“Azərbaycan təklifini verdi, sıra Ermənistandadır”

“Azərbaycan təklifini verdi, sıra Ermənistandadır”

Tofiq Abbasov: “Problem ondadır ki, ermənilər ümumiyyətlə kompromislərdən uzaqdırlar”

 

Xəbər verdiyimiz kimi, ötən günlərdə Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi həyata keçirilib. Kerç boğazı böhranından sonra həbs olunan 24 ukraynalı dənizçinin də aralarında olduğu əsir və girovlar dəyişdirilib.

 

Ermənistanın Baş Naziri Nikol Paşinyan da sosial şəbəkədə paylaşdığı statusunda Rusiya ilə Ukrayna arasında girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təqdir etmişdi. Bundan sonra Azərbaycanda belə bir fikir yaranmışdı ki, rəsmi Bakı Paşinyanın bu açıqlamasını fürsət bilib, “hamının hamıya” prinsipi ilə Ermənistan tərəfindən girov götürülmüş girovlarımızı (xüsusilə Dilqəm Əsgərovla Şahbaz Quliyevi), ölkəmizdəki erməni əsirlərlə dəyişdirməlidir.

 

AYNA əməkdaşı bu fikir ətrafında politoloq Tofiq Abbasovla həmsöhbət olub. O bildirib ki, əsir və girovların dəyişdirilməsi tək Kiyevin yox, Moskva ilə müştərək təşəbbüs idi: “Çünki bu dəyişikliyə qədər hər iki tərəfin arasında görüşlər və telefon danışıqları olmuşdu. Yəni prinsip etibarı ilə bu dəyişikliyi hər iki tərəfin ürəyincə olan bir proses kimi qələm vermək olar”

Paşinyanın girov mübadiləsini təqdir etməsinə gəlincə: “Təxminən, 1 il əvvəl Azərbaycan tərəfi, daha doğrusu Prezident İlham Əliyev Ermənistana təklif etmişdi ki, gəlin “hamının hamıya” prinsipi üzrə əsirləri dəyişdirək. Çünki bu, ümumi danışıqlarda da müsbət rol oynaya bilər. Ancaq faktiki olaraq Ermənistan tərəfi o məqamda belə bir təşəbbüsün reallaşmasına hazır olmadığını göstərdi və ondan dərhal sonra ziddiyyət doğuran bəyanatlar səsləndirməyə başladı”.

 

“Bu baxımdan, biz ermənilərin natarazlığı ucbatından digər analoji münaqişələrin də müqayisədə fərqli olduğunu görürük. Ona görə ki, ermənilər, ümumiyyətlə bu kompromislərdən uzaqdırlar. Habelə, bu, onların tək Azərbayacana deyil, ümumilikdə Türk dünyasına olan münasibətləridir. Qısası, Azərbaycanın, Türkiyənin, Gürcüstanın, İranın - bütün qonşuların bəxti onda gətirməyib ki, belə bir qeyri-adekvat qonşuları var”, - deyə siyasi şərhçi vurğulayıb.

 

Tofiq Abbasov əsirlərin dəyişdirilməsi ilə bağlı növbəti təşəbbüsün olub-olmayacağı ehtimalına toxunub: “Düşünürəm ki, indi Ermənistanın növbəsidir. İndi ermənilər bu təşəbbüsü səsləndirməli və boyunlarına almalıdırlar ki, vaxti ilə Azərbaycanın verdiyi təklifə özlərində cəsarət tapmayaraq cavab verməyiblər. Əgər həqiqətən, indi bu haqda danışmağa dəyirsə, o zaman Ermənistan tərəfi ilk addımı atmalıdır”.

Müəllif: Mərahim Nəsib      11 Sentyabr 2019 19:06
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin