradan amillərdən biri olacaq. Lakin nəticədən asılı olmayaraq, klubumuza sonadək dəstək olmaq lazımdır”, - deyə ekspert əlavə edib.

 

Qeyd edək ki, yerli vaxtla 20:55-də başlayacaq oyun, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Müəllif: Mərahim Nəsib      19 Sentyabr 2019 17:50
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin