Keçmiş MTN zabiti: “O mafiyanı dağıtmaq lazımdır”

Keçmiş MTN zabiti: “O mafiyanı dağıtmaq lazımdır”

İlham İsmayıl: “Vəziyyət belə davam edərsə, arzuolunmaz hadisələr hər birimizin başına gələ bilər”

 

Uşaq oğurluğu, yaxud itkin düşməsi halları ilə bağlı tez-tez xəbərlər yayılır. Və ciddi təşvişə səbəb olur. Xüsusilə iyunun əvvəllərində paytaxtın Sabunçu rayonunda 3 yaşlı qızcığazın oğurlanaraq dilənçiliyə məcbur edilməsi faktı əksər valideynlərdə böyük qorxu hissi yaradıb.

 

Təbii ki, valideynlər narahat olmaqda haqlıdırlar. Çünki günün günorta çağı hansısa bir uşağın göz qırpımında qapılarının kandarından oğurlanması, həqiqətən də, böyük təhlükənin olmasından xəbər verir.

 

Bəs, valideynləri təşvişə salan bu təhlükənin aradan qaldırılması üçün kimlər və nə kimi tədbirlər görməlidirlər? AYNA-nın əməkdaşı cəmiyyəti narahat edən bu problemə aydınlıq gətirmək məqsədilə kiçik araşdırma aparıb.

 

Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri  Kəmalə Ağazadə  düşünür ki, belə halların baş verməməsi üçün uşaqlar valideynlərinin diqqət mərkəzində olmalıdırlar: “3 yaşlı Zəhranın oğurlanması valideynlərin məsuliyyətsizliyindən baş verib. Valideynlər uşağı 11 yaşlı bacısı ilə qoyub işə gediblər. 11 yaşlı qız da uşaqdır. Onu da aldadıb aparmaq olar. Belə halların baş verməməsi üçün valideynlər öz növbəsində uşaqlarına diqqət ayırmalıdılar, körpələri tək qoymamalıdılar”.