Keçmiş polis rəisindən həyəcan siqnalı: "Onun qarşısını alın"

Keçmiş polis rəisindən həyəcan siqnalı: "Onun qarşısını alın"

Mahmud Hacıyev: “Narkotik tacirləri hüquq-mühafizə orqanlarından cəld tərpənirlər”

 

Dünyada narkotik maddələrin müxtəlif növləri yayılıb. Bitki tərkibli narkotik maddələrdən başqa, süni yollarla istehsal olunan narkotik vasitələr də var. Zaman-zaman onların yeni formaları kəşf olunur və bu sahə üzrə mütəxəsislər hazırlanır.

 

Sintetik nakotikdən istifadə olunması isə artıq insanların bəlasına çevrilmiş tendensiyadır. Bəs sintetik narkotik ehtiyacı haradan meydana çıxıb? Səbəb belə narkotiklərin laboratoriyalarda süni şəkildə hazırlanması və daha ucuz başa gəlməsidir. Süni şəkildə hazırlanmış narkotiklərin artmasına bir səbəb də qazanca ehtiyacı olan kimyaçıların bu işə cəlb olunmasının asan olmasıdır.

Mövzunu AYNA-ya şərh edən keçmiş polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, hazırda dünyanın aparıcı ölkələrində narkotikdən istifadə edəni deyil, onun satıcısını tuturlar: “Narkotikdən istifadə edənlərə  xəstə kimi yanaşılır və onlar xüsusi narkoloji dispanserlərə yerləşdirilirlər. Bir müddət izolə edilmiş məkanda saxlanılır, reabilitasiya mərhələsi keçir və əksər hallarda normal həyata qayıdırlar”.

 

“İndi narkotik maddələrin satış formaları da dəyişib. İnformasiya texnologiyalarının inkişafı bu biznes sahiblərinin də pul qazanmaq imkanlarını artırır. İnternet vasitəsilə narkotik alış-satışı narkomaniya ilə mübarizəni çətinləşdirir. Narkotik satıcıları hüquq-mühafizə orqanlarından cəld tərpənirlər”, - deyə o bildirib.

Sintetik narkotiklərdən istifadəyə gəlincə, Hacıyevin dediyinə görə, tez-tez rusiyalı həmkarları ilə bu barədə müzakirələri olur: “Rusiya bizə qonşu olduğundan, Azərbaycandan ora gediş-gəlişin intensivliyi bizə də təsirsiz ötüşmür. Rusiyada xeyli sayda soydaşımız yaşayır. Sintetik narkotikdən istifadə Rostov, Tümen və Kirov vilayətlərində çox yayılıb ki, həmin yerlərdə də azərbaycanlılar çoxluq təşkil edirlər”.

 

Sabiq rəis statistikaya istinadən deyib ki, sintetik narkotik, daha çox 30-40 yaşlı insanlar arasında yayılıb: “Bu növ narkotik hazırda Rusiyada geniş yayılıb. Sintetik narkotiklərin istifadəsi insan orqanizminə, baş beyinə çox pis təsir göstərir. Sintetik narkotikdən istifadə ilə əlaqədar ölüm faktları da çoxalıb. Süni hazırlanmış narkotikdən cəmi iki dəfə istifadə etmək artıq güclü asılılıq yaradır, nəticədə beyin iflic olur və 90% funksiyasını itirir”.

 

“Ənənəvi narkotik maddələrdən istifadə isə insanda baş beyinin 30-40%-ni ələ alır. Bu məsələ təhlükəsizlik orqanlarımızın diqqətində olmalıdır. Bu, bir çağırışdır”, - deyə Mahmud Hacıyev vurğulayıb.

Müəllif: Raminə Eyvazqızı      20 Sentyabr 2019 12:56
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin