Uşaqpulu müzakirələrinə son qoyula bilər – Ya ALMAN modeli, ya İTALYAN

Uşaqpulu müzakirələrinə son qoyula bilər –       Ya ALMAN modeli, ya İTALYAN

Bir qrup insan uşaqpulunun maddi imkana görə verilməsini, digər kəsim isə hər kəsə şamil edilməsini təklif edir

 

Azərbaycanda hansısa məsələ ilə bağlı mövzu qoyulanda dərhal Almaniya ilə müqayisələr aparılır. Bir neçə gündür, ölkədə 2016-cı ildə ləgv olunan uşaqpullarının bərpası ilə bağlı təkliflər, istəklərin müzakirəsi davam edir.

 

Almaniyada yaşayan həmyerlimiz və orada yenicə, üçüncü dəfə ana olmuş Röya Rəfilinin AYNA-ya verdiyi məlumata görə, Almaniya vətəndaşları ayda hər uşağa görə dövlətdən 200 avroya (təxminən, 400 manat) yaxın pul alırlar, işləyən və dövlətdən yardım almayan miqrantlar da uşağa görə, təxminən bu qədər yardımla təmin olunurlar: “Buradakı əyalətlərdə vəziyyət bir qədər fərqlidir, yəni pulun məbləği ailənin vəziyyətinə münasibətdə fərqli ola bilər. Miqrantlara başqa dəstək də olur. Almaniyada hər qadın hamiləliyin 3-cü ayından yardım alır, bu, vitaminli dərman preparatlarla təminat üçündür. Hər qadın hər ay hamiləliyin sonunadək 60 avro alır. Uşaq doğulandan sonra da hər ay, təxminən 200 avro pul verilir”.

“Həmçinin dövlət miqrantlara uşaq doğulmazdan öncə də yardım edir. Uşaq arabası, hamiləlik geyimi, uşaq geyimi və gigiyenik məhsullar üçün də, təxminən 450-500 avro birdəfəlik yardım edilir. Uşaqpulu 18 yaşadək verilir. Burada, həmçinin xeyriyyə, yardım təşkilatları da hamilə qadınlara dəstək verir. Doğulacaq körpə üçün 1000 avroya qədər birdəfəlik yardım da olunur”, - deyə Rəfili bildirib.

 

Sözsüz, həmyerlimizin qeyd etdiyi alman modelində uşaqpulu məbləğinin bizim pulla nisbət fərqini yaxşı bilirik. Amma hər halda Azərbaycanda verilməsi təklif olunan pulun məbləği də ayrıca müzakirə obyektidir.

 

Mövzunu AYNA-ya şərh edən iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda 6 yaşadək uşaqların sayı, təxminən 1 milyon nəfərdir və ya bütün əhalinin 10%-ni təşkil edir: “15 yaşadək uşaqlar isə 2 milyon nəfər (bütün əhalinin 20%-ni) təşkil edir. Mümkündür ki, ilkin mərhələdə büdcənin imkanları nəzərə alınaraq 6 yaşadək uşaqlar üçün aylıq müavinətlərin verilməsi təmin edilsin. Hazırda sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlara verilən müavinətləri nəzərə almasaq, təxminən 300 min nəfərə yaxın uşaq müxtəlif təyinatlı aylıq sosial müavinətlər alır. Bu isə 18 yaşadək bütün uşaqların 10%-dən bir qədər çoxdur”.

“Yəni ölkədə hər 10 uşaqdan biri, ən yaxşı halda müntəzəm sosial müdafiə tədbirləri ilə əhatə olunub. 2017-ci ilin yekunlarına görə, müavinət alan uşaqların 90%-dən çoxu və ya 250 min nəfəri ünvanlı sosial yardım alan yoxsul ailələrin uşaqları olub. Hökumət 2018-ci ildə uşaqlar üçün yaşayış minimumunun aylıq dəyərini 154 manat müəyyən etmişdi. Müstəqil hesablamalara görə, yaşayış xərclərinin ən azı 75-80%-i insanların minimum fizioloji normalara uyğun ərzaqla, həmçinin minimum səviyyədə geyimlə təminatı xərclərini əhatə edir. Yəni 1 uşağın aylıq minimum qida və geyim təminatı üçün, təqribən 120-130 manat təşkil edir – illik xərc isə 1400-1500 manat. Ən azından 6 yaşadək uşaqlar üçün minimum ehtiyacların qarşılanması üçün qeyd olunan məbləğ əsasında təminat verilsə, bu, büdcə üçün, təxminən 120 mln. manat vəsait deməkdir”, - Ağayev bildirib.

 

Bununla belə, onun fikrincə, bütün uşaqlara həmin sosial müavinəti almaq hüququ verilməyə də bilər: “Məsələn, ailədə hər 2 valideyni işləyən və hər birinin rəsmi məvacibi ölkə üzrə rəsmi orta aylıq əmək haqqı və daha yüksək səviyyədə olan ailələrin, yaxud ailə başçılarından birinin rəsmi maaşı iqtisadiyyat üzrə orta aylıq məvacibin 2 mislindən çox olan ailələrin, ailə üzvlərindən ən azı birinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan ailələrin uşaqlarına bu hüquq verilməyə də bilər. Yəni hansı uşaqların dövlətin müntəzəm aylıq sosial müavinəti almaq hüququ qazanması və bunun meyarları ayrıca müzakirə edilə bilər. Bu halda büdcədən qeyd ediləndən daha az vəsait tələb edilə bilər”.

 

Qeyd edək ki, uşaqpullarının bərpası ilə bağlı məsələdə haçalanmış fikirlər var. Məsələnin həllində verilməsi nəzərdə tutulan pulun məbləğindən çox kimlərə verilməsi mübahisələr doğurur. Bir qrup insan uşaqpulunun şərait və maddi imkanlara görə verilməsinə üstünlük verir, aztəminatlı ailələrə mütləq verilməsi təklif olunur. Digər kəsim isə uşaqpulunun hər kəsə verilməsinin vacibliyini önə çəkir. Həmin kəsim hesab edir ki, bu, bir  hüquqdur və bərabər hüquqların təminatı üçün belə də olmalıdır.

 

Uşaqpulu ilə bağlı açılan müzakirələrə iqtisadçı-ekspert Vüqar Bayramov da münasibət bildirib: “Biz bu sahədə Azərbaycanda İtaliya modelinin tətbiqini daha məqəsədəuyğun hesab edirik. Belə ki, bəzi ölkələrdə uşaqpulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avro ödənilir. Ailənin gəliri artdıqca uşaqpulunun məbləği dəyişir. İtaliyada qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara uşaqpulu verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi baxımdan vacibdir”.

“Aydındır ki, Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaqpulu ciddi rəqəm hesab olunmaya bilər, amma 400 manat qazanan ailə üçün bu, əhəmiyyətli dəstəkdir. Yəni imkanlı ailənin uşaqpuluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır. Bu baxımdan, İtaliya modelində olduğu kimi, gəliri az olan ailələrin uşaqlarının sayına görə uşaqpulu alması daha məqsədəuyğn hesab oluna bilər”, - Bayramov vurğulayıb.

 

Ekspert hesab edir ki, bunun üçün Azərbaycanda gəlirlərin deklarasiyası haqqında qanunun qəbul edilməsinə ehtiyac var: “Kimin varlı və kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçuları daxil olmaqla, hamının gəlirlərini bəyan etməsi vacibdir. Bu, həm də şəffaflığın gücləndirilməsi baxımdan çox vacibdir. Bu zaman artıq sosial qayğıya və ya uşaq pulunu ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi mümkündür”.

 

“İkinci mərhələdə isə az gəliri olan ailələrə uşaqların sayına uyğun olaraq uşaqpulu formasında birbaşa ödəniş mümkündür. Bu, həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacib hesab oluna bilər. Bu baxımdan, uşaqpulunun bərpasında İtaliya modelinin tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm də gəliri az olan ailələrin uşaqpulundan faydalanmasına imkan verəcək. Qeyd edək ki, bu mexanizm ünvanlı sosial yardım ilə eyni deyil və birbaşa uşaq sayına hesablanmış modeldir. Bizim ilkin qiymətləndirməmizə görə, bu modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək. Bu, büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla, istehlak bazarında qiymət tarazlığını da pozmayacaq”, - V.Bayramov əlavə edib.

Müəllif: Raminə Eyvazqızı      11 Sentyabr 2019 12:42
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar