Küləkli Bakıdan dumanlı Toğanalıya – YOL XƏRİTƏSİ

Küləkli Bakıdan dumanlı Toğanalıya –       YOL XƏRİTƏSİ

Xüsusi qeyd: Əgər əraziyə bələd deyilsinizsə, çiskinli havada yola çıxmayın

 

Yay fəslinin son günlərini yaşayırıq. Fürsətdən istifadə edib bir neçə gün dincəlmək qərarına gəldik. Xarici ölkəyə getmək istərdik, amma mümkün deyildi. 2 yaşlı uşaq və maddi imkan... Beləcə ailəlikcə Azərbaycanın dilbər guşələrindən birində istirahət etməyə qərar verdik.

 

Öncə Quba-Qusar bölgəsinə getməyi düşündük. Birdən xatırladıq ki, Quba yolunun təmirini AAYDA neçə ildir yekunlaşdıra bilmir. Kələ-kötür yollarla gedib avtomobili dağıtmaq istəmədik. Axı həmin yollar böyrəkdəki daşı belə, salacaq iqtidardadır.

 

Üz tutduq Göygölə. Yaxın dostlarımız da Toğanalı kəndini çox tərifləyirdilər. Həqiqətən də təbiəti tərifəlayiqmiş. Amma...

 

Toğanalı kəndində cəmi bir yerdə kasıbyana istirahət üçün nəzərdə tutulan ikimərtəbəli iki ədəd taxta ev var. Onların da günlüyü 50 manatdan hesablanır. Üstəlik, yerlər məhdud olduğu üçün bir neçə gün öncədən zəng edib taxta evlərdən birini saxlatmalısınız. Orada yer tapmasanız, digər kəndlərdə kirayə ev axtarmalı olacaqsınız.

 

Amma Hacıkənddən başlayaraq Toğanalıya kimi “N” sayda istirahət mərkəzləri var. Onların qiyməti şəraitinə və yerinə görə dəyişir. “N” saylı dedim, yadıma ərazidə yerləşən “N” saylı hərb hissə düşdü. Əraziyə çatan kimi telefonlarımıza mesaj gəldi ki, “bu ərazidə olan hərbi hissə haqqında məlmatları gizli saxlayın”.

 

Bakıdan Toğanalıya getmək üçün 4 saat vaxt lazımdır. Hava şəraiti pis olarsa (yəni yağış, duman və s), işinizi bir qədər çətinləşdirə bilər, nəticədə daha gec mənzil başına çata bilərsiniz.

 

Bir azərbaycanlı istirahətə gedən zaman nə düşünür? Görməli yerləri gəzmək? Əlbəttə, yox. Öncə həmin əraziyə xas olan milli yeməklərlə maraqlanır. Etiraf etməliyik ki, gedəcəyimiz yerlərdə “haranı görə bilərik” sualından öncə, “nə yeyə bilərik” sualını veririk. Biz də adət-ənənəni pozmadıq.

 

Bizə Toğana kəndində, Qurban kişinin yolun üstündə yerləşən ailəvi istirahət mərkəzini məsləhət gördülər. Getdik. Dadlı yeməkləri və ucuz qiymətləri bizi heyrətləndirmişdi. Sadə kənd uşaqlarının bizə qulluğunu isə ailəliklə bəyənirdik. Onların tərbiyəsi və mədəniyyəti, işə diqqətləri kaş ki, şəhərin bəzi bahalı restoranlarında da olaydı...

 

Bura yolunuz düşsə, iki nəfərə 18 manata səhər yeməyi, 20-25 manata günorta və ya axşam yeməyi yeyə bilərsiniz. Toğanalı kəndinin təbiətinə və havasına isə söz ola bilməz.

 

Kənddən bir az yuxarıda Göygöl qoruğu yerləşir. Qoruğa daxil olmaq üçün bilet almalısınız - adambaşına 2 manat. Maşına görə isə, əlavə 1 alırlar. Yeni çəkilmiş asfalt yolla rahat şəkildə qoruğun içi ilə Göygölə çatacaqsınız. Göygölə çatmamış parkinq var. Orada avtomobili saxlayıb, qalan yolu piyada getməlisiniz. Amma qoruğun içində olan istirahət mərkəzlərində qalan turistlər, sizdən fərqli olaraq, gölün yaxınlığına kimi avtomobillə gedə bilərlər.

 

O ki qaldı Göygölün gözəlliyinə, onu sözlə ifadə etmək mümkün deyil. Suyu o qədər təmiz idi ki, gölün dibi görünürdü. Adam suyun duruluğundan suya atılıb çimmək istəyir. Suyun üzündə üzən ördəklər, ququşuları gölə xüsusi gözəllik qatırdı. Dağdan gələn duman da Göygölə bir başqa gözəllik verirdi.

Maragölə çıxmaq üçün xüsusi avtobuslarla minib 7 kilometr yol qət etməlisiniz. Bunun üçün avtobusa adambaşına 2 manat ödəyəcəksiniz. Oradan geri də yenə 2 manat verib geri qayıdacaqsınız.

 

Təəssüflər olsun ki, havanın dumanlı olması bizi Maralgölün gözəlliyini görməyə imkan vermədi. Qoruğa xüsusi nəzarət olduğundan təmiz idi. Orada uşaqları da unutmamışdılar. Balaca bir park valideynləri ilə istirahətə gələn uşaqları sevindirirdi.

 

Mövsümün sonu olduğundan artıq havalar soyumuş, duman dağları və gölün üzərini tutmuşdu. Xüsusilə, həmin əraziyə bələd deyilsinizsə, bizim kimi gecə dumanlı havada yola çıxmayın. Əks halda səyahətiniz arzuolunmaz şəkildə nəticələnə bilər.

 

Həmin əraziyə xas olan qaymaqlı kətə (qutab) yemək üçün axşam dumanlı havada Hacıkəndə düşdük. Nə biləydik ki, qaranlıq tam düşəndə burada dumandan göz-gözü görməyəcək. Geri qayıdanda nə duman üçün nəzərdə tutulan işıqlar, nə də yaxın işıqlar yolu görməyə kömək edirdi.

 

Bir az getmişdik ki, yoldan çıxdıq. Bəxtimizdən uçurum tərəfdə deyil, dağlıq tərəfdə idik. Qərara aldıq ki, bu yola bələd olan başqa bir sürücünün arxasınca gedək. Qarşıda 4-5 avtomobil qəza işıqlarını yandıraraq aşağı sürətlə (10-20 km/saatla) Toğanalıya doğru gedirdi. Xoşbəxtlikdən bizdən qarşıdakı “Niva”nın sürücüsü əraziyə bələd adam idi. Onun arxasınca düşüb mənzil başına çatdıq.

 

Ətraf duman və yağış idi. Artıq belə havada istirahət etmək mümkün deyildi. Səhər açılan kimi dumanlı və yağışlı havada Toğanalı ilə sağollaşıb küləkli Bakıya tərəf yol aldıq. Bir də o yerlərə getmək arzusu ilə...

 

P.S. Bu arada, Toğanalı kəndində bizi təəssüfləndirən bir məqam oldu. O da Kürəkçayın bir qolunun Toğanalı kəndindən keçən hissəsinin dəhşətli dərəcədə zibilli olması idi. Sanki kənddə olan bütün zibillər çaya atılmışdı. Bu mövzuya gələn yazılarda qayıdacağam.

Müəllif: Təranə Xudabaxşiyeva      11 Sentyabr 2019 10:13
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin