“Nə ata dəstəyi gördüm, nə qardaş... Ailəmi bağışlaya bilmirəm” - VİDEO

“Nə ata dəstəyi gördüm, nə qardaş... Ailəmi bağışlaya bilmirəm” -                  VİDEO

Gənc aktrisadan səmimi etiraflar: “Gözəl geyimdə qırmızı xalça üzərindən keçirsən, hamı səni alqışlayır. Təqdimat bitir, evə gəlirsən. Qapını açırsan və səni pişik qarşılayır”

 

Gənc və istedadlı aktrisa Zarina Qurbanova AYNA-nın qonağı olub. Bir çox filmlərdə baş rolu canlandırmış aktrisa şəxsi həyatı, karyerası, planları və ailəsi barədə danışıb.

 

“Bu sənət qadının şəxsi həyatına çox çətinliklər yaradır”

 

- Azərbaycanda gənc xanım üçün aktrisa olmaq nə qədər asandır?

 

- Azərbaycanda bir xanımın aktrisa olması çox çətindir. Aktrisa olmaq mənə zövq verir, çünki aktrisalıq arzum olub. Hazırda uşaqlıq arzuma çatmış gəncəm, düşünürəm ki, işimdə uğurluyam. Amma bu sahədə aktrisa kimi tanınmaq çox çətindir. Ən böyük çətinlik isə şəxsi həyatla bağlıdır. Qadın aktrisa hər kəs tərəfindən sevilə bilir, ona görə də bu sənət qadının şəxsi həyatında çox çətinliklər yaradır. Kənardan dedi-qodular çox olur. Bəzən işimiz gecə 02:00-da bitir. Evə gələndə anam sevinir ki, “qızımın üzünü gördüm”. Yəni qadın aktrisaların iş saatı çoxdur, günlərlə çəkilişlər olur.

 

Buna görə də şəxsi həyata, ailəyə ayırmağa zaman olmur. Cəmiyyət həm də aktrisaların oynadıqları obrazlarla şəxsi həyatını eyniləşdirir, çoxları düşünür ki, bu, aktrisaların əsl həyatıdır. Bu sənət cəmiyyət tərəfindən ciddi qarşılanmadığı üçün qadın üçün çox çətindir. Eyni zamanda hamı ilə münasibəti yaxşı saxlamaq naminə hər kəsin üzünə gülümsəmək, münasibət saxlamaq da çox çətindir. Bütün bunlar bəzən məni çox yorur...

- Bu çətinlikləri bilə-bilə sənətə gəlmisiniz?

 

- Nəslimizdə incəsənət adamı yoxdur. Cənub bölgəsindənik. Atam Həcc ziyarətində olub. Onlar müəllim olmağımı istəyirdilər. Mən isə aktrisa olmaq istəyirdim. Təbii ki, öz arzularımın arxasınca getdim. Həyat insana bir dəfə verilir, mən də bu həyatı istədiyim kimi yaşamalıyam.

 

Düzdür, valideynlərim deyirdilər ki, mənə çətin olacaq, ancaq inanmırdım. Bu sənətin içinə düşəndən sonra anladım ki, çox çətindir. Onu da deyim ki, valideynlərim bir neçə il mənim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuduğumu, aktrisa olacağımı bilmirdilər. Atam elə bilirdi ki, Azərbaycan Dillər Universitetində oxuyuram. Hər gün məni həmin universitetin qarşısına ötürürdü. Mən isə atamı yola salıb gedirdim təhsil aldığım universitetə. Bir müddət sonra isə sirrimin üstü açıldı. Evdə söz-söhbət oldu, amma məqsədimdən əl çəkmədim. Çətinliklər olsa da, sənətə sevgim məni bu yolda addımlamağa vadar etdi.

 

“Təbiət elə qurulub ki, hər kəsin əks cinsə ehtiyacı var”

 

- Zarina xanım tək sənətdə qazandığı uğurlarla xoşbəxtdir?

 

- Müəyyən mənada xoşbəxtəm, müəyyən mənada isə yox. Səhv eləmirəmsə, Merlin Manronun sözüdür, deyir: “Soyuq qış gecələrində karyeran səni isitməyəcək”. Bir filmə çəkilirsən, gözəl geyimdə qırmızı xalça üzərindən keçirsən, hamı səni alqışlayır, ünvanına təriflər yağdırılır. Təqdimat bitir və sən evə gəlirsən. Qapını açırsan və səni pişik qarşılayır... Təbiət elə qurulub ki, hər kəsin əks cinsə ehtiyacı var.

- Həyatınızın sevgisi ilə qarşılaşmamısınız?

 

- 17 yaşında, yəni birinci kursda oxuyanda öz qrup yoldaşımı sevirdim, amma münasibətimiz alınmadı. O, ailə qurmaq istəyirdi, mən isə karyera barədə düşünürdüm. Ona görə yollarımız ayrıldı. Bu gün də dostluq münasibətimiz qalır. Son illərdə isə bir sevdiyim insan oldu, artıq münasibətimiz evliliyə doğru gedirdi. Təəssüflər olsun ki, valideynləri aktrisa olduğum üçün bu izdivaca razılıq vermədi...

 

“Elə bəylər var ki, mənə yaxınlaşaraq aktyor olmaq istəyirlər”

 

- Sənət adamları onlara edilən sevgi etiraflarının arasından əsl sevgini necə ayırd edə bilirlər?

 

- Bu, çox çətindir. Bəzən yaxınlaşan insanın əsl niyyətini ayırd etmək mümkün olmur. Bəziləri düşünürlər ki, aktrisaların pulu çoxdur və maddiyyat güddükləri üçün yaxınlaşırlar. Elələri də var ki, aktyor olmaq məqsədilə aktrisalarla yaxınlıq etməyə çalışırlar. Düşünürlər ki, aktrisa ilə sevgili olsalar, rejissorlar onları qabağa çəkər. Bəylərin 60 faizi səmimidir. Ancaq mən keçmişin travamalarına görə şəxsi həyatımı bloklamışam. Artıq əks cinsin nümayındələrinə inanmıram.

 

- Aktrisanın irəli getməsi üçün şans olmalıdır, yoxsa gözəllik?

 

- Şans mütləqdir. Mənimlə eyni zamanda başlayıb, hələ də yerində sayan o qədər şanssız istedadlı gənclər var ki... Etiraf edirəm ki, mən şanslı biriyəm. O ki qaldı gözəlliyə, indi hamı eyni burunda, eyni dodaqda olur, kimə baxırsan, eyni sifətdir. Artıq rejissorlar obrazlara uyğun sifətli qız tapa bilmirlər, xüsusən də tarixi film çəkəndə. Çünki botokssuz, əməliyyatsız, təbii üz cizgiləri olan aktrisalar çox azdır. Əməliyyat olar, kameraya görə, o da cüzi həddə. Təbiiliyə üstünlük vermək lazımdır.

- Zarina 18+ filmə çəkilər?

 

- Yox, qətiyyən. Qınaqdan qorxuram.

 

- Aktrisa daim gündəmdə qalmalıdır?

 

- Aktrisa sənətiylə, gördüyü işlərlə gündəmdə qalmalıdır. Bəziləri isə sənət nümayiş etdirə bilmir, soyunub fotosessiya etdirir. Onu da sosial şəbəkələrdə paylaşırlar. İzləyicilər də həmin aktrisanı tənqid, təhqir edir.

 

“Mənə ata, qardaş dəstəyi olmayıb”

 

- Həyatda və ya iş prosesində ən böyük zərbəni kimdən almısız?

 

- Mən bir az yarımçıq insanam. Mənə ata, qardaş dəstəyi olmayıb. Buna görə də ailəmi bağışlaya bilmirəm. Tək hər şeyin öhdəsindən gəlmək heç də asan deyil. Bəzən çiyin axtarırsan ki, başını qoyasan, ancaq gözünü açıb görürsən ki, o çiyin də yoxdur. Çünki sən incəsənətdəsən, bu cameənin içindəsən.

 

- Qarşıda hansı planlarınız var?

 

- Hələ ki, heç bir filmə çəkilmək istəmirəm. Qarşıdakı mövsümdə özümü teatra həsr edəcəyəmm. Akademik Musiqili Teatrda səhnəyə çıxacağam. Teatrı çox sevirəm.

Müəllif: Təranə Xudabaxşiyeva      25 İyun 2019 10:08
Ayna TV bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar