Pensiyaçılar üçün yeni həyat başlayır – AXI NİYƏ?!

Pensiyaçılar üçün yeni həyat başlayır –         AXI NİYƏ?!

Və ya fenistil mazının reklamına paxıllığım gəlir

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

“Ata, artıq sənin üçün yeni həyat başlayır! Uğurlu yol! Bizə yaz. Bu qutunu isə özünlə götürməyi unutma”...

 

Bu sözlər hansısa dərman mazın reklamındandır. Kişi (evin babası) ömür boyu işlədikdən sonra pensiyaya çıxır və evdəkilərə deyir ki, bəs, daha mən yoruldum, indi pensiyamı da götürüb gedirəm dünyanı gəzməyə. Hə, yadıma düşdü. Babaya verilən qutudakı “Fenistil” mazı idi ki, tropik ölkələrə gedən zaman kişini ağcaqanad dişləsə, qaşınmasın.

 

Amma bunun bizim məsələyə dəxli yoxdur. O kişidə olan mazdan bizim apteklərdə doludur. Mənim yaxşı mənada paxıllıq elədiyim məsələ isə - öz xoşu ilə pensiyaya çıxan kişinin pensiya məbləğinin dünya turuna səyahətə çıxmaq imkanı verməsidir.

 

Məlum olduğu kimi, bizdə pensiya yaşı maksimum 65-dir. Yəni 65 yaşın olan kimi sənin, kimliyindən, hansı peşə sahibi olmağından, necə mütəxəssis olmağından asılı olmayaraq, “dalından dəyirlər”. İndi, hörmət eləsələr, gedəndə bir 15-20 manatlıq divar saatı da alıb verirlər sənin qoltuğuna. Yoxsa, eləcə 40 il əmək sərf etdiyin bir idarənin mühasibatlığında lazımi sənədlərə qol çəkdirib, suyun süzülə-süzülə göndərirlər evə.

Mən bir çox pensiyaçı tanıyıram ki, heç olmasa, 70 yaşına qədər işləmək arzusundadır. Və onlar bunu keflərindən etmirlər. Axı niyə insan 65 yaşdan sonra, yuxarıda deyilən dərman reklamındakı kişi kimi dünya turuna çıxmasın? Səbəb çox sadədir və bizim “trudoqolikliyimizlə” əlaqədar deyil. Çünki verilən pensiya nəinki dünya turuna, heç vaxtıyla doğulduğun torpağa gedib, valideynlərinin məzarına baş çəkməyə belə, imkan vermir. Baş çəkə bilərsiz, amma dediyim kimi, gərək gələn ayın pensiyasına qədər yeməyəsiz-içməyəsiz, işıq və qazı da bağlayasız ki, gəlib kəsməsinlər.

 

Qonşu Rusiyada vəziyyət bizdən bir az fərqlidir. Orada da pensiyalar yüksək deyil, amma bizdən xeyli fərqlənir. Dövlət bu pensiya ödədmələrini azaltmaq üçün hökümətin tərkibində pensiya yaşının 70-ə qaldırılması məsələsi ilə bağlı işçi qrupu yaradılıb. İndiki durumda kişilər üçün pensiya yaşı 65-ə, qadınlar üçün 63 yaşadək yüksəlib. Ümumiyyətlə, dünyanın bir sıra ölkələrində pensiya yaşının 65-dən yuxarı qaldırılması məsələləri müzakirə predmetinə çevrilir.

 

Mənə elə gəlir ki, bizdə də bu qərara yenidən baxsalar, əhali yalnız bunu alqışlaya bilər. Axı razılaşın ki, başqa sahələri qoyaq qırağa, həkim, müəllim kimi peşələrdə 65 yaşlı professionalları çıxarıb, yerinə pedaqoqika fakültəsinə test üsulu ilə təsadüfən düşmüş, keçid balı salındıqdan sonra tələbə partası arxasına oturmaq şansı almış insanları təyin etmək, bu millətin anasını ağlatmaqdan başqa bir şey deyil.

 

Yəni bunu bizim məmurlar bilmirlər? Axı niyə bizim məmurlar “görmürlər” ki, ildən-ilə azərbaycanlılar müalicə üçün İranı-Turanı, oxumaq üçün Avropa və Türkiyəni seçirlər.  Məgər azmı eşitmişik ki, burada xərçəng diaqnozu ilə İrana, Türkiyəyə gedən adam, orada dəqiq diaqnoz qoyulduqdan sonra yenidən “doğulub”? (Həkimlər mövzusuna ayrıca yazı həsr edəcəyik). Səbəb zorən pensiyaya çıxarılan insanların-mütəxəssislərin yerinə naşıların təyin edilməsidir. Və bu proses davam edəcək.

 

Xub! Tutaq ki, biz “gənclərə yol veririk” devizi ilə 65 yaşda hamını atdıq bayıra. Bəs ömrü boyu rüşvət almayan müəllim, həkim 250-300 manat pensiya ilə necə dolansın? Necə çıxsın bu dünya turuna? Odur ki, bu yazıq pensiyaçılarımız, heç olmasa daha 5 il işləmək istəyirlər ki, oğul-uşaqdan daha az asılı olsunlar, acından ölməsinlər. Amma görünür, bizim “seçdiyimiz” deputatlar belə fikirləşmirlər.

 

Saytlardan biri “Azərbaycanda pensiya yaşının 65-dən də yuxarı qaldırılması gündəmə gələ bilərmi?” sualı ilə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyevə müraciət edib. O da deyib ki, sən demə, Azərbaycanda 65 pensiya üçün tam normal bir yaşdır.

 

Cavabı sizə təqdim edirik: “Düşünürəm ki, bizim ölkə üçün 65 ən optimal yaşdır. Bunu nə aşağı, nə yuxarı çəkməyə ehtiyac var. Məncə, uzun illər bu yaşa toxunulmasına ehtiyac yoxdur. Deyək ki, Avropa ölkələrində pensiya yaşını 70-ə və daha yuxarı qaldırırlar. Həmin ölkələrdə ömür uzundur və insanlar da işləmək istəyirlər. Bizdə isə bu rəqəm real görünmür”.

 

Komitə üzvü bəzi insanların pensiya yaşına bir-iki il qalmış vəfat etməsindən sonra onların pensiyası ilə necə rəftar olunması ilə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, Sosial Müdafiə Fondu yeni qurulub: “Gərək bu Fonda kifayət qədər vəsait yığılsın ki, həm pensiyanı, həm sosial müavinətləri ödəsin, həm də dünyasını dəyişdikən sonra ailə başçısının pensiyasının onun ailəsinə ödənilməsi və s. məsələləri əhatə edə bilsin. Hər şey maliyyəyə bağlıdır. Gərək azularla imkanlar üstü-üstə düşsün”.

“Gərək azularla imkanlar üstü-üstə düşsün” – yaxşı sağlıqdır, Musa müəllim. Düz deyirsiz, bəli, bəzi Avropa ölkələrində insanlar işləmək istəyirlər, amma bu iş rahat rejimdə olur. Çünki, insan elə pensiya alır ki, o, işə yalnız vaxtını boş keçirməmək üçün, həm də əlavə gəlir əldə etmək üçün gedir. Bizdə isə acından ölməməkçün, pəncərədən Beynəlxalq Bankın bankomatında  növbə görən kimi, “pensiya gəldi” sədalarıyla qəpik-quruş almamaq üçün, ayın ortasına qızının-oğlunun əlinə baxmamaq üçün, onlara yük olmamaq üçün,  nəvəsini öpəndən sonra ona ürəklə bir onluq vermək üçün işləmək istəyir insanlar.

 

Ya bu insanlara elə bir pensiya verilməlidir ki, bir cümlə əvvəl dediyim problemlər aradan qalxsın, ya da imkan vermək lazımdır ki, insanlar işləsin. Axı  Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Azərbaycanda orta ömür müddəti qadınlar üçün 78 yaşdan, kişilər üçün 73 yaşdan çox göstərilir. Ömür də vəfa edir bu insanlara. Bəs hökumət?

Müəllif: Yoldaş Mircəfər      16 Sentyabr 2019 10:12
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin