Bəy narkoman, yoxsa gəlin ruhi xəstə imiş - Şübhə yeri qalmamalıdır

Bəy narkoman, yoxsa gəlin ruhi xəstə imiş -       Şübhə yeri qalmamalıdır

Cəmiyyətdə tibbi müayinə paketinə yeni təkliflərin sorağı gəlir

 

Nikahdan qabaq icbari tibbi müayinə, əvvəlki illərə baxdıqda indi daha çox diqqət ayrılan məsələyə çevrilib. Müşahidələr göstərir ki, əvvəllər müayinə üçün can atanlar az idisə, indi mediada, ölkədə dövrü icbari tibbi müayinələrin nəticələri barədə çıxan məlumatlar, toya hazırlaşan cütlükləri buna təşviq edir.

 

Cəmiyyətdə tibbi müayinə paketinə yeni təkliflərin sorağı da gəlir. Tibb mütəxəsisləri toyqabağı tibbi müayinədə (qan analizində) başqa xəstəliklərin də qeyd olunmasını zəruri hesab edirlər.

 

AYNA-ya danışan həkim-nevroloq Mərziyyə Məmmədovanın fikrincə, sonuncu dəfə qan müayinəsində hepatitlərə görə yoxlanmanın aparılması nəzərdə tutulub ki, bu, çox vacib məsələdir: “Təklif edərdim ki, genetik müayinəyə də diqqət ayrılsın. Bunu konsultasiya formatında da etmək olar. Əslində, ailələr öz aralarında bəzi məsələri də həll edib, analiz aparmalıdırlar. Qohumluq evliliklərindən uzaq durmaq məsləhət görülür. Çünki bu məqam gələcəkdə doğulacaq uşaqların arasında xəstə olma ehtimalını artırır. Çox istəyərdik ki, toyqabağı tərəflərin, xüsusən bəylərin zərərli vərdişlərinin olub-olmaması da yoxlanılsın. Əsas da narkotestin keçirilməsi icbari tibbi müayinə paketinə əlavə olunsun. Bu, gələcək ailə birliyinin sığortalanmasıdır. Çünki bəzən qız tərəfi bəyin narkotik istifadəçisi olmasından toydan sonra xəbər tutur, bu da, sözsüz yeni ailənin gələcəkdə dağılması üçün zəmin yaradır”.

QİÇS-lə Mübarizə Mərkəzinin Qiymətləndirmə və monitorinq şöbəsinin rəhbəri Natiq Zülfüqarov isə AYNA-ya deyib ki, toya hazırlaşanlar icbari tibbi müayinə olduqları üçün, Mərkəzə yalnız infeksiyaya yoluxmuşlar haqqında məlumt verilir: "Daha sonra biz lazım olan işləri görürük. Bizim ixtiyarımız yoxdur ki, həmin ailələr haqqında əlavə məlumatlar yayaq. Çünki bu anonimlik bütün hallarda qorunmalıdır. Bəzən ailə üzvləri də müraciət edən, yoluxmuş xəstə barədə xəbərsiz olur. Çünki anonimliyin qorunması müalicə prosesinə də müsbət təsirini göstərir. Amma toya hazırlaşan cütlüklərdən birində QİÇS xəstəliyi və ya İİV aşkarlanıbsa, onların ailə qurmaq məsələsi arxa plana keçir. Çünki xəstəliyin yoluxma yollarından ən birincisi cinsi yoldur ki, bu da son müayinə nəticələrində say çoxluğu ilə özünü göstərir. Gənc oğlanların təsadüfi cinsi əlaqə zamanı xəstəliyə yoluxması da əsas problemlərdəndir".

 

"Bu arada qeyd edək ki, 2017-2018-ci illər ərzində QİÇS-lə Mübarizə Mərkəzinin apardığı profilaktik tədbirlər nəticəsində İİV-ə yoluxma ilə körpələr doğulmayıb. Virus daşıyıcısı olan analar hamiləlik zamanı xüsusi nəzarətdə olublar, dərmanlarla müalicə sayəsində sağlam 60-a yaxın uşaq dünyaya gəlib”, - deyə N.Zülfüqarov bildirib.

 

"İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin rəhbəri Ziba Nəbiyevanın sözlərinə görə, təşkilat tərəfindən viruslu hepatitlərin profilaktikası və bu mövzuda maarifləndirmə layihəsi həyata keçirilib: “Biz layihənin nəticəsi olaraq Milli Məclisə təkliflər paketi təqdim etdik. Hazırda icbari müayinədə sifilis, QİÇS (İİV), talassemiya xəstəlikləri nəzərə alınır. Parlamentin Səhiyyə komitəsində təkliflər paketi müzakirə olundu. Hazırda Ailə Məcəlləsinə yeni əlavələrin olması haqqında fikirlər səsləndirilir, ictimai müzakirələr davam edir. Yəqin ki, məsələ həllini tapar”.

 

Toya hazırlaşan gənclərin psixoloji vəziyyəti təkcə həkimlər tərəfindən deyil, həm də boşamağa əli öyrəşən hakimlər, hüquq müdafiəçiləri tərəfindən də narahatlıq doğurur. “Hec kəs öz qatığına turş deməz” deyimi ilə yanaşsaq, qohum olacaq ailələr də gəlinin, bəyin tam sağlamlığına əmindirlər. Təəssüf ki, toydan sonra ailə münasibətlərində tərəflərdən birində ciddi psixoloji problemlər olduğu ortaya çıxır. Hətta boşanma iddiası qaldıran tərəflər bir-birinə “ruhi xəstə” adı qoymaqdan çəkinmirlər. Bir tərəfdən də Azərbaycanda hələ də ailə psixoloquna müraciət mədəniyyəti formalaşmayıb.