Bakıda qətl belə "sındı” – VİDEO

Bakıda qətl belə "sındı” –             VİDEO

Məscidin qapısında Çevik Polis Alayının iki əməkdaşı təhlükəsizlik məqsədilə keşik çəkirdi

 

Bu gün Azərbaycanda Məhərrəm ayının 10-cu günü, yəni Aşura günüdür. AYNA əməkdaşı paytaxtın Yasamal rayonunda yerləşən Hacı Cavad məscidində təşkil olunan Aşura mərasiminə qatılıb.

 

İmam Hüseyn aşiqləri səhər saatlarından məscidə axışmağa başladılar. Məscidin qapısında Çevik Polis Alayının (ÇPA) iki əməkdaşı təhlükəsizlik məqsədilə keşik çəkirdi. Onlar gələnləri yoxlayır, sonra məscidin həyətinə daxil olmalarına icazə verirdilər. Məscidə gələnlərin özləri də təhlükəsizlik qaydalarına riayət edir, nizam-intizamlı şəkildə məscidə daxil olurdular.

 

Sonra mərsiyyələrin oxunmasına, sinə vurulmasına başlandı. Vaxt irəlilədikcə məscidə gələnlərin sayı artırdı. Artıq məscidin içində yer qalmadığı üçün, dindarlar həyətdə dayanıb, səsləndirilən mərsiyələrin fonunda sinə vurub, nalə çəkirdilər. Məscidin həyətində bir qrup gənc gələnlərə ehsan paylayır, dualar oxuyurdu.

 

Elə bu əsnada əllərimi sinəmdə hiss etdim. Mərsiyələrin ritmik ab-havasında özümü necə itirmişdimsə, dindarlara qoşulub zikr edib, sinə vurmağa başlamışdım.

 

Məscidin xidmətçiləri isə ən başda dayanıb dindarları coşdurur və bələdçilik edirdilər. Bir neçə azyaşlı uşaq da əzadarların arasında dayanıb, insanlara baxır və onların hərəkətini təkrarlayırdı.

 

Saat 12-də “qətl sındıqdan” sonra məscidə yığışanlar aram-aram seyrəlməyə başladılar.

 

Məscidə yığışanlar dedilər ki, hər il Aşura mərasimlərində gün ərzində davam edən qanvermə aksiyaları keçirirlər: “Əsasən imkansız, ehtiyacı olan insanlara yardım etməyə çalışırıq. Allah üçün əlimizdən nə gəlirsə, etməyə çalışırıq. Əgər hamı bu cür davranış sərgiləsə, cəmiyətimizdə də birlik, bərabərlik olar”.

Müəllif: Mərahim Nəsib      10 Sentyabr 2019 13:35
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar