Jurnalistləri bir araya gətirəcək platforma təqdim olundu – VİDEO

Jurnalistləri bir araya gətirəcək platforma təqdim olundu –       VİDEO

Layihənin əsas funksiyalarından biri media işçilərinə peşəkarlıq baxımdan dəstək olmaqdır

 

Sentyabrın 17-də Bakıda “Central Park Hotel”də fəaliyyətini yenidən bərpa edən Bakı Mətbuat Klubunun (BMK) veb səhifəsi – pressklub.az saytının təqdimatı mərasimi baş tutub. Təqdimatı giriş sözü ilə açan BMK-nın həmtəsisçisi Arif Əliyev son dövrdə Azərbaycanın media məkanında gedən prosesləri müsbət dəyərləndirərək yeni yaradılan pressklub.az saytının bölmələri və funksiyaları haqqında məlumat verdi.

Bakı Mətbuat Klubunun saytı Azərbaycanın media professionalları ilə yanaşı, başqa ölkələrdə yaşayan və eyni sahədə çalışan həmvətənlərimizi, habelə Azərbaycana peşəkar maraq göstərən xarici jurnalistləri bir araya gətirəcək platformadır. O, ünsiyyət qurmaq, bilikləri artırmaq, fikir və təcrübə mübadiləsi aparmaq istəyən şəbəkə üzvlərinə hər cür şərait yaradır. Burada hər kəs ehtiyac duyduğu köməyi tapacaq. Klubun mühüm funksiyalarından biri də media işçilərinə professional baxımdan dəstək olmaqdır.

 

Sayta olan marağı tam təmin etmək, eləcə də, xaricdə yaşayan həmvətənlərimizin ünsiyyət qurması üçün yaradılan Forum bölməsi şəbəkə üzvlərinin birbaşa ünsiyyətinə şərait yaradacaq. Sayt Forum bölməsindən əlavə müxtəlif rubrikalar təklif edir:

Tədbirlər – Bakıdan nə qədər uzaqda olsanız da, Klubun keçirdiyi tədbirlərdə (mətbuat konfransları, müzakirələr və s.) iştirak edə biləcəksiniz;

 

Xəbərlər – Azərbaycanda baş verən, sizə də bu və ya digər dərəcədə aidiyyatı olan hadisələr barədə mütəmadi məlumatlandırılacaqsınız;

 

Eksklüziv – ən maraqlı, mühüm, bəzən diqqətdən kənarda qalan mövzularda əməkdaşlarımızın araşdırmaları ilə tanış olacaq, özünüz üçün də yeni mövzular əldə edəcəksiniz.

 

Xəritə – sizinlə eyni peşə sahibi olan həmvətənlərinizin hansı ölkələrdə yaşadıqlarını, harada işlədiklərini biləcək, onlarla necə əlaqə qurmaq barədə məlumat alacaqsınız;

 

Mediateka – professional maraq dairənizə aid olan mövzularda arayışlar alacaq, yeniliklərlə tanış ola biləcəksiniz: buraya KİV haqqında qanunvericilik, normativ aktlar, statistik məlumatlar, araşdırmalar, filmlər, kitablar daxildir. Ölkənin siyasi, iqtisadi, mədəni, idman həyatında, digər sahələrdə il ərzində planlaşdırılmış mühüm hadisələrin təqvimi, onlar barədə məlumatlar daim əlinizin altında olacaq. Xarici mediada Azərbaycan haqqında ən yeni materiallarla da tanış olacaq, öz məqalələrinizi, süjetlərinizi burada yerləşdirə biləcəksiniz;

Sorğu – Sayt sizə birbaşa xidmətlər göstərəcək. Dövlət orqanları tərəfindən sorğunuza operativ cavab lazımdırsa, o, sizin təmsilçiniz, görüş və ya müsahibə üçün razılıq almaq gərəkdirsə, vasitəçiniz olacaq. Hansısa ünvanla əlaqə yaratmaq, material hazırlamaq, akkreditasiyadan keçmək və s. kimi məsələlərdə çətinliyiniz yarandıqda isə sayt sizin məsləhətçiniz, köməkçiniz rolunu oynayacaq.

 

Sizi geniş əməkdaşlığa dəvət edir, [email protected] e-mail ünvanında arzu və təkliflərinizi gözləyirik.

Müəllif: Ayna.az      17 Sentyabr 2019 17:45
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin