Dağlıq Qarabağ üçün həyəcan təbili – Təhlükəli ssenari işə düşür

Dağlıq Qarabağ üçün həyəcan təbili –       Təhlükəli ssenari işə düşür

“Beynəlxalq birlik Dağlıq Qarabağdakı idarəetmənin demokratikliyinə nail olmağa çalışır”

 

Ötən bazar günü işğal altında olan Dağlıq Qarabağda ermənilər “yerli idarəetmə orqanlarına” “seçkilər” keçirdilər. Bu seçkilərə 3 mənbədən verilən reaksiyanın analizi Azərbaycanın zərərinə olan çox ciddi situasiyanın yarandığından xəbər verir.

 

AYNA xəbər verir ki, bu fikirləri araşdırmaçı jurnalist Asəf Quliyev səsləndirib. Onun gəldiyi qənaətə əsasən, keçirilən seçkilərdə 3 reaksiya nəzərə çarpıb:

 

Birinci reaksiya - Dağlıq Qarabağda Bako Saakyan hakimiyyətinə ən qatı müxalif olan qüvvələr “seçkilərin” nəticələrini şərh edərkən “seçkinin” xalqın iradəsi ilə keçirildiyini vurğuladılar.

 

İkinci reaksiya - Azərbaycandan olan reaksiyalar bu “seçkilərin” qanunsuz olduğu barədə şablon bəyanatlarla yekunlaşdı.

 

Üçüncü reaksiya - Beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinin həllinə vəkil etdiyi ATƏT-in Minsk Qrupu “seçkilərin” keçirilməsində heç bir qəbahət görmədiyini bəyan etdi.

A.Quliyev bu üç reaksiyadan çıxan nəticələri isə belə sıralayıb:

 

1. Ermənilər Dağlıq Qarabağdakı idarəetməni legitimləşdirməyə girişiblər;

 

2. Beynəlxalq birlik Dağlıq Qarabağdakı idarəetmənin demokratikliyinə nail olmağa çalışır;

 

3. Dağlıq Qarabağdakı idarəetmənin demokratikliyinin dünya tərəfindən qəbul olunması Azərbaycan üçün ciddi zərbə olacaq;

 

4. Paşinyan çevrilişindən sonra Dağlıq Qarabağdakı idarəetmənin demokratikləşdirilməsi cəhdi Ermənistanın demokratik imicinə müsbət çalarlar əlavə edəcək.

 

Jurnalistin qənaətinə görə, ermənilər beynəlxalq birliyin dəstəyi ilə Azərbaycan üçün çox ağır nəticələri ola biləcək prosesə start veriblər: “Bəs bu situasiyada Azərbaycan hansı addımları atmalıdır? Hər şeydən əvvəl Azərbaycan işğal altında olan və Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi olmayan və etnik təmizlənmə aparılmış bölgələrdə “seçkilərin” keçirilməsini işğalın təzahür forması kimi dünya birliyinin diqqətinə daha ciddi formada çatdırmalıdır. Daha sonra 86 min nəfərlik Dağlıq Qarabağın Azərbaycanlı İcmasının hüquqlarının daha fəal qorunması üçün addımlar atılmalı və İcma rəhbərliyinin dünyanın beyin mərkəzlərində görüşləri təşkil olunmalıdır. Ardınca Ermənistanın Baş Nazirinin BMT-də çıxışından əvvəl bu istiqamətdə ciddi iş aparılmalıdır”.

Müəllif: Ayna.az      10 Sentyabr 2019 21:14
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar