Səudiyyə partlayışının “alovu” genişlənir: Azərbaycan üçün də risklər meydana çıxa bilər

Səudiyyə partlayışının “alovu” genişlənir: Azərbaycan üçün də risklər meydana çıxa bilər

Politoloq: “Şimal-Cənub axını nəqliyyat xəttinin ciddi problemlərlə üzləşməsi riski istisna deyil”

 

Xəbər verdiyimiz kimi, ötən həftə Səudiyyə Ərəbistanında “Armaco” neft emalı zavodu hücuma məruz qalmışdı və zavoda məxsus iki obyektdə partlayış baş vermişdi. Hücum Yəməndəki husi yaraqlıları tərəfindən həyata keçirilmişdi.

 

Səudiyyə hökuməti və ABŞ hadisənin arxasında İranın dayandığını iddia edir. ABŞ Prezidenti Donald Tramp bununla əlaqədar olaraq BMT-nin baş qərargahında İran Prezidenti Həsən Ruhani ilə görüşməyə hazırlaşır.

 

Baş verənləri AYNA-ya şərh edən politoloq İlqar Vəlizadənin fikrincə, son hadisə iki ölkə arasında müharibə işartısı ola bilər: “Bütün hallarda bu hadisə onu göstərdi ki, İranla Amerika Birləşmiş Ştatları və onun regiondakı müttəfiqləri arasında dolayı yolla müharibə gedir. Bu müharibənin əlamətləri də artıq açıq-aşkar özünü göstərməyə başlayıb”.

Politoloq husilərin bu hadisəyə özbaşına cəsarət edə bilməyəcəyinə diqqət çəkib: “Husilər maddi və texniki cəhətdən zəif olan kiçik qruplaşmadır. Bu qruplaşmanın bu cür raketlər əldə etməsi və uğurlu hücumlar aparması heç inandırıcı deyil. Çünki bunun üçün bacarıqlı mütəxəssislər və Səudiyyə Ərəbistanının raket əleyhinə sistemlərini aşa bilən qurğular olmalıdır. Məlum məsələdir ki, bu qurğular da milyonlarla vəsait tələb edir. Bu da onu göstərir ki, husilərin arxasında ciddi qüvvə dayanır. Husiləri dəstəkləyən qüvvə İran İslam Respublikasıdır. Bu baxımdan da ehtimal olunur ki, hadisənin arxasında, məhz İran dayanıb”

 

“Digər tərəfdən, bunu isbat etmədən əminliklə iddia etmək də düzgün deyil. İsbat olunmadan da İrana qarşı hansısa mütəşəkkil addımlar atmaq çox çətindir. Burada müxtəlif fərziyələr ola bilər. Çünki ciddi ittiham varsa, ortaya da ciddi faktlar qoymaq lazımdır. Ehtimallar üzərində real danışıqlar aparmaq çətindir”, - deyə siyasi şərhçi vurğulayıb.

 

İ.Vəlizadə sözügedən hadisənin Azərbayacana mümkün təsirlərindən də danışıb: “Çox güman, bu hadisəyə görə neft bazarında vəziyyət qarışmağa başlayacaq. Çünki “Armaco” böyük neft şirəkətidir. Neft bazarına külli miqdarda neft emal etməklə məşğuldur. Birdən-birə gündə bir neçə milyon barel neftin dünya bazarına çıxarılmaması, neftin qiymətinin qısa bir müddətdə artmasına səbəb olacaq. Əlbəttə ki, Azərbaycan da neft ixrac edən ölkə olduğu üçün, bunun Azərbaycana da müsbət təsirləri olacaq”.

 

“Lakin burda bəzi siyasi risklər də meydana gələ bilər. Belə ki, İrana qarşı sanskiyalar daha da ciddiləşə bilər. Bu baxımdan Azərbaycanın İranla ticari və iqtisadi münasibətlərinin məhdudlaşması mümkündür. Şimal-Cənub axını nəqliyyat xətti ciddi problemlərlə üzləşə, Xəzəryanı proseslərdə müəyyən gərginlik yaşana bilər. Bu da dolayısı ilə regional siyasətə mənfi çalarlar gətirə bilər”, - deyə politoloq əlavə edib.

Müəllif: Mərahim Nəsib      16 Sentyabr 2019 20:00
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin