"Mühacirətdə özünü yandırmaqdansa, vətənində vəziyyəti dəyişməyə çalış"

"Mühacirətdə özünü yandırmaqdansa, vətənində vəziyyəti dəyişməyə çalış"

İntihar hadisələrinin sayı gündən-günə artsa da, dövlət və ya qeyri-dövlət səviyyəsində heç bir iş görülmür

 

Mühacirətdə olan bəzi soydaşlarımızın, üz tutduqları ölkədən geriyə - Vətənə göndərilməmək üçün intihar əl atmaları, problemin səbəb və nəticələri barədə məlumat vermişik. Son belə hadisə ötən həftə Almaniyanın Hermeskeil şəhərində baş vermişdi. Orada, 34 yaşlı Emin Bağırov, Azərbayana deportasiya edilməmək üçün üzərinə benzin tökərək özünü yandırmışdı.

 

Almaniya dünya üzrə ABŞ-dan sonra əməkçi miqrantların ən çox məskunlaşdığı ölkədir. Belə ki, Almaniyanın əmək bazarı dünyada ABŞ-dan sonra ikinci ən populyar hesab edilir. Araşdırmalara görə, Almaniyaya əcnəbiləri iqtisadiyyatda olan dinamik inkişaf və başqa ölkələrlə müqayisədə ölkəyə gəlmək üçün mövcud olan yumşaq qaydalar cəlb edir. Almaniyada işləməyə daha çox bosniyalılar, albanlar, iranlılar, mərakeşlilər və tunislilər can atırlar.

 

Sirr deyil ki, Almaniyaya axın edən miqrantlar arasında azərbaycanlılar da çoxluq təşkil edir. Uzun illərdir Azərbaycandan Almaniyaya beyin axını mövcuddur.

 

Ancaq təəssüflər olsun ki, bir çox miqrant qəbul edən ölkələrdə olduğu kimi, son illərdə Almaniyada da əcnəbilərə birmənalı yanaşmırlar. Əksər əcnəbilərə Almaniyada yaşamaq üçün icazə verilmir, öz ölkələrinə və Dublin sazişinə əməl etmədiklərinə görə, viza aldıqları ölkəyə deportasiya olunurlar.

 

Bəzi azərbaycanlılar isə deportasiya edilmələrinə etiraz əlaməti olaraq intihara əl atırlar. Ya öz canlarına, ya da ailə üzvlərinə qıymaqla Azərbaycana göndərilmələrinin qarşısını ala biləcəklərini düşünürlər. Bəzən bu addım “işə yarasa” da, əksər hallarda effektli olmur. Yəni, intihar belə, onları deportasiyadan xilas etmir.

 

Baş verən intihar hadisələrinin saylarının gündən-günə artmasına baxmayaraq, həmin Azərbaycan vətəndaşları ilə bağlı dövlət və ya qeyri-dövlət səviyyəsində heç bir iş aparılmır. Əgər aparılırsa belə, effektiv deyil.

 

Almaniyada, ümumiyyətlə xaricdə yaşayan azərbaycanlıların deportasiya problemlərinə və bu səbəbdən intihara cəhd etmələrinə, xaricdə yaşayan soydaşlarımızla daim əlaqədə olan, onların problemlərini qələmə “Yeni Nəsil" Jurnalistlər Birliyinin və Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev və hazırda Amerikada yaşayan telejurnalist Qənirə Ataşova ilə AYNA tutmağa çalışdıq.

 

Arif Əliyev öncə qeyd edib ki, heç bir təzyiq və gözlənilən sonluq intihara haqq qazandırmır: “Hətta ölkədə yaşamaq nə qədər çətin olsa da, başqa ölkələrdə böyük əziyyətlər olsa da, bu formada Allaha asi çıxmaqda, öz həyatına qəsd etməkdə heç bir məntiq yoxdur”.

Картинки по запросу arif əliyev

A.Əliyev daha sonra qeyd edib ki, miqrasiya siyasəti bütün dünyada kəskinləşib, Türkiyədə, Avropada böyük problemə çevrilib: “Hətta İngiltərədə də miqrasiya məsələsi böyük problemdir, Amerikada sərhədlər boyu hündür divarlar tikməyə hazırlaşırlar. Bilirəm ki, buna baxmayaraq, çoxları ölkədən getmək istəyir, təəssüf ki, gənclər arasında axın var. Ancaq "əşyalarımı yığım, gedim başqa ölkəyə, orada məni qucaqlayıb qarşılayacaqlar" düşüncəsini atmaq lazımdır. Başqa ölkəyə getməklə bağlı seçim edərkən bu məsələyə çox ehtiyatla yanaşmaq lazımdır ki, sonradan intihar astanasına çatmaqla üzləşməyəsən”.

 

“Təbii ki, Almaniya dövləti öz sərhədlərini, cəmiyyətini qoruyur, hər gələni özünə inteqrasiya etmək istəmir. Bəzi ölkələrdə şovinizm münasibəti var, bəzilərində siyasi münasibət mövcuddur, bəziləri isə öz millətlərini qoruyur, çünki öz milləti asimilyasiya uğramaqdadır”, - deyə müsahibimiz əlavə edib.

 

A.Əliyevin fikrincə, ölkədən birinci növbədə beyin axını, ikinci növbədə isə vətəndaşların yaşamaq üçün, siyasi, sosial səbəblərdən ölkədən getməsi hakimiyyəti dərindən düşündürməlidir: “Baş verən son intihar hadisələri kifayət edir ki, özünə hörmət edən, cəmiyyəti üçün normal şərait yaratmaq istəyən dövlətdə bu, hökumət səviyyəsində müzakirə olunsun. Bununla bağlı maarifçilik işləri aparılmalıdır. Bunu tək hökumətin boynuna atmaq da olmaz. Hətta ölkədən getməyə daha çox səbəb görən müxalifət təşkilatları da bu maarifçilikdə iştirak etməlidir. Əgər ölməkdirsə, elə öz vətənində öl, başqa ölkədə özünü yandırmaqdansa, vətənində son qüvvənə qədər vəziyyəti dəyişməyə çalış”.

 

“Xaricdə heç kimə qucaq açmırlar, problemlər buradakından da çoxdur. Tanıdığım şəxslər var ki, siyasi mühacir kimi ölkədən gediblər. Uzun müddət orada insan haqlarının bir çoxundan məhrum olublar. İllərlə çox məhdud şəraitdə yaşayaraq cavab gözləməli olublar. Və yaxud qeyri-siyasi səbəblərdən gedənlər də var ki, burada həyatlarını təmin edə bilməyiblər, mənəvi cəhətdən müəyyən sədləri aşa bilmirlər deyə, qürbətə üz tuturlar”, - deyə A.Əliyev bildirib.

 

Müsahibimizin sözlərinə görə, bu problem ölkədəki jurnalistləri də düşündürməlidir: “Bunu çox ciddi, gələcəyə təsir edən problem kimi ortaya qoymalıyıq. Baş verənlər ayrı-ayrı insanların taleyi deyil, ümumi cəmiyyətin problemidir. Ölkədən ciddi şəkildə beyin axını mövcuddur, xüsusilə informasiya texnologiyaları sahəsində yüksək təhsil almış gənclərin böyük əksəriyyəti ölkəyə qayıtmaq istəmir".

 

“Bu, bir tərəfdən maarifçiliklə bağlı məsələdir, ikinci tərəfi isə insanların həyatına, psixoloji durumuna diqqət yetirməklə bağlıdır. Üçüncüsü, dövlətin özünün öhdəlikləri məsələsidir. Necə olur ki, bizim bir vətəndaşımız xaricdə həbsə düşəndə bütün ölkə onunla maraqlanır, təbii fəlakət baş verəndə KİV-dən tutumuş səfirliklərə qədər, hamısı ayaqda olur ki, təbii fəlakətdə zərərçəkənlərin arasında Azərbaycan vətəndaşı varmı. Bu problem isə ictimai fəlakətdir, bu məsələdə bizim dövlət, cəmiyyət olaraq məsuliyyətimiz var. Ona görə də bu problemlər bizi qat-qat artıq naraht etməlidir”, - o vurğulayıb.

 

Arif Əliyev düşünür ki, bu məsələlərlə dövlət səviyyəsində məşğul olmaq lazımdır: “Qərb miqrasiya siyasətini yaxın müddətdə dəyişməyəcək, çünki bu, onların maraqlarına uyğun deyil və həmin şəxslər onların vətəndaşları deyil, onların qarşısında heç bir öhdəlikləri yoxdur. Bizdə ərəblərin turist kimi çoxalması nə qədər problemlər yaratdı. İndi təsəvvür edin, miqrantlar, xüsusilə Suriyadan, digər ərəb ölkələrindən, həmçinin Afrikadan aclıqla bağlı gələnlər, MDB-dən gələnlər həmin ölkələrdə cəmiyyət üçün nə qədər problemlər yaradır. Ona görə də həmin ölkələr özlərini qoruyur”.

 

“Biz də öz millətimizi, özümüzü qorumalıyıq. Ona görə də miqrasiya problemləri, xaricə gedənlərin azaldılması, xüsusilə intellektual təbəqə üçün hər hansı dövlət proqramına ehtiyac var. Çünki bunlar səbəbsiz baş vermir. Gedənlərin 10-dan 2-si saxta sənədlərlə gedirsə, 9-u problemlər ucbatından qaçır. Bu, mental xüsusiyyətlərdən tutmuş, ciddi iqtisadi əsaslara malik olan problemdir”, - deyə tanınmış jurnalist fikrini tamamlayıb.

Картинки по запросу Qənirə ataş

Qənirə Ataşova da belə hadisələrin baş verməsinə çox təssüf etdiyini bildirib: “Bu, üzücü və insanlıq üçün utancvericidir. Heç kimi mühakimə etmək ixtiyarında deyiləm. Amma Azərbaycana dönməmək üçün özlərinə qəsd etmələrini Allaha qarşı üsyan hesab edirəm. Azərbaycan bizim vətənimizdir, daşı-torpağı babalarımızın qanı ilə yoğrulub. İnsanlar vətənlərinə dönməkdən qorxmamalıdırlar”.

 

“Amma vətəni idarə edənlər də vətəndaşı düşünməlidir. Sadə insan öz vətənində yaşamaq üçün iş və normal həyat şəraiti qazana bilirsə, onun yad ellərdə nə işi ola bilər ki? Deməli, onları ölkədən aparan səbəblər var”, - deyə telejurnalist qeyd edib.

 

Q.Ataşovanın sözlərinə görə, Almaniya ilə Amerika siyasi və iqtisadi quruluşuna görə tam fərqlidir: “Bu səbəbdən o cəmiyyətin daxilində yaşananları da dəqiq bilmirəm. Əmin olduğum bir nüans var, azərbaycanlılar çox zəhmətkeş, əməksevərdir. Tənbəllik bizim çoxumuza yaddır. Buna Azərbaycanda böyük kollektivdə işləyəndə əmin olmuşdum. Amma işçilər əməklərinin qarşılığını ala bilmirlər. Bütün bunların kökündə isə seçmək hüququnun olmaması dayanır. Nəticədə insanlar haqqı başqa ölkələrdə axtarmağa başlayırlar. Həmin ölkələrdə də bu, asan olmur”.

Müəllif: Rumiyyə Miraslan      19 Sentyabr 2019 20:10
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin