Qəbələdə "ruhi xəstə" müəmması: YAP fəalı 22 il sonra "dəli" olduğunu öyrənib

Qəbələdə "ruhi xəstə" müəmması: YAP fəalı 22 il sonra "dəli" olduğunu öyrənib

"Sənədlərlə tanış olanda mənə məlum oldu ki, heç bir əsas olmadan, heç kimin müraciəti olmadan ruhi xəstə kimi qeydiyyata alınmışam"

 

Qəbələ rayon sakini, 1963-cü il təvəllüdlü iş adamı, “METAL-A” MMC-nin təsisçisi və direktoru Azər Ağamurad oğlu İsmayılov AYNA-nın redaksiyasına məktub göndərərk başına gəlmiş qəribə hadisə barədə məlumat verib.

 

Sahibkar iddia edir ki, onu, özünün də xəbəri olmadan, 1997-ci ildə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında ruhi xəstə kimi qeydiyyata alıblar. Dediyinə görə, o, məsələ barəsində bu yaxınlarda xəbər tutub: “2018-ci ilin iyununda mənə məxsus müəssisədə oğurluq oldu. Qəbələ Rayon Prokurorluğuna rəsmi müraciət etdim. Ancaq şikayətim təmin olunmadı. Qərarla tanış olanda mənə məlum oldu ki, 1997-ci ildən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin psixiatriya kabinetində “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdayam. Buna görə də ərizə yazmaq hüququm yoxmuş və yazdığım şikayət ərizələrinə baxılmayıb”.

 

Şikayətçi bildirir ki, bunu öyrənədən sonra, 06.08.2019-cu il tarixdə Qəbələ RMX-nin baş həkimi Sabir Bayramova rəsmi məktub yazıb: ““Psixatriya yardımı” haqqında Qanunun 7-ci maddəsinin 5-ci bəndinə əsalanaraq, mənə hansı əsaslarla, kimlərin müraciəti ilə ruhi xəstə kimi qeydiyyata alındığım, bu barədə rəsmi sənədləşmələr həyata keçirilib-keçirilmədiyi, harada və hansı müalicə kurslarını keçdiyim barədə yazılı məlumat verilməsini xahiş etdim. Məktubuma 20 avqust 2019-cu il tarixdə cavab alsam da, suallarıma heç bir cavab yazılmamışdı. Ancaq Sabir həkim deyir ki, mən ruhi xəstəyəm”.

 

“Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində sənədlərlə tanış olanda isə mənə məlum oldu ki, mən heç bir əsas olmadan, heç kimin müraciəti olmadan ruhi xəstə kimi qeydiyyata alınmışam. Qeydiyyata alınarkən heç bir rəsmi sənədləşmə həyata keçirilməyib. Heç bir xəstəxanada müalicə almamışam, heç bir müalicə kursu keçməmişəm. Qeydiyyatdan çıxmaq üçün Bakı Psixi Sağlamlıq Mərkəzindən rəy alıb, bunlara tədim etməliyəm. Əgər mən indiyədək hər hansı psixi xəstəliklə bağlı xəstəxanaya müraciət etməmişəmsə, nəyə görə Bakı Psixi Sağlamlıq Mərkəzinə müraciət etməliyəm?”, - deyə A.İsmayılov əlavə edir.

 

Sahibkar onu da iddia edir ki, bu, Qəbələ RMX-nin baş həkiminin qərəzli fəaliyyətinin göstəricisidir: “1995-ci ildən baş həkim işləyən Sabir Bayramov Prezidentin sahibkarlarla bağlı fərmanlarını tanımır, ölkə başçısına qarşı çıxır, vəzifə saxtakarlığına, vəzifədən sui-istifadəyə yol verir, sahibkarları bilərəkdən şantaj edir. Onun bu özbaşına əməlləri nəticəsində mən sahibkarlıq fəaliyyətimi inkişaf etdirə bilmədim. Biznesimə külli miqdarda ziyan dəydi, müəssisəmdə çalışan 20-30 nəfər işçi işsiz qaldı”.

 

Azər İsmayılov onu da qeyd edir ki, 1999-cu ildə Yeni Azərbaycan Partiyasının (YAP) Qəbələ rayon təşkilatının qurulmasında yaxından iştirak edib: "2000-ci ildən isə YAP-ın üzvüdür".

Şikayətçinin yazdıqlarını araşdırmaq məqsədilə Qəbələ RMX-nin baş həkimi Sabir Bayramovla əlaqə saxlamağa çalışdıq. Lakin baş həkim məzuniyyətdə olduğundan sualımızı baş həkimin müalicə işləri üzrə müavini Fikrət Cəfərova ünvanladıq.

 

F.Cəfərov isə A.İsmayılovun hansı şərtlər altında qeydiyyata alındığından xəbərsiz olduğunu bildirdi: “Bildiyim qədər, həmin adam 1997-ci ildə “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyata götürülüb. Həmin vaxt qeydiyyatın necə aparıldığını, müraciətin kim tərəfindən edildiyini deyə bilmərəm. Hər hansı şəxsin müraciəti olmadan, onu necə qeydiyyata götürə bilərlər, bunu da anlaya bilmirəm. Xəstəni qeydiyyata almaq üçün onun şəxsiyyətini təsdiq edən sənəddəki məlumatlar lazımdır, bunu da xəstənin özündən və yaxınlarından başqa kimsə poliklinikaya verə bilməz. Faktiki olaraq həmin şəxs xəstəxanamızda psixi xəstə kimi qeydiyyatdadır. Bir neçə il bundan öncə isə o, yenidən xəstəxanamıza müraciət edib və aşkarlanıb ki, həqiqətən də xəstədir”.

 

Qəbələ RMX rəsmisi onu da qeyd edib ki, A.İsmayılov psixi xəstə kimi qeydiyyatdan çıxmaq üçün mütləq ya Şəkiyə, ya da Bakıya getməlidir: ““Psixiatriya yardımı haqqında” Qanuna görə, məxsusi psixiatrik qeydiyyatda olan xəstələrin qeydiyyatdan çıxarılması üçün ancaq iri psixiatrik müəssisələrdə (kabinetlərdə yox) komissiyalar təşkil olunmalıdır. Və həmin şəxs o komissiyada müayinədən keçməlidir, psixoloji durumu qiymətləndirilməlidir. Xəstə deyilsə, bizə məktub göndəriləcək və biz onu qeydiyyatdan siləcəyik. Azər İsmayılova bunu təklif etmişik, ancaq heç bir nəticə olmayıb”.

 

Qəbələ MRX-nın Poliklinika şöbəsinin psixiatrı Pərviz Səfərli də AYNA-ya açıqlamasında, demək olar ki, F.Cəfərovun dediklərini təkrar edib: “Azər İsmayılov 1997-ci ildə qeydiyyata alınıb, mən isə 2017-ci ildən bu xəstəxanada işləyirəm. Onun hansı formada, kimin müaraciəti ilə qeydiyyata düşdüyü barədə məlumatım yoxdur. İşlədiyim müddətdə həmin xəstə bizə müraciət etdi və ona Bakıya getməsinin lazım olduğunu dedik. Ancaq imkanı olmadığını əsas gətirdi və biz də Şəki Rayon Psixiatriya Xəstəxanasına yönləndirdik ki, gedib müayinə olunsun və oradan sağlam olması barədə sənəd gətirsin. Həmin sənəd əsasında da onu qeydiyyatdan çıxaraq. O isə heç bir sənəd gətirmədi”.

 

“Biz demirik ki, hazırda o, xəstədir, sadəcə rəsmi qaydalar bunu tələb edir. “Psixiatriya yardımı haqqında” Qanuna görə, xəstə haqqında rəy verməyə bir psixiatrın haqqı yoxdur, bunun üçün, azı 3 psixiatrın rəyi olmalıdır. O, psixiatriya mərkəzlərindən birində müayinədən keçməlidir və psixoloji sağlamlıq barədə sənəd almalıdır. Həmin sənəd əsasında da poliklinikada qeydiyyatdan çıxarıla bilər”, - deyə psixiatr əlavə edib.

 

Məsələ barədə AYNA-ya danışan Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Akif Əsədullayev psixi sağlamlıq haqqında arayış vermək səlahiyyətlərinin olmadığını bildirib: “Biz xəstələrin qeydiyyata alınması ilə məşğul olmuruq, onlara yalnız stasionar xidmət göstəririk. O adam da bizdə qeydiyyata düşməyib, bizdə yatmayıb, müalicə almayıb. Ümumiyyətlə, bizdə belə xəstə olmayıb və yoxdur. Hətta bizə müarciət edənlərin siyahısında belə, o adamın adı yoxdur. Bizim rəy verməyə də səlahiyyətimiz çatmır. Rəy almaq üçün həmin şəxs məhkəməyə müraciət etməlidir və məhkəmə işi psixiatriya ekspertizasına göndərməlidir. Rəy ancaq bu formada alına bilər”.

 

Həkimlərdən aldığımız cavablar bizdə məsələ ilə bağlı bir neçə suallar doğurdu:

 

1. A.İsmayılova poliklinika şəraitində necə ruhi xəstə diaqnozu qoyulub? Xüsusi komissiyanın rəyi olmadan o, necə poliklinikada ruhi xəstə kimi qeydiyyata alınıb?

 

2. Həmçinin Qəbələ rayon təşkilatı 1997-ci ildən ruhi xəstə kimi qeydiyyatda olan şəxsi necə YAP sıralarına qəbul edib? Üstəlik, necə olub ki, belə bir ağır xəstə YAP-ın rayon təşiklatının quruculuğuna yaxından cəlb edilib?

 

Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürov AYNA-ya şərhində bildirib ki, hər hansı şəxsə poliklinika şəraitində psixoloji diaqnoz qoyulması mümkün deyil: “Poliklinikada psixoloji vəziyyəti qiymətləndirmək üçün dərin biliyə malik olan həkimlər yoxdur. Əgər poliklinika həkimi hər hansı şəxsdə psixi problem olduğunu ehtimal edirsə, həmin şəxsi iri psixoloji mərkəzə göndərməli, orada qeydiyyata alınmalı və nəzarətə götürülməlidir. Yalnız bundan sonra poliklinika həmin xəstəni qeydiyyata ala bilər. Hər hansı bir xəstəxanadan göndəriş, həmçinin xəstəxanada müalicə kursu keçdiyinə dair məlumat olmazsa, heç bir şəxsə poliklinikada ruhi xəstə diaqnozu qoyula bilməz”.