Camaat “suyun önünü kəsən əjdaha”nın əlindən dad edir – SORĞU

Camaat “suyun önünü kəsən əjdaha”nın əlindən dad edir –     SORĞU

Bəs siz kommunal xidmət sektorunda fəaliyyət göstərən qurumların fəaliyyətini necə qiymətləndirirsiniz?

 

Əhaliyə kommunal xidmət göstərən dövlət qurumlarının fəaliyyəti daim tənqidlərə məruz qalır. Vətəndaşlar xidmətin arzuolunmaz səviyyədə olmasından tutmuş, sayğaclara müdaxilələrə qədər bir çox problemlərdən narazıdırlar.

 

AYNA əməkdaşı, kommunal xidmət sektorunda fəaliyyət göstərən qurumların fəaliyyətini necə qiymətləndirdiklərinə dair sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib. Beləliklə:

 

Savalan Talıblı: ““Azəriqaz” İstehsalat Birliyinin xidmətindən olduqca razıyam. Amma “Azərsu”nun xidməti bərbad vəziyyətdədir. Öz adıma deyə bilərəm ki, jurnalistlər üçün tikilmiş binada problem var idi. Mənim mənzilimə aid olan su sayğacı qonşuya, qonşunun da sayğacı mənim mənzilimə quraşdırılmışdı. Dəfələrlə “Azərsu”ya zəng edib irad bildirəndən sonra sayğacı dəyişdilər. Bu proses 10 gün çəksə də, məsələ tam həllini tapmadı. “Azərsu”nun sayğac səhvinə görə mən qonşunun sayğacından istifadə etmişəm. Buna görə 53 manat da cərimə yazıldı. Halbuki mənim balansımda 42 manat pul var idi”.

 

Rumiyyə Miraslan: “Yaşadığımız bina iki ilə yaxındır istifadəyə verilməsinə və su sayğacı quraşdırılmasına baxmayaraq, sayğac işləmirdi. Hər ay 10 manat (4 nəfər ailə üzvünə görə) supulu alırdı bizdən MTK. Yəni üzərində göstərilən rəqəmdən asılı olmayaraq 10 manatı ödəməliydik. İkinci aydır ki, sayğac üzərində göstərilmiş məbləği, yəni istifadə etdiyimiz suyun pulunu ödəyirik. Qaz sayğacında isə problem olduğundan şübhələnirəm. Çünki ildən-ilə istifadə etdiyimiz məbləğ artır”.

 

Bəşarət Məmmədov: “Yeni binalardakı özəl şirkətlərin xidməti bərbaddır. Burada “iş adamları” maliyyə fırıldaqçılığı ilə məşğuldurlar. "Kommunal xidmət" adı ilə hər ay sakinlərdən 30, 50, 80, 100, hətta 150 manat (binaya görə fərqlidir) vəsait yığırlar. Nə əsası var, nə də hüquqi tənzimlənməsi”.

 

Xatun Babazadə: “Biz AAAF Parkda yaşayırıq, 25 saylı küçədə işığı təzə təhvil verdilər “Azərişıq”a, su sayğacları quraşdırılıb, smart sayğaclar deyil, amma 2 il yaşamağımıza baxmayaraq hələ indiyə qədər “Azərsu”dan qəbz gəlməyib. MTK rəhbərliyi bu problemi “Azərsu”nun üstünə, “Azərsu” da öz növbəsində MTK rəhbərliyinin üstünü atır, arada biz sakinlər qalırıq. Qaz məsələsinə gəlincə isə, təzə işləməyə başlayıblar. Söz veriblər ki, bu il qaz olacaq, amma inanmırıq. Hər il olduğu kimi qazanxana ola-ola, bu il də bizə istilik verməyəcəklər”.

 

Elyar İslam: ““Azəristiliktəchizat”ın xidmətlərindən istifadə etmirik. Çünki mərkəzdə yaşasaq da, binamızda istilik sistemi Sovet dönəmindən sonra yenilənməyib. “Azəriqaz” qış düşən kimi bərbad fəaliyyət göstərir. Ötən il ən soyuq və şaxtalı qış günlərində qazı bütün gün kəsdikləri üçün, 28 dəfə etdiyim müraciət-şikayətlərdən heç birinə cavab vermədilər. Bundan başqa, “Azərsu” binaların üstündəki su çənlərini götürəndə suyu fasiləsiz və təzyiqlə verəcəyini söz versə də, sözünü tutmadı. Qışda su o qədər zəif gəlir ki, qızdırıcının gücü qazı yandırmağa çatmır və ötən il iki dəfə suqızdırıcı partlayıb. Onsuz da bu ölkədə hansı qurum normal xidmət göstərir ki, bu qurumlar da normal fəaliyyət göstərsin?! Mən əminəm ki, yenə də qışa hazır deyillər”.

 

Elşən Ağalar: ““Azəriqaz”ın yeni sayğaclaşmaya keçməsi təqdirəlayiq haldır. Lakin NFC sisteminin düzgün tətbiq edilməməsi problemlər yaradır. Qışda əhali daha çox əziyyət çəkəcək. "Azərsu"nun işindən razı qaldığımı deyə bilmərəm. Su təchizatında suyun keyfiyyəti, demək olar ki, aşağı səviyyədədir. Kommunal xidmət sektorunda razı qaldığım qurum isə "Azərişıq"dır””.

 

Mehman Cəfərli: ““Azəriqaz” işçilərinin hər ay evə girib sayğacı yoxlamalarından şikayətçiyəm. “Azəriqaz” bu duruma həll axtarmır. Düşünmürlər ki, vətəndaşları narahat edirlər”.

 

Şahin Abışov: “Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 6-cı massivdə yaşayıram. “Azərişıq”, “Azəriqaz”, “Azəristilik”dən çox da narazı deyiləm. Amma ən bərbad olanı “Azərsu”dur. Evimin qsrşısında ana xətt eyni yerdən dörd dəfə su buraxıb, gəlib asfaltı dağıdıb su borusuna yamaq vurub gedirlər. Bir ildən sonra yamaq çürüyür, su buraxır. “Azərsu”nun işçiləri yenidən asfaltı qazıb yamağı təzələyirlər. Sanki bu boyda idarənin 10 metr borusu, qaynaq aparatı yoxdur”.

 

Məhərrəm Əliyev: ““Azәrişıq” vә “Azәristiliktəchizat” sistemlәri normal işlәyir vә mәni qane edir. Amma “Azәriqaz” vә “Azәrsu” əhalini heç bir normativә cavab vermәyәn, camaatı zәhәrlәyәn su vә qazla tәmin edir. Elә bil, bunlar xalqa düşmәn gözü ilә baxırlar”.

Müəllif: Təranə Xudabaxşiyeva      11 Sentyabr 2019 16:36
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar