Azərbaycanda müqəddəs yerlər boş qalır – SOS

Azərbaycanda müqəddəs yerlər boş qalır –       SOS

“Doktorant 150 manatla ailə dolandırsın, təhsil alsın, yoxsa aylıq maddi ehtiyaclarını ödəsin?”

 

Son zamanlar sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biri gənclərin magistr və doktoranturaya marağının azalmasıdır. Vətəndaşlar iddia edirlər ki, hətta bəzi fakültələrdə doktorant və magistr ixtisaslarının yerləri boş qalır. Xüsusilə ödənişli yerlərə marağın olmadığı bildirilir.

 

Məsələni AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, elm sahəsinə marağın azalması normal haldır: “Doktoranta 150 manat aylıq pul verilir. Bununla həmin gənc ailə dolandırsın, təhsil alsın, yoxsa aylıq maddi ehtiyaclarını ödəsin? Hələ yeni qayda çıxıb ki, doktorantlar xaricdə konfranslarda iştirak etməlidirlər. Ən əsası isə təhsil aldıqları müddətdə heç bir yerdə işləyə bilməzlər”.

“Doktorant 150 manatla qoyulan tələbləri reallaşdırsın, yoxsa maddi ehtiyaclarını ödəsin? Bu müddət ərzində yaradılan maneələri demirəm hələ. Məhz ona görə də bu gün Azərbaycanda 30 yaşlı elmlər doktoru yoxdur. AMEA-dakı alimlərin əksəriyyətinin yaşı 50 yaşdan yuxarıdır” – ekspert bildirib.

 

Əsədov hazırda AMEA-nın alimlərinin dünya miqyaslı kəşflərinin də olmadığını deyib: “Ola bilər ki, hansısa sahələr üzrə müştərək işlər olsun. Amma Azərbaycan alimləri qrant layihələrindən gəlir əldə edə bilmirlər. Məhz bütün bu maneələrə görə bu gün gənclər elmə gəlmirlər. Ən əsası isə universitetlər, institutlar, AMEA elmin qarşısında bir maneədir. Çin səddini keçmək olar, ancaq AMEA səddini əsla. AMEA-da rəhbər şəxslər öz yaxın adamlarının müdafiəsinə yardım edirlər”.

 

“Əslində ölkə Prezidentinə məruzə olunur ki, bu qədər perspektivli gənclərimiz var. Onların sosial həyatını yaxşılaşdırmaq lazımdır. Ölkə Prezidenti də maliyyə vəsaiti ayırır. Ölkə başçısı vəsaiti sosial durumu pis olanlara ayırır, ancaq bölgü zamanı həmin şəxslər nəzərə alınmır” - deyə müsahibimiz vurğulayıb.

 

Kamran Əsədov onu da bildirib ki, bu gün Azərbaycan elmində kəşflər edəcək, dünyaya səs salacaq, ölkəmizin adını ucalda biləcək çoxlu sayda gənc var: “Amma onlar ailə qura bilmirlər. Çünki evləri yoxdur. Onlara AMEA pul vermir, müdafiə etməyə qoymur. Müəyyən maneələr yaradırlar. Ancaq qohum-əqrabalarını AMEA-ya yığıblar”.

Müəllif: Təranə Xudabaxşiyeva      22 İyun 2019 13:35
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar